Əbülfəs Qarayevin müdhiş etirafı
11:35 05-07-2014
CƏMİYYƏT
Əbülfəs Qarayevin müdhiş etirafı
Nazir niyə indiyədək görülən işlərin kifayət etmədiyinə eyham vurdu?
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev maraqlı açıqlamalarla çıxış edib. Hətta nazirin dediklərini bir az etiraf, bir az da özünütənqid adlandırmaq olar.
Belə ki, Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb. Nazir jurnalistlərə bildirib ki, buna görə də daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac var: "Onu da etiraf etməliyik ki, bütün sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik".
Ə.Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və otelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: "Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün otellər lisenziyalaşdırılmış olsun".
Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, bununla bağlı növbəti əmr imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.
Maraqlıdır ki, indiyədək Əbülfəs Qarayev Azərbaycanın turizm sektoru ilə bağlı danışarkən daha çox uğurlardan bəhs etməyə çalışırdı. Müstəqil ekspertlər və KİV-lərin araşdırması isə bu sahədə ciddi problemlərin varlığından - həm keyfiyyətli xidmət, həm də münasib qiymət sarıdan olduqca dözülməz vəziyyətin yarandığını göstərirdi.
Amma indi mədəniyyət və turizm naziri dolayı yolla da olsa, rəhbərlik etdiyi nazirliyin indiyədək atdığı addımların turizm sektorunda köklü dəyişiklik yaratmadığını etiraf etməsi anlamına gəlir. Onun daha güclü inzibati tədbirlər görülməsi təşəbbüsü ilə çıxış etməsi isə bir daha təsdiqləyir ki, istər ekspertlərin, istərsə də KİV-lərin bu günədək ki, çağırışları haqlı olub. Yəni Mədəniyyət və Turizm Nazirliyi sözügedən sahədəki xaotik durumu aradan qaldırmaq üçün heç də tam gücü ilə çalışmayıb.
Bəs Əbülfəs Qarayevin bir qayda olaraq jurnalistlərə açıqlamalarında turizm sektorunun yüksəlişi barədə danışarkən indi üslubunu birdən-birə dəyişməsinin səbəbi nədir? İstisna deyil ki, ölkənin real turizm göstəricilərinin zəif olması artıq hökumət daxilində də qəbul və müzakirə edilir. Bu isə nazirdə narahatlığa yol aça bilər.
Mümkündür ki, nazir belə açıqlamalarla problemlərin varlığından xəbərdar və həmin problemləri aradan qaldırmaq gücündə olduğunu nümayiş etdirir. Beləliklə də həm öz postunu, həm də rəhbərlik etdiyi nazirliyin fəaliyyətindəki boşluqları sığortalamağa çalışır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22