Hacıbala Abutalıbovun inadı qırıldı
11:37 05-07-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbovun inadı qırıldı
Bakıdakı qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı yeni gəlişmə
Bakı sakinlərinin bir qismini narahat edən əsas problemlərdən biri öz həllini tapır. Məlumdur ki, Bakı və ətraf qəsəbələrdə qeyri-qanuni xeyli tikililər mövcuddur. Bu da bir çox hallarda vətəndaşlarla dövlət qurumları arasında ciddi problemə səbəb olur.
Tikililərin dövlət qeydiyyatına düşməsinə isə ciddi əngəllər yaradılır. Bu problemin həll olunması və paytaxtda da qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb.
Artıq 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: "Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib".
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qurumdan bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacaq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov da açıqlamasında bu ilin sentyabrından Bakı və ətraf qəsəbələrdə bu tip tikililərin sənədləşdirilməsi prosesinin başlanacağını istisna etməyib:"Bununla bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Aldığım son məlumata görə, problemin həlli ilə bağlı komissiya tərəfindən işlər yekunlaşıb. Bununla bağlı ölkə başçısına da yaxın vaxtlarda məlumat veriləcək. Yəqin ki, sentyabrdan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq".
Xatırladaq ki, ölkə başçısı 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair II Dövlət Proqramının təqdimatına dair keçirilən konfransda bu problemi qaldırıldı. Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq verib.
Amma bu tapşırığın üzərindən dörd il keçməsinə rəğmən proses ləngiyirdi. Ləngimənin əsas səbəbkarı olaraq isə meriya göstərilirdi. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumdan açıqlamalarda ya hər hansı yenilik olmadığı bildirilir, ya da məsuliyyət digər qurumların üzərinə qoyulurdu.
Amma qəfil gələn xəbər artıq meriyanın inadının qırıldığını və bu istiqamətdə önəmli addımlar atılmasına az qaldığını deməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22