İŞİD-ə atır zərbə: terrorçuların lideri yaralandı
12:33 08-07-2014
CƏMİYYƏT
İŞİD-ə atır zərbə: terrorçuların lideri yaralandı
Bağdadi Suriyaya aparılıb, onun yerini deyənə isə 10 milyon dollar mükafat boyun olunub
İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi general Saad Maan İŞİD lideri Əbubəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən videogörüntülərin saxta olduğunu açıqlayıb. General bildirib ki, əl-Bağdadinin Mosulda məsciddə çıxışının görüntüləri analiz olunub və kadrların başdan-ayağa montaj edildiyi aşkarlanıb.
O, deyib ki, İŞİD lideri İraq aviasiyasının son zərbələri zamanı ağır yaralanıb və silahlılar öz liderlərini müalicə üçün Suriyaya aparıblar. Bu açıqlamalar digər mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Qeyd edək ki, İŞİD liderinin video görüntülərində əl-Bağdadi bütün müsəlmanların ona biət etməsini istəyir. Bu günə kimi İŞİD liderinin görüntüləri gizli saxlanıb, onun ABŞ Federal Təhlükəsizlik Bürosunda və İraq Daxili İşlər Nazirliyində cəmi iki fotosunun olduğu bildirilir. Əl-Bağdadi ABŞ tərəfindən axtarışa verilib, onun yerini deyənə 10 milyon dollar mükafat boyun olunub.
Türkiyə baş nazirinin müavini Bülent Arınc isə iştirak etdiyi bir tədbirdəki çıxışında İŞİD terrorçularına qarşı xəbərdarlıq edib. Arınc türkiyəli gənc qızların aldadılaraq İraqa, Suriyaya aparıldıqlarını, cihad adıyla onlardan cinayət əməli üçün istifadə olunduğunu vurğulayıb.
"Quruluş məqsədlərini xilafət dövləti kimi açıqlayırlar. Amma öldürürlər, baş kəsirlər, silahdan istifadə edirlər, zorakılıq törədirlər. "Lə İlahə İləllah" deməsinə baxmayaraq, məzhəbi fərqli olanlara qarşı cinayət işləyirlər. Bu cür təşkilatların Türkiyədə dəstək tapa biləcəyini ağlıma gətirməzdim. Amma son gələn məlumatlara görə, təəssüf ki, bu təşkilatın içində Türkiyədən gedənlər və baş kəsmək üçün növbə gözləyənlər var. Sayları bəlkə də çox deyil. Amma bir nəfər də olsa çoxdur. Bu necə müsəlmanlıqdır? Bu nə qədər böyük bir sapıqlıq?" - Arınc belə deyib.
Bu təşkilatın sosial şəbəkədən effektiv şəkildə istifadə etdiyini deyən Arınc, qızların da bu şəkildə aldadılaraq "cihad"a cəlb olunduqlarını bildirib: "Sosial şəbəkə vasitəsilə gənc, yeniyetmə qızlarımız münasibət yaradır, bir yolunu taparaq o biri tərəfə keçir, onlarla birlikdə bu cinayəti işləyirlər. Bir hissəsi burda yetişdirilir. Bəlkə adlarında fond olan, adları dərnək olan, adları hər hansı bir fəaliyyətdə İslami təyinatlarda gizlənmiş bəzi işlərlə yetişdirilirlər. Onlara cihad səhv öyrədilir. Bir insan, bir gənc qız necə olur ki, sosial şəbəkədə "chatlaşdığı" insanın arxasıyca ölümə gedir?"
Bu arada İŞİD 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kuboku yarışlarının başqa ölkə ilə əvəz olunmasını FİFA-dan tələb edib. Həmin ölkənin "Əl-Vətən" qəzetinin məlumatına əsasən, İŞİD-in liderlərindən olan Əbu Səyyaf Ənsarinin məktubunda deyilir:
"İslam Xilafəti əsgərlərindən Beynəlxalq Futbol Federasiyasının prezidenti cənab Yozef Blatterə!
Bildirirəm ki, İslam Xilafəti dövləti təşkil olunub. Qətərdə heç bir Dünya Kuboku yarışları keçirilə bilməz. Çünki Qətər İslam Əmirliyinin bir hissəsi olaraq müsəlmanların xəlifəsi Əbu Bəkr Bağdadi tərəfindən idarə olunur. O, müsəlman torpaqlarında əyləncə, fəsad və təxribata yol verməyəcək. Buna görə sizə təklif edirik ki, bu yarışların ev sahibliyini başqa ölkəyə keçirəsiniz.
Əks halda, bu yarışlar zamanı partlayış əməliyyatları törədiləcək".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57