"7 rayonun qaytarılması prosesin başlanğıcı olmalıdır"
07:20 14-07-2014
CƏMİYYƏT
"7 rayonun qaytarılması prosesin başlanğıcı olmalıdır"
Politoloqların fikrincə, Qərb diplomatları Qarabağ mövzusunda danışarkən seçdikləri sözlərə diqqət etməlidirlər
Bir neçə gün öncə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışaraq Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılmalı olduğunu söyləyib. Ardınca isə qeyd edib ki, iki ölkə prezidentinin planlaşdırılan görüşünün reallaşması məsələnin həllində faydalı ola bilər.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə Dağlıq Qarabağın statusunun azad iradə əsasında bəlli olacağını deyib. Azərbaycan tərəfi də dərhal məsələyə münasibət bildirərək 7 rayonun qaytarılmasının yalnız birinci mərhələ ola biləcəyini vurğulayıb. Xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib ki, ilk olaraq konkret tədbirlər görülməli, yəni, ərazilərin boşaldılmasının xronoloji sırası müəyyənləşməli, paralel olaraq müvafiq digər tədbirlər görülməli, qoşunlar geri çəkilməli, torpaqlar Azərbaycanın nəzarətinə verilməlidir: "Əsas məsələ ərazi bütövlüyünün bərpa edilməsidir. Azərbaycan tərəfi məsələni həmişə belə qoyub və dövlət başçımız nitqində bunu dəfələrlə nəzərə çatdırıb".
Politoloq Elxan Şahinoğlu da söhbət əsnasında bildirdi ki, xeyli vaxt idi ki, Qərb diplomatları Dağlıq Qarabağ mövzusuna toxunmurdu. Azərbaycan hər zaman münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu desə də, onlar buna diqqət ayırmırdılar: "Amma son zamanlar amerikalı diplomatlar, səfirlik rəsmiləri dönə-dönə vurğulayırlar ki, ilkin mərhələdə yeddi rayon azad olunmalıdır. Hesab edirəm ki, bu, yaxşı məqamdır və Azərbaycanın siyasətinə uyğundur. Ona görə də amerikalı diplomatların belə fikirləri təqdir edilməlidir. Amma bu o demək deyil ki, yeddi rayon azad edilirsə, Dağlıq Qarabağda referendumun keçirilməsinə göz yummalıyıq. Amerikalı diplomatlar bu məqama da münasibət bildirməlidirlər ki, 7 rayonun boşaldılmasından sonrakı mərhələləri necə görürlər. Biz Dağlıq Qarabağa müstəqillik verə bilmərik. Necə ki, Qərb indi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, oradakı separatçılığa qarşı savaşı müdafiə edir, eləcə də Azərbaycanın separatizmlə mübarizəsini dəstəkləməlidir. Amma hər halda, amerikalı diplomatların Qarabağ ətrafındakı 7 rayonun boşaldılması ilə bağlı dedikləri bizim xeyrimizədir.
E.Şahinoğlu qeyd etdi ki, amerikalı diplomatlar ikinci mərhələ barədə də fikirlərini deməlidirlər: "Qeyd edirlər ki, Qarabağın statusunu xalqlar həll etməlidir. Qoy desinlər, Qarabağ öz müqəddəratını necə həll edə bilər? Məlumdur ki, Azərbaycan qaçqınları yurd-yuvalarına qaytarılsalar da, orada ermənilər çoxluq təşkil edəcək. Ona görə də referendumun nəticəsi indidən məlumdur. Dövlət başçısının da dediyi kimi, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verə bilmərik. Birinci dəfə tarixi fürsətdən yararlanaraq yaratdılar, amma ikinci dəfə bunu etmələri mümkün deyil. Belə bir referenduma Azərbaycan razılıq verə bilməz. Bizim nəyə razılıq verə biləcəyimizi dövlət başçısı dönə-dönə vurğulayır. Qeyd edir ki, Avropada ən yüksək muxtariyyət modeli Dağlıq Qarabağa tətbiq edilə bilər. Qarabağ ermənilərinə başqa nə lazımdır? Azərbaycanın tərkibində iqtisadi və sosial rifahlarının yüksələcəyi şübhəsizdir. Qarabağa əvvəlkindən daha yüksək, Avropa standartlarına daha yaxın status verilə bilər. Ona görə də amerikalı diplomatlar yeddi rayonun azad olunması barədə danışırlarsa, ikinci mərhələdə Dağlıq Qarabağa muxtariyyət veriləcəyi barədə də xatırlatma versinlər. Sonrakı mərhələdə referendum keçiriləcəyini demək düz deyil və maraqlarımıza uyğun gəlmir".
Politoloq Elman Nəsirov da danışıqlar prosesinin yenilənmiş Madrid prinsipləri üzrə aparıldığını bildirdi: "Burada, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun geri qaytarılması məsələsi əksini tapıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar da fikirlərini bölüşüb. Təbii ki, Azərbaycan tərəfi dərhal reaksiya verdi və əsas işin Dağlıq Qarabağın tam azad olunması olduğunu dedi. Çünki 5 və ya 7 rayonun qaytarılması hələ yekun deyil. Bəzən 5+2 variantı haqda da eşidirik. Söhbət torpaqların mərhələli şəkildə geri qaytarılmasından gedir. Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər isə ikinci mərhələnin mövzusudur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan 7 rayonun qaytarılmasını münaqişənin həllinin sonu kimi qəbul etməsin. Yəni, 7 rayonun qaytarılması prosesin başlanğıcıdır. Dağlıq Qarabağ tam olaraq Azərbaycanın ərazisidir. Bütün hüquqi arqumentlər, tarixi reallıqlar bunu təsdiqləyir. Ona görə də düşünürəm ki, belə həssas məsələyə son dərəcə ciddi yanaşmalıdırlar. Yəni, onlar elə ifadələr işlətməməlidirlər ki, Ermənistan məsələnin bitdiyini düşünsün. Söhbət birinci mərhələdən gedir. Sonrakı mərhələdə isə ümumiyyətlə, Qarabağın Azərbaycanın tərkibinə qaytarılması müzakirə olunmalıdır. Qarabağın hüquqi statusu məsələsi sonrakı mərhələlərin işidir. Bəli, bunun üçün konkret vaxt göstərilmir. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ ərazisində heç bir azərbaycanlı yaşamır. Belə olan halda, referendumun nəticəsi indidən bəllidir. Hamı bilməlidir ki, Dağlıq Qarabağın müstəqilliyi heç zaman danışıqların predmeti olmayıb. İlham Əliyev bunu dəfələrlə qeyd edib. Əvvəlcə 7 rayon qaytarılsın, sonra azərbaycanlılar və ermənilər orada birgə yaşasınlar və əraziyə sülhməramlı qüvvələr yerləşdirilsin. Həmçinin ərazi minalardan təmizlənsin, kommunikasiyalar bərpa olunsun, birgə yaşamağın mümkünlüyü ilə bağlı həqiqət üzə çıxsın".
Əli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50