Milli Şuradan istefalar davam edir
10:07 24-07-2014
CƏMİYYƏT
Milli Şuradan istefalar davam edir
Daha bir şura üzvü qurumdan çıxdı: "Milli Şura artıq öz əhəmiyyətini itirib və orada iştirak etməyə dəyməz"
Milli Şuranın başının üstündə qara buludlar hələ də dolaşmaqdadır. Belə ki, müxalifətin parçalanmış sözügedən birliyindən yarpaq tökümü davam edir.
Qeyd edək ki, son bir neçə ayda ən azı 20 nəfər Milli Şuranı tərk edib. Şura üzvü Vaqif Mahmudov da onların sırasındadır. V.Mahmudov Milli Şura haqqında da maraq doğuran fikirlər işlədib və təmsil olduğu qurumun artıq bitdiyini deyib: "Mən faktiki olaraq, Milli Şurada yoxam və onların tədbirlərində iştirak etmirəm. Düzdür, bu qurumdan çıxmaq məqsədilə bəyanat verməmişəm, amma fikrim bəllidir. Orada iştirak etməməyimin ciddi səbəbləri var. Milli Şura artıq öz əhəmiyyətini itirib və orada iştirak etməyə dəyməz. Elə indi də Milli Şuranın üzvləri toplantılara gəlib iştirak etmirlər. Təsəvvür edin ki, sonuncu dəfə 129 Milli Şura üzvünün 49-u toplantıda iştirak edib. Bu, əslində o deməkdir ki, Milli Şura bitib. Onlar məni necə istəyirlərsə, başa düşsünlər. Milli Şura artıq 1999-cu ildən bu yana yaradılan və sonra da pis vəziyyətə qalan təşkilatlardan biri olaraq arxivə qovuşdu. Mən artıq bu qurumda perspektiv görmürəm. Bu müxalifətin yaratdığı və acı tale yaşayan birliklərdən biri idi. Hazırda da fiaskoya uğradı. Məncə, onu nə qədər çalışsalar da, reabilitasiya edə bilməyəcəklər. Milli Şura yaranan zaman qarşısına məqsəd qoymuşdu. Məqsəd isə prezident seçkilərinə hazırlıq, vahid namizəd irəli sürmək, seçkidə qələbə çalmaq idi. Seçkilərdə iştirak olundu və nəticə hər kəsə bəllidir. İndi yenidən bu qurumda qalmaq, guya onun ciddi fəaliyyət göstərdiyini deməyin nə mənası var ki. Əslində, Milli Şuranı quran partiyalar və fərdlər indiyə qədər bir neçə dəfə birləşiblər, sonra isə ayrılıblar. Gələcəkdə də bu gözləniləndir. Mən bunun səbəbini deyə bilmərəm, çünki bu geniş məsələdir. Amma iş ondadır ki, hazırda siyasi apatiya var, maraq yoxdur. Ümumi vəziyyət, siyasi partiyaların cəmiyyətdə cəlbediciliyi də hər kəsə bəllidir. 15 il əvvəl siyasi partiyaların inkişafı prosesi gedirdi, indi bundan danışmaq da yersiz olardı. Biz durğunluq və susqunluq haqda danışa bilərik. Bu situasiyada nəsə etmək isə ağlabatan deyil. İctimaiyyət siyasətə maraq göstərmir".
Milli Şura üzvü daha sonra söyləyib ki, hətta indiki müxalifət səmimi olaraq birləşsə belə, onların gücü hakimiyyətin gücü ilə müqayisədə çox zəif təsir bağışlayacaq: "Onların ümumi gücündən savayı, resurs, maliyyə, imkanı güc və beynəlxalq dəstək baxımından çox aşağıdır. Bu da əslində 2013-cü il prezident seçkilərində bəlli oldu". V.Mahmudov gələcəkdə nələrin olacağını indidən deməyin mümkünsüzlüyünü dilə gətirib: "Amma bir-birinə oxşar hadisələr karusel kimi fırlanır. Neçə ildir ki, eyni birliklər yaranır və sonra da dağılır. Müxalifət anlamalıdır ki, bu düşərgənin güclənməsi indiki müxalifətdən yan keçəcək. Gələcəkdə ola bilsin ki, yeni qüvvələr meydana çıxacaq. İndiki müxalifət partiyaları bu prosesdə iştirak edə biləcəklər, amma liderlər baxımından bu mümkün olmayacaq. İndiki müxalifət liderlərinin gücü ictimaiyyətdə qəbul olunmur. Bütün dövlətlərdə cəmiyyətlər belədir ki, güc, real resurs görməsə, həmin siyasi qüvvəyə tərəf yaxınlaşmır. Real vəziyyətlə barışmaq lazımdır. Müxalifət real vəziyyəti ilə barışsa və bunun üzərində özünün planlarını qura bilərsə, ola bilsin ki, gələcəkdə nailiyyət əldə edə bilər. Yox, indiki kimi reallıqla barışmadan hərəkət edəcəksə, uğur da olmayacaq. Əgər Milli Şura məqsədinə çatmadısa, bunlar anlamalı idilər ki, bu qurumdan imtina olunmalıdır".
Göründüyü kimi, Milli Şuranın üzvləri belə bu qurumun hər hansı bir perspektivinin olacağına inanmırlar. Onlar daxildə hansı oyunların getdiyini gördükləri üçün yaxın günlərdə bu birliyin tamamilə məhv olacağına əmindirlər. Ona görə də Milli Şuranın artıq bitdiyini iddia edirlər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05