Azərbaycanlılar fen-şuya inanırmı?
14:24 04-07-2014
CƏMİYYƏT
Azərbaycanlılar fen-şuya inanırmı?
O artıq 4 min ildən çox mövcud olsa da, təsir gücü sınanıldığı üçün unudulmur
Daha varlı və xoşbəxt olmaq üçün fen-şuyun incəliklərinə bələd olmaq yetər. Fen-şuy insanlarla onları əhatə edən əşyaların, təbiətin harmoniyasını, bağlılığını öyrənən qədim çin elmidir.
Fen-şuy artıq 4 min ildən çox mövcud olsa da, təsir gücü sınanıldığı üçün unudulmur. Müxtəlif xalqların nümayəndələri qədim çin elmindən bu gün də geniş yararlanırlar.
Evdə xoş aura yaratmaq
Bəzən elə olur ki, evə bahalı mebel qoyulsa, hər şey səliqəli olsa da, insan sıxılır. O, evdə söz-söhbət, bəd hadisələr də çox olur. Fen-şuy elminə görə, bu, əşyaların, mebellərin düzgün qoyulmaması, müəyyən energetik qapıların bağlı qalması üzündən baş verir.
Dizayner Ayxan Babaşov tərcümədə "su və külək" mənalarını ifadə edən fen-şuy müsbət enerjinin cəzb olunması yollarını öyrənir. İstənilən adam bu üsulları öyrənərək həyatda daha uğurlu ola bilər.
Ofis işçisi Vəfa Quliyeva fen-şuydan istifadə etdikdən sonra daha çox pul qazanmağa başladığını deyib: "Evdə və ofisdə divara printerdən çap olunmuş pul şəkillərini kəsib yapışdırdım. Bir müddətdən sonra maaşımı qaldırdılar və əlavə iş yeri də tapdım. Fen-şuyun rəmzləri olan tısbağa, qurbağa fiqurlarını da stolun üstünə qoyuram. Bütün bunlar uğur və pul gətirir. Eləcə də, yaxın vaxtlarda inanıram ki, özümə maşın da ala biləcəyəm. Bunun üçün də istədiyim maşın şəklini və öz şəklimi kəsib bir yerdə elə yapışdıracağam ki, guya maşında oturmuşam. Bu şəkli evin ən görünən hissəsinə yapışdıracağam. Bəzilərinə bu gülünc görünə bilər, amma fen-şuy min illərin sınağından keçib. Bizim fikirlərimiz reallaşmaq gücünə malikdir. Fen-şuy isə buna kömək edir".
Gənc Tural Tağıyev isə fen-şuya inanmadığını bildirib: "Məncə, həyatlarında fen-şuyu tətbiq edənlər təsadüf nəticəsində uğur əldə ediblər. İnana bilmərəm ki, hansısa fiqurlar və ya dizayn insanı və onun həyatını dəyişdirə bilər".
Dizayner A.Babaşov əlavə edib ki, fen-şuy getdikcə dəb halını alır və qadınlar evini bu üslubda hazırlamağı tələb edirlər: "Fen-şuya görə evin dəhlizi geniş və işıqlı olmalıdır. Dar və uzun dəhliz evdə yaşayanların həyatına sıxıntı gətirir. Əgər dəhliz belədirsə, yan divarlara güzgü əlavə etməklə genişlik təəsüratını yaradın".
Qonaq otağı evin əsas otağı sayılır. Otaq özü dəyirmi olmalıdır. Əgər otaqda iti künclər varsa, ora yarpaqları oval və yumru şəkildə olan otaq bitkisi qoyun. Bu künclərdən gələn neqativ enerjini yumşaldacaq. Qonaq otağında güzgü, fontan, akvarium, şəlalə tipli aksessuarlar da qoymaq evin aurasına müsbət təsir edir.
Axıb getməyən təmiz su enerji mənbəyidir. Balıqlarla akvariumsa zənginlik və inkişaf rəmzidir. Yaxşı olar ki, akvariumda bir qara və 8 qızıl balıq saxlayasız. Amma akvariumu qapı ağzında yerləşdirməyin, yoxsa pulunuz qapıdan keçib gedər.
Evin əsas otaqlarından biri də mətbəxdir. Mətbəxdə parlaq və pozitiv rənglər üstünlük təşkil etməlidir. Pəncərənin qabağında güllər qoymaq da auranı müsbət tərəfə dəyişəcək. Divarlarda qurudulmuş qırmızı bibər, qarğıdalı, soğan və sarımsaq bağlamaları asmaq da pis enerjini qovacaq. Onlardan mətbəxə yaraşıq gətirən aksessuar kimi də istifadə etmək olar.
Yataq otağında
sevgi aurası
Sevginin qorunub saxlanması ailə münasibətlərində əsas rol oynayır. Bu səbəbdən də yataq otağının dizaynında tam harmoniya olmalıdır.
