Anamın qara çantası
10:26 24-07-2014
CƏMİYYƏT
Anamın qara çantası
Qara damların işığını yandırmağa gedəkmi?
Səhər anam əlində qara çanta yenə qapının ağzındaydı. Bizim evdə lətifəyə dönmüşdü bu qara çanta məsələsi. Onun içinə demək olar ki, olan-qalan var-dövlətimiz yığılmışdı. Ailəmizin bütün üzvlərinin sənədləri və bir az pul. Anam da deyirdi birdən qaçha-qaç olar, bunlar qalsa, neynəyərik. Amma o çanta axşam yenə yerinə qoyulardı. Anam deyən qaçha-qaç isə olmurdu...
... Bu gün yuxudan oyandıq. Qonum-qonşu bir birinə qarışmışdı. Göydən qrad mərmiləri yağırdı. Anam da bizi səslədi, hamımızı yığdı qapının ağzına. Qara çantası yenə qolundaydı. Atamı gözləyirdik ki, gəlsin bizi bir az sakit yerə uzaqlaşdırsın. Atəş səngiyəndə yenə dönərik. Qaranəfəs evə gələn atam dedi ki, vəziyyət həmişəkindən daha pisdir. "Ona görə sizi Yevlaxa aparacam".
Hamımız yığışıb qapıdan çıxırdıq ki, kiçik qardaşım dedi ki, "qoyun evimizlə sağollaşım". Geri döndü evdə divardan asdığımız əməkdar xalçanı, divarı öpdü, ağladı. Ayağımızı sürüyə-sürüyə maşına minib kəndi tərk etdik. Atam bizi Yevlaxda qohum evinə gətirdi və özü geri Ağdama geri döndü. Heç üstündən bir neçə saat keçmədi ki, zəng edib bəd xəbəri çatdırdı. Əsgərlər onu postdan geri qaytarmışdı. Rayon işğal olunub.
...Paytaxt! İşğal olunmuş rayonlardan gələn insanlar sığınacaq axtarır. Hələ işğalın ümümxalq dərd olduğunu anlamayan atasının gül balaları qaçqınlardan (məcburi köçkünlərdən) narahat olurdular. Bir-birini aşağılayanda "qaçqınsan" deyirdilər...
Anam yenə qara çantası əlində gözləyirdi. Atam ona demişdi ki, tezliklə qayıdacağıq. O boyda torpaq Allahın bədbəxt ermənisində qala bilməz. Ona görə də qara çantalı qadın yenə qapı ağzındaydı. Amma bu minvalla illər keçdi. Atam dünyadan köçdü. Anamın artıq atamın sözünə güvəni qalmadı. Onun qara çantasını qara örtük əvəzlədi. Qapını, xalçanı öpən qardaşımın dodağından o öpüşlərin dadı getdı. Evimizlə vidalaşdığına görə ona həsəd aparan mən artıq evi və torpağı olanlara bəxtəvərlik verirdim.
İllər keçdi... Artıq anamın əlində qara çanta, başında qara örtük yoxdu. Mənim, sənin hər kəsin alnında qara bir ləkə var. İşğal altında olan Ağdamın ağ damları da qaralıb... Onun evi yıxılıb, işığı sönüb. Qara damların işığını yandırmağa gedəkmi???
Məhsəti Şərif
Digər Xəbərlər
2024-11-25 20:08:42
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00