AXCP-ADP qarşıdurması yenidən qızışıb
13:39 28-06-2014
CƏMİYYƏT
AXCP-ADP qarşıdurması yenidən qızışıb
Artıq neçə müddətdir ki, müxalifət daxilindəki gərginlik səngimək bilmir. Xüsusən də son prezident seçkilərindən sonra müxalif düşərgədə qarşılıqlı ittihamlar daha da intensivləşib.
Sözsüz ki, bu gərginlik birbaşa məğlubiyyətin yaratdığı tendensiyadır. Yəni, hər partiya özünü haqlı çıxarmaq üçün suçu bir-birlərinin üstünə atırlar. Amma əslində isə məğlubiyyətdə hər bir partiyanın öz payı var. Ən pisi isə odur ki, artıq müxalifət nümayəndələri daxili çəkişmələrini beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə qədər aparıb çıxarıblar. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu deyir ki, AXCP və Müsavat beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəndə müxalifət partiyaları haqqında məlumat verirlər və özlərindən kənarda olanları müxalifət kimi təqdim etmirlər. Yəni görün, işi harasıdırsa, bu adamlar beynəlxalq təşkilatların nümayəndələri önündə belə daxili düşmənçilik libasından çıxa bilmirlər.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov S.Cəlaloğlunun ittihamlarının həqiqəti əks etdirmədiyini deyib: "ADP sədrinin dedikləri real deyil. Müxalifət o görüşlərə gedəndə ilk növbədə Qarabağ məsələsini müzakirə edir. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət, söz, mətbuat azadlığı, insan haqları məsələsi müzakirə edilir. Sərdar Cəlaloğlunun dedikləri qeybətə oxşayır. Biz hansısa partiyanı müzakirə etmirik".
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev AXCP Ali Məclis sədrinin Sərdar Cəlaloğlunun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib: "Həsən bəyin dediklərini təbii qarşılayıram. Çünki, bunlar tənqidi fikirə həmişə dözümsüz yanaşıblar. Onlar haqqında kimsə nəsə deyən kimi ya hakimiyyətin adamı olur, ya da qeybətçi. Özlərini ana müxalifət, radikal müxalifət adlandıran və özlərindən kimsəni müxalifət hesab etməyənlər hələ də özlərinə seçdikləri adın məsuliyyətini dərk edə bilməyiblər. Özlərinə əzəmətli adlar qoya bilirlər, amma o adın məsuliyyəti məsələsi gələndə asanlıqla məsuliyyəti üzərlərindən ata bilirlər".
Əslində, Həsən Kərimovun səsləndirdiyi fikirlər bu düşərgədə siyasi mədəniyyətin çox aşağı səviyyədə olduğunu göstərir. Çünki bir funksionerin başqa bir partiyanın liderinə aşağılayıcı ifadə işlətməsi heç bir əndazəyə sığmır. Taliyyət Əliyev AXCP yetkilisinin S.Cəlaloğlunu qeybət etməkdə ittiham etməsinə gəlincə, deyib ki, yəqin, qeybətlə çox məşğul olurlar, ona görə elə bilirlər ki, hamı qeybət edir: "Azərbaycandakı siyasi mədəniyyət səviyyəsi yetərli deyil. Ümumiyyətlə, siyasi mədəniyyət geniş anlamdır. Bu təkcə kiminsə necə danışması ilə əlaqəli məsələ deyil. Siyasi mədəniyyətin əsasını siyasi maarifçilik təşkil edir. Bizdə də siyasi maarifçiliyin zəif olmasının obyektiv səbəbləri var. Bu səbəblər ondan ibarətdir ki, mövcud hakimiyyət tərəfindən siyasi maarifçiliyin aparılmasına məhdudiyyətlər tətbiq edilir. Siyasi liderlər efir məkanına buraxılmır, insanların sərbəst toplaşmasına imkan verilmir, siyasi institutlar və azad mətbuat basqılara məruz qalır və s. Belə bir şəraitdə siyasi maarifçiliyin həyata keçirilməsi olduqca çətindir. Bu məsələdə subyektiv amillərin də müəyyən mənada rolu var. Ona görə də cəmiyyətimiz siyasi inkişafdan geridə qalmaqdadır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22