Zakir Həsənov: "Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir"
10:14 26-06-2014
CƏMİYYƏT
Zakir Həsənov: "Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir"
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ordudakı kadr islahatlarından danışaraq deyib ki, Silahlı Qüvvələrin kadr siyasəti Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının göstəriş və sərəncamları, müdafiə nazirinin əmr və direktivlərinə uyğun olaraq yerinə yetirilir.
Bəli, savadlı, bacarıqlı və müasir döyüş üsullarının icrasına yiyələnmiş, eyni zamanda, milli adət-ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmuş və yüksək döyüş əzminə malik kadrların yetişdirilməsi Silahlı Qüvvələrin rəhbərliyinin diqqət mərkəzindədir.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və planlı surətdə təlimlərin keçirilməsindən çox asılıdır. Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun olaraq aparılan kadr siyasətinin əsas məqsədi qoşunların yüksək hərbi hazırlığa malik zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsindən ibarətdir.
Ölkənin müdafiə qabiliyyətinin artırılmasının əsas istiqamətlərindən biri hərbi kadrların təhsili, onların intellektinin inkişafı məsələsidir. Bu gün Silahlı Qüvvələrimizdə güclü potensiala malik xüsusi təyinatlı tədris müəssisələrimiz mövcuddur və orada müasir standartlara uyğun şəkildə zabit kadrları hazırlanır.
Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında həyata keçirilir.
Silahlı Qüvvələrimiz üçün milli zabit kadrlarının hazırlanmasında hərbi təhsil müəssisələrinin işinin yenidən qurulması zəruridir. Elə bu məqsədlə də 1997-ci ildən başlayaraq, Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqramın tətbiq edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün daha bacarıqlı, peşəkar və ümumi hazırlığı yüksək olan zabit kadrlarının yetişdirilməsinə şərait yaratmışdır.
Milli zabit kadrları hazırlanmasının əsası isə 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə qoyulmuşdur. Bu gün məhz bu Liseyin məzunları Silahlı Qüvvələrimizin zabit heyətinin əsas hissəsini təşkil edir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə qəbul həyata keçirilmişdir. Hərbi Akademiyanın Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini yüksək səviyyədə keçirmək məqsədilə yeni kompyuter proqramı tətbiq edilmişdir.
Təhsil müəssisələrinin professor və müəllim heyəti ABŞ-ın, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə planauyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır.
Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı 253 nəfər, Azərbaycanda təhsil alan xarici ölkələrin (Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi qulluqçularının sayı 37 nəfərdir.
Silahlı Qüvvələrimizin tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.
Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiyada "Müdafiə strategiyası və planlaşdırılması" adlı yeni fənn tədris proqramına əlavə edilmişdir.Nazir həmçinin qoşunların təmas xəttində baş verən insidentlərə münasibətini bildirib:-"
Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, atəşkəs rejimini daim pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur.
Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar.
Qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürürlər. Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar".
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22