Kiçik və zavallı iqtidarın böyük dərdləri
10:16 26-06-2014
CƏMİYYƏT
Kiçik və zavallı iqtidarın böyük dərdləri
Babilistanda məmurların təyinatı hökmdarın istəyi ilə yanaşı, vəzirlərin və əyanların təqdirindən sonra gerçəkləşərdi. İnanna tanrısının məbədlərinin yerləşdiyi Eana torpaqlarındakı məmurlar rüşvət almağa və "aşaq-en" ərazilərindəki işlərə yalnız pul alandan sonra adamları göndərməyə adət edəndə babillərin tənəzzülü başlandı.
Möhtəşəm imperiyanın şumerlərin hücumundan əvvəl çökməyə başlamasının səbəbi də bu idi.
Böyük Babilistandan fərqli olaraq Puyo dövləti çox kiçikdi. Koreya yarımadasındakı Ennabu, Xvannabu, Kvarubu, Çenabu və Kvannabu bölgələrini birləşdirən Puyo qonşuluğundakı böyük dövlətlərlə müqayisədə cırtdan təsiri bağışlasa da, ambisiyaları çox, aqressiyası hədsiz idi. Puyo qonşu Kuryonun ərazilərinin bir hissəsini işğal etmiş, öz torpaqları elan etmişdi. İşğaldan əvvəlsə Kuryonun bir neçə bölgəsində yaşayan puyolular müstəqilliklərini elan etmiş, sonra da Puyoya birləşmək istədiklərini demişdilər.
Amma Puyoda hər kəsi və hər şeyi pulla almaq, istənilən cinayəti rüşvətlə ört-basdır etmək mümkündü. Puyolular ölkədən qaçır, qonşu dövlətlərdə iş və güzaran arayırdılar. Buna rəğmən Puyo özünə hami saydığı Çinquk dövlətinə bel bağlayırdı.
Daha doğrusu, Puyo böyük Çinqukun müstəmləkəsinə çevrilmişdi. Puyonun sərhədlərini çinquklu əsgərlər qoruyurdu və puyoluların hansı dövlətlə ticarət edəcəyindən tutmuş, hansı ölkə ilə vuruşacağını da Çinquk müəyyənləşdirirdi.
Puyo məhv oldu. Məhvə layiq olduğuna görə, öz məhvini özü tezləşdirdiyi üçün.
Böyük dövlətlərin problemləri böyük olsa da, kiçik dövlətlər özlərini böyük sayanda çox böyük fəsadlar və bəlalarla qarşılaşırlar. Üstəlik, cılız dövlətlər daxilindəki böyük problemləri kiçik göstərməyə can atanda da intiharlarını tezləşdirirlər.
Tarix belə deyir və yaşananları dəyişmək mümkün deyil.
Ermənistan indi Babilistan kimi görünməyə çalışan, amma əslində Puyo olan məkandır.
Çünki...
Ermənistanın baş naziri Ovik Abramyanın qohumları və tanışları, habelə ona sadiq adamların müxtəlif vəzifələrə təyinatı davam edir.
Baş nazirin kürəkəni Vova Tamrazyan Yerevandakı "Zvartnos" hava limanında gömrüyün rəisi təyin olunub. Ermənistanın Şenqavit bölgəsinin vergi xidmətinin yeni rəisi isə O.Abramyanın digər kürəkəni Vahan Mamikonyandır.
Beləcə, Ovik Abramyan sözü ilə işi arasında ziddiyyətlər olmağını göstərir.
Daha doğrusu, o, başlamayıb - davam edir.
İllər əvvəl pulu hesabına sadiq adamları və qohumlarının müxtəlif vəzifələrə təyinatı prosesinə başlamış O.Abramyanın səyləri nəticəsində Ermənistanın Ararat rayonu bütünlüklə bu adamın nəzarətinə keçmişdi.
Daha sonra növbə Kotayka çatdı. İndisə baş nazir qohumlarını ölkə miqyasına çıxarır.
Baş nazir təyin olunandan az sonra çıxışlarının birində "sabiq insanlardan, işləmək istəyənlərdən və işləyə bilənlərdən başlayacağam" deyən Abramyan sözünün üstündə durub.
Fəqət, işləmək istəyənlərin bu niyyəti Ermənistanın maraqları və xalqın mənafeyi ilə bağlı deyil. Həmin şəxslər yalnız öz maraqlarının təminatı üçün çalışırlar.
Daha sonra Ermənistan prezidenti Serj Sarkisyan yeni baş nazirin komandası ilə işə başlayacağını demişdi.
Bəlli olur ki, həmin "komanda" peşəkarlar və mütəxəssislər yox, qohumlar və sadiqlərdən ibarətdir.
Ovik Abramyan qohumbazlıq etməsi ilə bağlı ittihamları eyninə də almır, çünki o, prezidentin tapşırığını yerinə yetirir.
Bəyəm Sarkisyan "yeni komanda və sadiq insanlar" deyəndə vəzifələrə baş nazirin qohumlarının təyinatını istisna etmişdi? Əsla.
Abramyanın da belə alibisi var.
Ermənistanın siyasətində ağıl, vicdan və ya dərrakə yox, alibi gərəkdir.
Alibi varsa, prezidentin göstərişləri birbaşa yerinə yetirilirsə - ağıl və ya vicdana əsla ehtiyac yoxdur. Sovetlər Birliyi dağılandan sonra müstəqilliyə qovuşmuş ölkələr arasında rüşvətxorluğun və korrupsiyanın idarəetmə sisteminin istisnasız olaraq bütün səviyyələrinə sirayət etdiyi məkanlar arasında yer alan Ermənistandakı situasiyanın dəyişməsi üçün ciddi islahatlara ehtiyac duyulur.
İslahatlar yuxarıdan verilən komanda, göstəriş və ya əmr əsasında olmur. Belədə inzibati üsullarla yenilənmələrdə dövlətin özü maraqları olmalı, hakimiyyət üzləşdiyi problemlərin ən qısa müddətdə həllinə çalışmalıdır.
Korrupsiya müalicəsi mümkünsüz bəla deyil və bunu iddia edən iqtidarlar faktiki olaraq öz cinayətkar əməllərinə haqq qazandırırlar.
Ermənistandakı rüşvətxorluğun "müalicəsi" üçün komanda-administrativ qərarlar səsləndirilir, təkliflər irəli sürülür. Halbuki rüşvət alıb verməyə görə cəzaların maksimum sərtləşdiriləcəyi, hətta Çin və ya Sinqapurda olduğu kimi, edam cəzasının tətbiq ediləcəyi təqdirdə belə, problemi həll etmək mümkün deyil.
Əgər adi vətəndaş normal əməyi, vicdanlı işi müqabilində aldığı maaş, ödəniş və ya pulun məbləğinin rüşvətxor məmurun qısa müddətdə əldə etdiyi "gəlir"dən dəfələrlə az olduğunu görürsə, həmin proses uzun müddət davam edirsə və rüşvət alanı da cəzalandırmalı olan digər müvafiq strukturun mənsublarının özləri rüşvətxorlar yığnağıdırsa, korrupsiyanın kökünün kəsilməsi üçün effektiv tədbirlər görüləcəyindən danışmağa dəyməz.
Yerevandakı iqtidar sporadik olaraq problemlərin həllinə başlamasından, korrupsiya ilə ən müxtəlif tabanlarda effektiv mübarizəyə start verməsindən bəhs edir.
Yalnız şüarlar, çıxışlar, sözlər.
Əməl və niyyət yoxdur.
Elə Puyoda olduğu kimi...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00