Radikal müxalifət yay yuxusuna gedib
11:38 05-07-2014
CƏMİYYƏT
Radikal müxalifət yay yuxusuna gedib
Partiyaların əksəriyyətinin qərargahı boşdur, seçkiyə hazırlaşan yoxdur
2013-cü il prezident seçkilərindəki məğlubiyyətdən çıxa bilməyən Azərbaycan müxalifəti fəaliyyətsizliyinə yeni bəhanə tapıb. Belə ki, radikal partiyalar yay tətilinə çıxdıqlarını bəyan edirlər.
Bir neçə aydan sonra bələdiyyə seçkilərinin keçirilməsinə baxmayaraq, radikallar yay tətilinə çıxırlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında partlayış olandan sonra bu qurum qeyri-müəyyən vaxta qədər tətilə çıxıb. Yəni, AXCP-nin hər hansı bir fəaliyyəti gözə dəymədiyindən bu partiyanın yay tətilində saymaq olar. Müsavat Partiyası isə Məclisin son iclasından sonra partiya rəhbərliyini istirahətə göndərib. Adətən qızğın iş dönəmindən sonra yay tətilinə çıxılır, amma radikal müxalifət qüvvələri boş-bekarçılıqdan istirahətə çıxırlar.
Məsələylə bağlı bir sıra partiyalardan münasibət öyrəndik. Aydınlar Partiyasının mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, partiya yay tətilinə çıxmayacaq. Belə ki, partiya qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşacaq. Bu səbəbdən də yerli təşkilatlarla görüşlər keçirmək, namizədlərin müəyyənləşdirilməsi və s. işlər həyata keçiriləcək.
Azərbaycan Milli İstiqlal Partiyası da deyəsən, yay tətilinə çıxır. Məsələylə bağlı "Unikal"ın sualına cavab verən Siyasi Şuranın üzvü Əli Orucov bu barədə dəqiq məlumatının olmadığını bildirib. Şura üzvü məsələylə bağlı partiya sədri Yusif Bağırzadə, yaxud baş katib Arzuxan Əlizadə ilə danışmağı məsləhət bildi. Amma bir neçə dəfə cəhd etməyimizə baxmayaraq, partiyadan telefon zənglərimizə cavab verən olmadı. Görünən odur ki, AMİP-çilər rəsmi qərar vermədən yay tətilinə çıxıblar.
Müasir Müsavat Partiyasından "Unikal"a verilən məlumata görə, partiya yay boyu fəaliyyət göstərəcək. Ancaq mərkəzi aparatda çalışan işçilərə növbəli şəkildə istirahət veriləcək. "Sözsüz ki, il boyu işləmişik və istirahət etmək lazımdır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. İstirahət etmək lazımdır ki, seçki prosesində aktiv şəkildə fəaliyyət göstərmək mümkün olsun. Ona görə də mərkəzi aparatda çalışanlara növbəli şəkildə 15 günlük istirahətə getməyə şərait yaradılacaq", - deyə partiyadan bildirilib.
Azərbaycan Demokrat Partiyası (ADP) yay tətilinə çıxıb. Bu haqda qərarı ADP İdarə Heyəti verib. Partiya iyul ayı ərzində fəaliyyət göstərməyəcək, üzvləri və rəhbər heyəti isə istənilən yerə gedə biləcək. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, partiya rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti oruc tutub. Onun sözlərinə görə, bəzi xəstə şəxslər var ki, onlar oruc tutmayıb və tutmaları da səhhət baxımından doğru deyil: "Ancaq oruc tutmaq məsələsi partiya rəhbərliyinin qərarından asılı deyil. Yəni, mən oruc tuturam deyə digərləri də tutmalıdır kimi bir anlayış yoxdur. Düşündük ki, üzvlərimiz orucunu rahat icra etsin, həm də işə gəlib burada nə edəcəklər ki? İyul ayı ölü aydır. Dedik ki, istirahət etsinlər. Bu ay ərzində ADP İdarə Heyətinin iclasları keçirilməyəcək. Əgər ortaya təcili bir hadisə çıxsa, İdarə Heyətinin toplantısını çağıracağıq. Amma belə baxıram ki, bunun üçün əsas olmayacaq. ADP hər il yay mövsümündə bir aylıq tətilə gedir. Ötən il avqust ayında getmişdik. Orucluq hansı aya düşürsə, biz də tətili həmin aya salırıq".
Sərdar Cəlaloğlu əlavə edib ki, onlar təmsil olunduğu "Qarabağ" blokunu da məzuniyyətə göndəriblər: "Partiyada insanlar ictimai əsaslarla çalışsa da, onlar da insandır və Konstitusiya ilə istirahət hüququ var. Yoxsa, biz partiyanın başında dururuq deyə hər şeyi bildiyimiz kimi etmək doğru olmaz. Əmək Məcəlləsi və Konstitusiyaya əsasən hər bir vətəndaşın ildə bir dəfə istirahət hüququ var. Biz bu hüququ onların əlindən ala, müxtəlif bəhanələr irəli sürə bilmərik. Odur ki, son 20 ildə biz hər il ildə bir dəfə məzuniyyət veririk, şənbə və bazar günləri işləmirik. Yerdə qalan günlər isə səhər saat 10.00-dan axşam saat 18.00-a qədər işdə oluruq. Digər partiyalarda bu məsələlərin necə olduğu haqda dəqiq informasiyam yoxdur. Mənim təmasda olduğum partiyalarda əslində bu məsələyə ciddi yanaşmırlar. Biz hökuməti nədəsə tənqid etsək də, özümüz, adətən, o şeylərdə hökumətdən də çox uzağa gedirik. Bu Azərbaycan müxalifətində bir ənənədir. Hökuməti dialoqa gəlməməkdə ittiham edirik, amma özümüz öz aramızda dialoq aparmırıq. Vəziyyət bundan ibarətdir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50