Yataq otağında cütlük özünü rahat və sakit hiss etməlidir. Otaq evin girəcəyində deyil, evin sakit küncündə olmalıdır. Yataq otağındakı rahatlığını başqa otaqlardan və ya küçədən gələn səs, iy pozmamalıdır.
Otağın əsas elementi çarpayıdır. Çarpayını qapı ilə üzbəüz qoymaq olmaz. Çarpayıdan qapını heç görməmək də insanda narahatlıq yaradır. Özündən asılı olmadan insan qapıdan kiminsə girəcəyini düşünür.
Cütlüyün çarpayısı bir dənə olmalıdır. İki çarpayı, döşək və yorğan istifadə etmək yaxşı əlamət deyil. Bu, münasibətləri soyudur.
Enerjinin sərbəst hərəkət etməsi üçün çarpayının altı təmiz olmalı, əşya varsa, götürülməlidir. Çarpayıya dolabların, mebelin küncləri də yönəlməməlidir.
Yataq otağında güzgüləri yerləşdirərkən çox diqqətli olmaq lazımdır. Güzgü mənfi enerjini əks etdirə, hətta artıra da bilər.
Güzgüdə çarpayı görünməməlidir. Güzgü seçərkən tam özünüzün əks olunduğu güzgünü alın. Güzgüdə görünməyən bədənimiz əziyyət çəkir və xəstəliklərə məruz qalır.
Bəzi dəbli güzgülərdə bəzəklərə, naxışlara görə, görüntü deformasiyaya uğrayır. Bu da səhhətimizdə problemlər yaradır.
Yastıqlarsa cütlüklərin münasibətlərindəki istiliyi simvolizə edir. Yastıqlar əlvan rəngdədirsə, ər-arvadı ayrılıqdan qoruyur. Üstündə çiçəklər çəkilibsə, sevənlərə sağlamlıq və xoşbəxtlik gətirir.
Sevgini gücləndirən
fen-şuy rəmzləri
Fen-şuya görə qırmızı şamlar, dağ rəsmləri, cütlük şəklində olan quşlar, qırmızı və ya sarı rəngdə olan güldanlar, ay pərisi sevginin rəmzləridir. Bu rəmzləri otağın cənub-qərbində qoymaq lazımdır.
Bir-birini sevən quş fiqurları sevgini daha da gücləndirir. Qu quşları sevgidə sadiqliyi, göyərçinlər isə münasibətlərin yüksək həddə çatmasını göstərir. Bu fiqurlar nikahın daha uğurlu və möhkəm olmasına xidmət edir.
Soyumuş münasibətləri belə çılğınlıq həddinə gətirən pion bitkisi ən güclü rəzmlərdən hesab olunur. Pion gülləri "yan" - kişi enerjisini simvolizə edir. Lakin bu gülləri, hələ ki, uşaqları olmayan cütlüklər istifadə edə bilər. Əks halda pion gülləri xəyanətə işarə edir. Bir yerdə uzun müddət yaşayan cütlüklər orxideya, qızılgüllərin özlərini, ya da rəsmlərini otaqda qoya bilərlər.
Evdə nəyi
saxlamaq olmaz
Dizayner bildirib ki, evdə saxladığımız köhnə şap-şaplar mənfi enerjini cəlb edir: "Sınmış, cızılmış qabları dərhal atmaq lazımdır. Qab və fincan ailəni ifadə edir. Əgər sınmış qabı saxlasaz, evdə mübahisələr və konfliktlər baş alacaq".
Sarmaşan, aşıb-daşan güllər də evə bədlik gətirir. Müsbət enerji gətirmələri üçün sarmaşan yarpaq və budaqlar yumru şəkil almalıdır.
Evdə kürk, dəri saxlamaq isə pulu cəlb edir. Qurudulmuş ot və gül dəstəsi sağlamlıq və rahatlıq gətirir, mənfi enerjini neytrallaşdırır.
Evi bədbəxtlikdən qorumaq üçün heyvan fiqurları qoymaq məsləhətdir.
Evə pulun cəlb olunması
İlk növbədə, evdə pula cavab verən hissəni müəyyənləşdirmək lazımdır. Bir qayda olaraq bu cənub-şərq tərəfdə olur. Həmin yeri tapandan sonra səliqəyə salmaq, lazımsız əşyaları atmaq, pul və pulun rəmzlərini qoymaq sürətlə həmin evə pulu cəlb edəcək.
Fen-şuya görə mirvari üstündə oturan və ağzında dəmir pul saxlayan qurbağa ən güclü rəmzlərdən hesab olunur. Pulu cəlb etmək üçün pul ağacı, tısbağa, çin dəmir pullar, yelkənli gəmi rəmzlərindən istifadə olunur. Bu rəmzləri elə yerə qoyun ki, tez-tez görə biləsiz.
Aynurə Məmmədova
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22