Ərəb Şərqini dəyişdirən qara bayraqlılar
10:38 16-07-2014
CƏMİYYƏT
Ərəb Şərqini dəyişdirən qara bayraqlılar
İraqda terror təşkilatı İŞİD-in bəzi şəhərləri ələ keçirməsi Bağdadla kürd administrasiyasının münasibətlərinin korlanması ilə nəticələndi. Kərkükün "Peşmərgə"nin (xüsusi təyinatlı kürd ordu hissələri) nəzarətinə keçməsi, Bağdad ilə Ərbil (kürd administrasiyasının paytaxtı) arasındakı gərgin münasibətlərin məntiqi ardıcıllığı olaraq Ərbil "Kürdüstan" haqqında gözlənilən siqnalı verdi.
Məsud Bərzani administrasiyası müstəqilliyə hazır olduğunu bəyan edərək administrasiyanın statusu ilə bağlı referendum keçirəcəyini bildirdi və Bağdadda kürd administrasiyasını təmsil edən diplomatlar Ərbilin göstərişi ilə administrasiyaya geri döndülər. Kürd administrasiyasının bu addımını diplomatik əlaqələrin kəsilməsi ilə yanaşı, mərkəzi hökumətin ölkənin ən stabil regionunu itirməsi kimi qiymətləndirmək olar.
Bağdad və Ərbil arasında yaşayan gərginliyin səbəbi İŞİD terror təşkilatı hesab edilsə də, əslində kürd administrasiyanın siyasi güc kimi meydana gəlməsi 2003-cü illərə təsadüf edir. Ölkədəki siyasi dəyişikliklər, şiə və sünnilər arasında sosial uçurum, İranın İraqa təsir mexanizmlərinin güclənməsi kürd administrasiyasının güclənərək stabil bir region olmasına təkan verdi.
Əslində Ərbilin əldə olan ciddi (siyasi ,iqtisadi, hərbi) potensiala rəğmən bu vaxta qədər müstəqilliyini elan etməməsinin başlıca səbəbi regiondakı digər xalqların (ərəblər, türkmənlər) buna qarşı olmaları idi.
Bu gün İraqda və xüsusən də Suriyada yaşanan qanlı toqquşmaların yeganə həlli kimi ərəblərin öz aralarında Suriya və İraqı bölmək istəklərində olduğunu görmək olar. Ehtimal edilən bölünmənin fonunda isə İraqın kürd administrasiyasının fürsətdən faydalanmayacağı inandırıcı deyil. Məhz bu səbəbdən də Bərzaninin "artıq bir yerdə yaşamaq istəməyən xalqları bir yerdə yaşamağa məcbur etmək olmaz" bəyanatını heç də təsadüfü hesab etmək olmaz.
Digər bir tərəfdən isə İraqın mərkəzi hökumətindən demək olar ki, asılı olmayan kürd administrasiyası bu asılılığın tamamən aradan qaldırılması üçün keçən ay ciddi addım atdı. Administrasiyanın Maliyyə komitəsinin üzvü Əli Həmasalih Ərbilin İraqdan asılılığının qarşısının alınması üçün administrasiya ərazisində bir müddət yalnız ABŞ dollarını istifadə edəcəklərini, daha sonra isə öz pul vahidi olan kuronun çapına başlayacaqlarını bildirdi.
Təbii ki, bu gün regionda baş verən bir sıra proseslərə nəzər yetirdikdə Suriyanın və xüsusən də, İraqın real olaraq parçalanma təhlükəsi ilə üz-üzə qaldığını görmək olar. Hətta bir vaxtlar regionda kürd dövlətinin yaranacağını istisna edən Rusiya da bu gün bunu qəbul edir. Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov İraqın ərazi bütövlüyünü dəstəkləyən Moskvanın müstəqil kürd dövlətinin yaranacağını istisna etmədiyini bildirib. Lakin bu, o demək deyil ki, regionda müstəqil kürd dövlətinə münasibət birmənalı olacaq.
Ehtimal edilən parçalanmadan sonra yaradılacaq kürd dövlətinə qarşı İranın münasibətinə gəlincə söyləmək olar ki, birmənalı şəkildə İran regionda yeni kürd dövlətinin yaranmasını dəstəkləməyəcək. Hətta İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian verdiyi açıqlamada Tehranın İraqın parçalanmasına əsla imkan verməyəcəyini bildirib. Əslində milli maraqları daxilində çıxış edən İranın bu bəyanatı məntiqə uyğundur. Ən azından ona görə ki, kürd dövlətinin yaranması ilk növbədə İrana da təsir edə bilər və 1946-cı ildə ölkə ərazisində qurulan "kürd dövlətini" yenidən aktual edə bilər.
İrandan fərqli olaraq Türkiyəyə gəlincə isə, Ankara və ölkənin hakim partiyası bu məsələdə daha mülayim mövqe nümayiş etdirdilər. Hakim partiyanın sədr müavini Hüseyn Çelik verdiyi açıqlamada İraqda kürd dövləti qurulacağı təqdirdə Türkiyə ilə qardaş olacağını açıqladı.
Dünən isə Bərzani Ankaraya səfəri zamanı Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdü. Görüş zamanı iqtisadi, siyasi məsələlərlə yanaşı, İŞİD terror təşkilatına qarşı mübarizə də müzakirə edildi. Görüşün nəticəsi olaraq Ankara Ərbilə referendum məsələsində tələsməməyi tövsiyə etdi.
İraqda baş verən siyasi gərginlik, mərkəzi hökumət ilə Ərbil arasında yaşanan qarşıdurma, Ankara-Ərbil münasibətləri onu söyləməyə əsas verir ki, Bərzani hökuməti administrasiyasının statusu ilə bağlı referendum keçiriləcək. Referendumun vaxtına gəlincə isə, böyük ehtimal ki, bu Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərindən sonra olacaq.
Bu gün İraqda İŞİD terror təşkilatının aktivliyi, İraq hökumətinin terrorçulara qarşı aciz olması, bir sıra dövlətlərin terror təhlükəsinə sadəcə olaraq göz yumması onu göstərir ki, qara bayraqlı İŞİD ərəb Şərqini bölmək üçün hazırlanan planın bir hissəsidir.
Rufiz Hafizoğlu
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22