Yuxarıda türk bığı, aşağıda erməni saqqalı - Moskvanı Qarabağ problemini həll etməyə kim qoymur?
12:25 08-07-2014
CƏMİYYƏT
Yuxarıda türk bığı, aşağıda erməni saqqalı - Moskvanı Qarabağ problemini həll etməyə kim qoymur?
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Rusiya çıxılmaz vəziyyətə düşüb...
Son vaxtlar Ermənistan mediasının gündəmindən düşməyən Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması müqabilində, əvvəlcə Qarabağətrafı 3 rayon və sonra Dağlıq Qarabağın tam şəkildə Azərbaycana qaytarılması barədə yazılan iddialar öz təsdiqini tapmadı.
İddianı ortaya atanlar bunu Rusiyanın Azərbaycanı Avrasiya Birliyində görmək arzusu ilə əlaqələndirirdilər. Hərçənd Azərbaycan bir dövlət olaraq öz siyasi kursunu Avropa istiqamətində inkişaf etdirdiyini dəfələrlə bəyan etsə də, hələ ki Rusiya rəsmi Bakının bu kursunu birmənalı olaraq həzm edə bilmir.
Azərbaycan Dağlıq Qarabağ probleminin həlli variantı kimi "Madrid prinsipləri"nə önəm verib, münaqişənin beynəlxalq hüquq normalarına uyğun, dövlətlərin ərazi bütövlüyü çərçivəsində mərhələli şəkildə həll olunmasını qəbul edir. Bu isə o deməkdir ki, birinci mərhələdə əvvəlcə Ermənistan işğal etdiyi Azərbaycanın 5 rayonunu - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, həmçinin Laçın rayonunun 13 kəndini azad etməlidir.
Bundan sonra regionda bütün kommunikasiyalar açılmalı, azad edilmiş torpaqların bərpası üzrə donor konfransı keçirilməli, regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli və doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə isə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməlidir.
Yalnız bundan sonra Dağlıq Qarabağa, məsələn, Rusiya Federasiyası tərkibindəki Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusunun verilə bilməsi nəzərdə tutulur.
Əslində isə Rusiya istəsə, ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinə heç bir məhəl qoymadan Dağlıq Qarabağ problemini "Madrid prinsipləri"nə uyğun olaraq, beynəlxalq hüquq normaları çərçivəsində özü təkbaşına da həll edə bilər. Çox güman ki, belə olan halda rəsmi Bakı müstəqilliyimiz üçün qəbuledilməz olsa da, könülsüzcəsinə Qarabağ xatirinə hansısa xüsusi şərtlərlə bəlkə də Avrasiya İttifaqına qoşula bilər.
Amma eyni zamanda Kreml istəsə, öz ulduzunun "şəfəqlərini" Ermənistanın üstünə saçdırar. Yəni Moskva hazırkı qondarma "Dağlıq Qarabağ respublikası"nı rəsmən tanımaqla bu problemi özü üçün birdəfəlik həll edə də bilər.
Tarix çoxdan təsdiq edib ki, qalibləri heç kim mühakimə etmir. Bir də ki, Rusiyanı Abxaziyaya, Cənubi Osetiyaya və Krıma görə nə qədər mühakimə edə bildilər? Qərb tərəfindən tətbiq olunan sanksiyalar onu öz imperialist iddialarından döndərə bildimi? Elədirsə, bəs niyə Ukraynanın Şərqində onun yandırdığı müharibə alovu hələ də sönmək bilmir?
Bu kimi sualları çox vermək olar. Amma son sual olaraq maraqlıdır: Moskva Dağlıq Qarabağdan dünənə qədər hər iki ölkəyə təsir mexanizmi kimi istifadə edirdisə, bu gün ona özünün yaratdığı Avrasiya İttifaqı naminə problemin birdəfəlik ya o yanlıq, ya da bu yanlıq həll etməsinə kim və ya nə mane olur?
Zənnimcə, burada məsələ bir qədər təzadlıdır. Çünki, bir əldə iki qarpız tutmaq istəyən Rusiya nə Bakı neftindən, nə də Ermənistan "poliqon"undan keçə bilir.
Şübhəsiz ki, Cənubi Qafqaz regionunda Gürcüstanı Abxaziya və Cənubi Osetiyaya qurban verən Rusiya, işğal altındakı Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaqla XIX əsrdə Qafqazda "dünyaya gətirdiyi" və bu günə kimi himayə etdiyi öz "forpost"unu itirə biləcəyindən və həm də ola bilsin xristian erməni keşişlərini küsdürəcəyindən ehtiyatlanır.
Bundan əlavə, Azərbaycan əhalisinin, əsasən, türk mənşəli, eləcə də müsəlman olması sözsüz ki, Rusiyanı narahat etməyə bilməz. Çox güman ki, Rusiya məhz NATO üzvü olan Türkiyə, həm də müsəlman amilinə görə Azərbaycanın sonadək onun yanında sadiq müttəfiqi olacağına inanmadığından, Qarabağ probleminin həllində Azərbaycanın xeyrinə addım atmaqda çətinlik çəkir.
Yox, əgər Rusiya bu məsələni beynəlxalq hüquq normalarına zidd olaraq yuxarıda vurğuladığımız kimi, Ermənistanın xeyrinə həll etmiş olsa, o zaman rəsmi Bakı ilə Moskva arasında Qarabağla yanaşı, indiyə qədər olan bütün bağlar birdəfəlik düyünlənəcək.
Bunu yaxşı anlayan Rusiya əlbəttə ki, özünə görə kifayət qədər enerji resursları və digər təbii sərvətləri ilə zəngin olan Azərbaycanı, daim dilənçi xisləti ilə yaşayan quru Ermənistana qurban vermək istəmir.
Digər tərəfdən isə, Rusiya üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda yerləşən istər Azərbaycanı, istərsə də Ermənistanı itirmək sərf etməz. Əks təqdirdə, Rusiyanın bu bölgədə Abxaziya ilə Cənubi Osetiyanı nəzərə almasaq, cəmi iki ölkədən biri ilə əməkdaşlığı olacaq. Bu isə bir zaman bütün Cənubi Qafqaza hakimlik edən Rusiya üçün əlbəttə ki, qəbuledilməz olar.
Yuxarı baxanda türk bığı, aşağı baxanda isə erməni keşiş saqqalı görən Rusiya, indi bu mənada olduqca çıxılmaz vəziyyətə düşüb. Əslində Rusiya bir zaman özünün düyünlədiyi Qarabağla, hazırkı durumda daha çox öz biləklərinin bağlandığını anlayıb və qəbul etsə, daha yaxşı olar.
Rusiyanın bu çətin vəziyyətdən çıxa bilməsinin ən yaxşı yolu, cəmisi bir aylıq erməni saqqalına "daraq" çəkməməsi olardı. O zaman Azərbaycan əsgəri bığlarını istədiyi kimi "yağlamaqla" həm doğma Qarabağını azad edər, həm də elə Rusiyanı bu vəziyyətdən çıxara bilərdi.
Yeri gəlmişkən, məncə elə Rusiyanın ayaqlarının Qarabağa ilişməsi üzündən oldu ki, Ermənistan iyulun 3-dək Avrasiya İttifaqına üzv qəbul ola bilmədi və məsələ bu ilin oktyabrına qaldı. Bu isə o deməkdir ki, quruma qəbul olunmaq üçün erməniləri payızda sayacaqlar.
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05