Ukraynada yenidən qan su yerinə axmağa başladı
11:19 26-06-2014
CƏMİYYƏT
Ukraynada yenidən qan su yerinə axmağa başladı
Rusiya Federasiya Şurası ordu yeritmək barədə qərarının üstündən rəsmən xətt çəkdi
Terrorçular srağagün Ukrayna ordusunun 11 hərbçisini öldürüb. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planını açıqlamasına baxmayaraq, Rusiyanın dəstəklədiyi qanunsuz silahlı qruplaşmalar Ukrayna vətəndaşlarını öldürməkdə davam edirlər. Dünən gecə Slavyansk şəhəri yaxınlığında "Mi-8" hərbi vertolyotu vuruldu və nəticədə 9 hərbi qulluqçu həlak oldu. Terrorçular 20 iyundan sonra 40-dan çox hücum həyata keçiriblər", – bəyanatda bildirilir.
Ukrayna Xarici İşlər Nazirliyində qeyd edirlər ki, bu hücumlar rusmeyilli terrorçulara sülhun lazım olmadığını göstərir. "Rusiya Federasiyasının deklarativ bəyanatlarına baxmayaraq, rusmeyilli terrorçular cəzasızlıq və açıq dəstək hiss edirlər",– bəyanatda sonda qeyd edilib.
Ukraynda vəziyyət gərginləşir:
separatçılar hücumda!
Qeyd edək ki, Ukrayna prezidentinin açıqladığı sülh planından sonra ölkənin şərqində nisbətən sabitləşən vəziyyət srağagündən gərginləşib.
Məlumata görə, təxminən 250 terrorçu antiterror güclərinin Kramatorsk yaxınlığındakı mövqelərinə doğru irəliləyir.
Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində bildirib. Hərbi ekspert terrorçuların Kramatorsk yaxınlığında aktivləşdiklərini qeyd edib.
D.Tımçuk həmçinin antiterror güclərin Luqansk vilayətinin Antrasit rayonundakı blokpostların artilleriya toplarından atəşə tutulduğunu bildirib. O, Ukrayna hərbçiləri arasında itkilərin olmadığını yazıb.
Poroşenko: "Atəşkəs vaxtından
əvvəl ləğv oluna bilər"
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs rejiminin vaxtından əvvəl ləğv oluna biləcəyini istisna etməyib. Bu barədə prezidentin rəsmi saytında bildirilir.
"Donetskdə, Üçtərəfli Təmas Qrupunun nümayəndələri ilə görüşdə verdikləri vədlərinə zidd olaraq, silahlılar iyunun 24-də Ukrayna Silahlı Qüvvələrinə məxsus helikopteri vurublar, nəticədə 9 nəfər həlak olub. Prezidentin sülh planı elan olunandan bu günədək terrorçular 35 dəfə hərbçilərə atəş açıblar", deyə məlumatda qeyd olunub.
"Atəşkəs rejiminin daim pozulması səbəbindən o vaxtından əvvəl ləğv oluna bilər", deyə Poroşenko güc strukturlarının nümayəndələri ilə görüşdə qeyd edib.
Tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməlidir.
Putin Federasiya Şurasından Ukraynaya
ordu yeritməyə icazə verməsi üçün xahişinin
səbəbini açıqladı
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib. Bunu Putin Vyanada mətbuat konfransında bildirib.
"Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim", deyə Putin bildirib.
"Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrdən istifadə olunmadı. Biz hətta Rusiya Silahlı Qüvvələrin Krımda beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş sayını belə artırmadıq", deyə Rusiya prezidenti qeyd edib.
Putin əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib. "Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik", deyə o bildirib.
Dünən günorta saatlarında Rusiya Federasiya Şurası prezident Vladimir Putinin müraciəti əsasında "RF Silahlı
Qüvvələrindən Ukraynada istifadə olunması haqqında" qərarını ləğv edib. "RİA Novosti"nin yaydığı xəbərə görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib.
Xatırladaq ki, V. Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.
Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.
Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-27 13:09:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57