İnsan orqan və toxumaları hansı şərtlərlə köçürülə bilər?
14:23 04-07-2014
CƏMİYYƏT
İnsan orqan və toxumaları hansı şərtlərlə köçürülə bilər?
Deputat: "Ciddi maarifləndirmə işlərinə ehtiyac var"
Artıq dünyada insan orqan və toxumalarının transplantasiyası (köçürülməsi) prosesi adı hal almaqdadır. Bu məqsədlə demək olar ki, istənilən ölkədə tibbi mütəxəssisə rast gəlmək mümkündür. Lakin tibb sahəsinin yüksək səviyyədə inkişaf etməsinə baxmayaraq transplantasiya üçün tələb olunan insan orqanizminin tapılması hələ də müşkül məsələ olaraq qalır.
Düzdür, hazırda müxtəlif üsullarla ayrı-ayrı insan orqanizmlərini əldə etmək mümkündür. Lakin belə orqanizmlərin sayı məhdud olduğundan, yaxud həmin orqanları əldə etmək üçün donorun özü, öldüyü halda isə yaxınlarından xüsusi icazənin tələb olunması müəyyən problemlər yaradır. Elə bu səbədən könüllü donora çevrilərək hələ sağ ikən orqanlarını hədiyyə edən insanların sayının artması müşahidə olunmaqdadır. Məlumat üçün qeyd edək ki, artıq Azərbaycanda da sağ ikən orqanlarını hədiyyə edən insanlar mövcuddur. Bəs dini baxımdam Tanrı tərəfindən insana bəxş edilən orqanın başqasına hədiyyə edilməsi necə tövsüf olunur?
İlahiyyatçı alim Anar Qurbanovun sözlərinə görə, insan orqan və toxumalarının transplantasiyası - insan həyatının
xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və ya toxumaların donorun və ya insan meyitinin orqan və ya toxumaları ilə əvəz edilməsidir. Məlum olduğu kimi müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanan orqan transplantasiyası məsələsi son dövrlərdə meydana çıxmış məsələlərdən biridir. Belə ki, XVI əsrdə təməli qoyulmaqla, get-gedə inkişaf etdirilmiş və XIX əsrdə orqan və toxumaların transplantasiyasına başlanmışdır. İlkin mərhələdə dəri, damar və əzələnin köçürülməsi ilə başlanan cərrahiyyə əməliyyatı, daha sonra inkişaf etdirilərək ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və digər orqan və toxumalar transplantasiyanın obyekti olmuşdur. Beləliklə, XX əsrin ikinci yarısından etibarən müsbət nəticələrə nail olunmuş və zəmanəmizdə ölümcül xəstəliyə tutulan minlərcə insan üçün həyat işığı və həyat mənbəyi olmuşdur. İslam alimləri və orqan transplantsiyasına icazə verən digər dini qurumlar ( Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulu 1980-ci il tarixdə 396/13 nömrəli qərarlar; İslam Konfransı Təşkilatının nəzdində olan İslam Fiqh Akademiyası 1988-ci il tarixdə 4/1 saylı qərarda fitva vermişlər.) ümumiyyətlə zərurət qarşısında qalan müsəlmanın haram olan bir şeyi etməsinə, dinin təmiz saymadığı və qadağan etdiyi hər hansı bir şeylə müalicə olunmasına icazə verən ayə və hədisləri, eləcə də bunlardan çıxarılaraq ortaya qoyulan fiqhi qaydaları və ictihadları dəlil kimi irəli sürmüşlər. Belə ki, onlar ilk növbədə "Bəqərə" surəsinin 173-cü ayəsini dəlil gətirmişlər. Uca Allah həmin ayədə belə buyurur: "O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər, yəni ölməyəcək qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!" ( Eyni məzmunlu ayə və hədislər üçün bax. Maidə, 5/3; Ənam, 6/119, 145; Əbu Davud, Ətimə, 31.) Bundan əlavə, "Maidə" surəsinin 32-ci, yəni "...Kim bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar..." ayəsini dəlil kimi irəli sürmüşlər. Odur ki, müasir islam alimləri və digər müvafiq dini qurumlara görə, meyitdən orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: Zərurət qarşısında olmalıdır; (Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir). Mütəxəssis-həkimlər tərəfindən resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsin) həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır; Şəxs sağlığında donorluğa razılıq bildirməli, eləcə də ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi olmalıdır; Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünü) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilməlidir; Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir; Transplantasiya yalnız resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsin) razılığı əsasında həyata keçirilməlidir.
