Sülhəddin Əkbərdən Milli Şuraya son zərbə
09:33 09-07-2014
CƏMİYYƏT
Sülhəddin Əkbərdən Milli Şuraya son zərbə
Yeni partiya yaradan AzDP sədri bütün komandası ilə birgə birliyi tərk etdi
Xəbər verdiyimiz kimi, iyulun 6-da Azad Demokratlar Partiyasının (AzDP) təsis qurultayı keçirilib. Tədbirdə Sülhəddin Əkbər partiyanın sədri seçilib. Qurultayda Ali Məclisin üzvləri də seçilib.
Qurultay başa çatandan sonra Ali Məclisin ilk iclası keçirilib. Ali Məclis AzDP-nin Milli Şuradakı üzvlərinin bu qurumda fəaliyyətlərini dayandırmaq barədə qərar verib. Bu barədə AzDP sədri Sülhəddin Əkbər məlumat verib: "Bilirsiniz ki, biz Milli Şurada fərd olaraq fəaliyyət göstərirdik. Mən də daxil olmaqla, Ali Məclis üzv olanların qurumda üzvlüyünü dayandırmaq haqqında qərar qəbul etdi. Artıq iyulun 6-dan Milli Şurada fəaliyyətimizi dayandırdığımızı elan etmişik".
Milli Şuradan çıxmaq qərarı verilməsinin səbəbinə gəlincə, S.Əkbər bunları dedi: "Təsis qurultayında çıxışımda bildirdim ki, Azad Demokratlar Partiyasının müttəfiqlik münasibətləri iki prinsip əsasında qurulacaq. Birinci, siyasi-ideoloji prinsiplərdir. İkinci prinsipimiz ondan ibarətdir ki, ölkədə bütün demokratik potensialın mobilizasiyasına imkan verən geniş əsaslı demokratik birlikdə təmsil oluna bilərik. Bundan kənarda hər hansı siyasi birliyin və ya siyasi təşkilatın maraqlarına xidmət edən blokda, koalisiyada iştirak etmək niyyətində deyilik. Bu mövqeyimi ifadə etdim və Ali Məclisdə də müzakirə olundu. Müzakirələrin sonunda Milli Şura ilə bağlı məlum qərar verildi. Milli Şuradakı AzDP üzvləri partiyanın qərarına uyğun şəkildə öz qərarlarını verib, Milli Şurada fəaliyyətlərini dayandırdılar. Yalnız bir nəfər - Ramiz Mirzəoğlu Azərbaycanda olmadığı üçün o, bu məsələyə münasibətini hələ bildirməyib".
S.Əkbər sözügedən qərarı verdikdən sonra Milli Şura rəhbərliyi ilə heç bir danışıqlarının, görüşün olmadığını söylədi: "Görüşə ehtiyac olmadığını düşünürəm. Fürsətdən istifadə edib, Cəmil Həsənli başda olmaqla, Milli Şuradakı dostlarımıza uğurlar arzulayıram". S.Əkbər onu da dedi ki, hazırda partiyanın rəsmi qeydiyyatı və ölkə ərazisində təşkilatlanması əsas prioritetdir. Eyni zamanda, daxildə layiqli yer tutmaq, xarici əlaqələri qurmaq da prioritetlər sırasında olacaq.
Vaxtilə rəhbərliyində olduğu Müsavat Partiyası ilə münasibətlərə gəlincə, AzDP sədri bildirdi ki, Müsavat Partiyası qurultaya hazırlaşır, qurultaydan sonra digər partiyalarla olduğu kimi, bu partiya ilə də müəyyən edilən prinsiplər əsasında normal münasibətlər qurulacaq.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Milli Şuranın yalnız bu kimi məsələlərlə mövcudluğu bilinir. Onun sözlərinə görə, Sülhəddin Əkbər Milli Şuradan istefa verməsə idi, heç Milli Şura yada düşmürdü: "Bu layihə Rusiyanın 2013-cü il prezident seçkilərində yaratdığı və Azərbaycan hakmiyyətinə qarşı istifadə edilidiyi bir layihə idi. Putin Azərbaycandan qayıdandan sonra Milli Şurada iştirak edənlər də yaxşı bildi ki, artıq Rüstəm İbrahimbəyovun kinosu bitib. Və o, yenidən öz kinosunu çəkməklə məşğul olmağa başladı. Rüstəm İbrahimbəyov uzaqlaşandan sonra demək olar ki, layihə başa çatıb. Qurumu təsis edən 130-a yaxın şəxsin yarısı istefa verib. Sonuncu tərk edən İsa Qəmbər və onun tərəfdarları cəmiyyətə mesaj verdi ki, bu, qurum çoxdan öz missiyasını başa vurub".
Hal-hazırda Milli Şurada orda Əli Kərimli ilə Cəmil Həsənlidən başqa bir kimsənin qalmadığını deyən BAXCP yetkilisi vəziyyətin daha da kritikləşəcəyini deyib: "2013 -cü ildə yaranmış Milli Şura çoxdan dağılıb və bu, o deyil. İndiki Milli Şura Əli Kərimlinin şurasıdır. O da bu adla spekuliyasiya edir. 130 nəfərin 60 nəfəri Sülhəddin Əkbərə qədər istefa veribsə , bu şuranın hansı əhmiyyətindən danışmaq olar?".
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev deyib ki, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası Milli Şuradan çıxması ilə əlaqədar quruma rəsmi müraciət etməyib. Onun sözlərinə görə, Milli Şuradan çıxan şəxslər, yaxudda partiya sözügedən quruma müraciət məktubu təqdim edir, eləcə də istefa məsələsi də ərizə ilə həyata keçirilir: "Biz Sülhəddin Əkbərin çıxması xəbərini mətbuatdan oxuduq. Lakin bizə Azad Demokratlar Partiyasının çıxmasına dair heç bir sənəd daxil olmayıb. Bütün hallarda onların gedişini təəssüflə qarşılayırıq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00