Daha bir boş qalan komitə sədri postu uğrunda mübarizə
10:14 24-07-2014
CƏMİYYƏT
Daha bir boş qalan komitə sədri postu uğrunda mübarizə
Həmin yerə də YAP-çı deputatlardan biri təyin edilə bilər
Bu il iyunun 23-də Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat etdi. O, II Fəxri Xiyabanda torpağa tapşırıldı.
A. Vəliyev 1993-cü ilin mayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışırdı. Onun ölümündən sonra boş qalan sədr postuna təyinat isə hələlik gerçəkləşməyib.
"Hazırda Dövlət Statistika Komitəsinin sədri vəzifəsini Həmid Bağırov icra edir". Bunu adıçəkilən komitənin mətbuat xidmətinin rəhbəri Meri Əmirova deyib. Onun sözlərinə görə, Həmid Bağırov keçmiş sədr Arif Vəliyevin birinci müavinidir: "Yeni sədrin nə vaxt təyin ediləcəyi ilə bağlı bizdə də məlumat yoxdur. Komitənin 3 sədr müavini var. Hazırda isə keçmiş sədrin səlahiyyətlərini icra edən Həmid müəllim birinci müavindir".
Qeyd edək ki, üç gün əvvəl YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Bundan əvvəl isə YAP icra katibi, millət vəkili Əli Əhmədov daha yüksək vəzifəyə - baş nazirin müavini görəvinə gətirilmişdi.İndi "Unikal"a belə məlumat daxil olub ki, YAP-ın önəmli simalarının hökumət postlarına təyin edilməsi tendensiyası davam edir. Məsələn, YAP icra katibinin başqa bir müavini, deputat Siyavuş Novruzovun da önəmli hökumət vəzifələrindən birinə təyin edilib-edilməyəcəyi müzakirə mövzusuna çevrilib. Dünən Novruzov özü də bu istiqamətdə gedən ictimai müzakirələrə münasibət bildirib. "Hansısa vəzifəyə təyin olunmağım üçün səlahiyyət partiya sədrinə aiddir" - deyən YAP icra katibinin müavini əlavə edib: "Birinci növbədə, mənim kifayət qədər işim var. Həm Yeni Azərbaycan Partiyasının icra katibinin müaviniyəm, həm də Milli Məclisdə İntizam komissiyasının sədriyəm.
Ümumi işlərdə də fəaliyyət göstərirəm. Amma mənim yeni vəzifəyə təyin olunacağım barədə nəsə bir söz deyə bilmərəm. Çünki bu cür məsələlərdə səlahiyyət partiyanın sədrinə aiddir. Partiya sədri nə vaxt yeni vəzifəyə məni məsləhət bilərsə, o vaxt da bu reallaşa bilər"
Bütün bu yaşananlar fonunda Dövlət Statistika Komitəsinin boş qalan sədri postuna da YAP-ın tanınmış funksionerlərindən birinin təyinat alması istisna edilmir. Düzdür, Siyavuş Novruzovun belə bir vəzifəyə təyinat alması gözlənilən deyil, çünki onun ixtisas sahəsi fərqlidir. Bununla belə, YAP Siyasi Şurasının üzvü olan iqtisadçı deputat Eldar İbrahimovun (onun adı uzun müddət kənd təsərrüfatı naziri postuna iddialılardan biri kimi göstərilirdi), parlamentin YAP-dan olan başqa bir üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli (onun adı isə son prezident seçkilərindən sonra Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi ilə boşalan Dövlət Sosial Müdafiə Fondunun sədri postuna əsas namizədlərdən biri kimi hallanırdı) və bir neçə başqa tanınmış hakim partiya nümayəndəsinin sözügedən komitəyə sədr təyin edilməsi sürpriz olmazdı.
Bütün bu ehtimalların doğrulub-doğrulmayacağını isə zaman göstərəcək.
Onu da deyək ki, "Unikal"a daxil olan məlumatda Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyinatın avqust ayının əvvəllərindən tez gerçəkləşməyəcəyi bildirilir. Mənbələrimiz yalnız mərhum sədrin "qırx" mərasimindən sonra belə bir təyinatın reallaşacağını daha inandırıcı sayır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59