Zərurət qarşısında olmalıdır; Donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə öz razılığını bildirməlidir; Donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır. Bundan əlavə, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumaların götürülməsinə yol verilməməlidir; Mütəxəssis-həkimlər tərəfindən resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsin) həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır; Transplantasiya üçün nəzərdə tutulan bütün imkanlar - həm tibbi, həm də texniki olmaqla, kifayət qədər mövcud olmalıdır; Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir.
Yaşayan donordan (öz orqan və ya toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxsdən) orqan və ya toxumalarının transplantasıyasına gəldikdə, müasir islam alimləri və digər bir sıra dini qurumlar (Din İşləri Dövlət Qurumuna bağlı Kuveyt Fitva Qurulunun 1979-cu il tarixdə 132/79 saylı qərarında Səudiyyə Ərəbistanındakı Dünya İslam Birliyinə bağlı Fiqh Akademiyasının 1985-ci il tarixdə Məkkədə keçirilən VIII Rüb Yığıncağında qəbul edilən qərarlarda və İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının 1988-ci il tarixdə 4/1 saylı, eləcə də 1990-cı il tarixdə 6/58 saylı qərarlarında yaşayan donordan orqan və ya toxumaların transplantasiyası müəyyən şərtlərlə caiz hesab olunmuşdur.) müəyyən şərtlərə əməl etməklə buna da icazə vermişlər. Belə ki, onlara görə, donordan orqan və ya toxumaların götürülməsi zamanı bir sıra şərtlərə əməl olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, islam alimləri orqan və ya toxumaların transplantasiyasına verilən fitvanın dəlili kimi xüsusilə iki ayəni qeyd etmişlər. Birincisi: "...Kim bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar..." ("Maidə" surəsi, 5/32 ). İkincisi isə: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda (pis əməllərdən çəkinməkdə) bir-birinizə yardım edin (əlbir olun)..." ("Maidə" surəsi, 5/2).
Belə halda orqan bağışlanması prosesinin kütləviləşməsinə nə maneə olur? Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib ki, ilk növbədə ziyalılar, siyasət adamları, deputatlar, din xadimləri orqanlarını bağışlamalarını vəsiyyətnamələrində qeyd etməlidir. Bundan sonra cəmiyyətdə orqan bağışlayanların sayı artacaq.
Millət vəkili alternativ donor hovuzu mövzusunda danışarkən qeyd edib ki, meyit orqanından istifadə konsepsiyasının hazırlanması insanlarımızın həyatını, sağlamlığını qorumağa müsbət təsir göstərəcək: "Biri var ki, sağlam insanın qaraciyərini kəsib köçürəsən. Onda iki xəstə əmələ gəlir. Bir də var ki meyitdən orqan götürürsən, bu həm bir humanist bir aksiyadır, həm də mərhəmət aksiyasıdır".
M. Quliyev meyit orqanından istifadə konsepsiyası hazırlanandan sonrakı mərhələyə də toxunaraq bildirib ki, ciddi maarifləndirmə işlərinə ehtiyac var: "Müəyyən qaydalar təsdiq olunandan, bu işin mexanizmi başlayandan sonra təbii ki, onun çox böyük təbliğat və maarifləndirmə işi aparılacaqdır. Azərbaycanda transplantologiya elminin və transplantasiya sahəsində uğurların yüksəlməsinə və inkişaf etməsinə səbəb olacaq". Orqan transplantasiyası haqqında qanunumuzun mükəmməl olduğuna toxunan Musa Quliyev, meyit orqanından istifadə etmək üçün hökumətin hazırlayacağı təlimatın vacib olduğunu vurğulayıb: "Nazirlər Kabineti yeni qaydalar hazırlayır. Yəni hansı şərtlərlə meyitdən orqanı götürmək olar, hansı şərtlərlə beyin ölümünün qeydiyyatını almaq olar, komisiyanın tərkibinə kimlər daxil olmalıdır, küçədə neçə yerdə belə klinika ayrılmalıdır və s. və i.a. Bu işlər gələcəkdə Azərbaycanda transplantologiya elminin və transplantasiya sahəsində uğurların yüksəlməsinə və inkişaf etməsinə səbəb olacaq".
Alim
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04