Allahşükür Paşazadə: "İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur"
09:59 25-07-2014
CƏMİYYƏT
Allahşükür Paşazadə: "İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur"
"Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda hazırda mövcud dini durumu qiymətləndirərək Azərbaycanda dini durum, ümumən, sabitdir. Dini icmalar öz fəaliyyətlərini davam etdirir, dövlətin yardım və qayğısı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını həyata keçirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar:"Naşükürlük etmək Allaha xoş getməz, bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyillərsə, bunun günahı onların üzərinə düşər.
Dindarlarımız dövlətin və dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar. Dövlət rəhbərimizin dünya miqyasında İslamın təəssübünü çəkməsini, müqəddəs dinimizə olan hücumları, islamofobiya təzahürlərini ən mötəbər kürsülərdən tənqid etməsini, bütün din və millət ardıcıllarına münasibətdə tolerantlıq, multikulturalizm ideyalarını təbliğ etməsini dindarlarımız böyük rəğbətlə qarşılayırlar. Azərbaycanda bölgənin ən böyük məscidinin tikintisi başa çatmaq üzrədir. Və bu möhtəşəm və nəfis tərtibatlı məscid ölkə prezidentinin bilavasitə diqqət və qayğısı sayəsində ərsəyə gəlir. Dövlət başçımızın builki Ramazanın iftar süfrəsində doğru olaraq vurğuladığı kimi, Azərbaycan cəmiyyəti görür ki, baxmayaraq Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir. Çünki amalımız Azərbaycanın daha güclü olmasıdır". Şeyx həmçinin Azərbaycanda dini məzhəblərarası münasibətlərin kəskinləşməsi məsələsinə toxunaraq deyib ki, bizim məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq, yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki, əlhəmdülillah, biz, dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, inşallah. Allaha şükürlər olsun ki, Azərbaycan, həqiqətən, bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları, habelə müxtəlif məzhəblər arasında səmimi, gözəl münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu nümunədir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq. Azərbaycanın sabitlik və istiqrarda yaşaması, müstəqil siyasət yeritmək qüdrəti bəzi qüvvələri - bədxahlarımızı ciddi narahat edir. Onlar burada qarışıqlıq yaratmaq üçün bəzən din adından sui-istifadə edirlər. Bəli, bu cür meyllər yox deyil. Açığı, bizdə də məzhəblər arasında nifaq salmaq, dinlər arasında iğtişaş yaratmaq istəyirlər. Lakin mən həmişə demişəm, Azərbaycan vətəndaşları öz Vətəninə, torpağına, dədə-baba adətinə sadiqdirlər və heç bir qüvvə onları bu yoldan döndərə, başqa yollara apara bilməz. Çünki bu dövlətin, din-dövlət əlaqələrinin bünövrəsini ulu öndər Heydər Əliyev həzrətləri qoyub. İqtisadi qüdrəti və mənəvi gücü, vətəndaş həmrəyliyi və vətəndaş-dövlət birliyi olan, dini dəyərlərinə sədaqət və ehtiram nümayiş etdirən Azərbaycan cəmiyyətində belə təzahürlər heç bir problem yarada bilməyəcək, inşallah. İŞİD-in Yaxın Şərqdə elədikləri barədə də müsahib fikir bildirib:" Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı dünya ictimaiyyətinə müraciəti oldu. Bu müraciətdə mən din xadimi olaraq bu məsələlərə münasibətimi bildirməklə yanaşı, Ramazan ayı ərzində, bu aya xatir günahsız insanların ölümünə səbəb olan qanlı hadisələrin dayandırılmasının vacibliyini xüsusi vurguladım. Bütün ixtilafların Yaradanımızın buyurduqlarına uyğun tərzdə həllini tapmalı olduğuna diqqəti çəkdim. Necə ki müqəddəs ayeyi-şərifdə buyurulur: "(Ya Muhəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et..." ("ən-Nəhl", 125).
Bilirsiniz, tarix boyunca bütün dinlərin daxilində müəyyən fikir ayrılıqları, ixtilaf və parçalanmalar olub. Bu fikir ayrılıqları şəri məsələlərə dair elmi mübahisələrə əsaslanmalıdır. Təhlükə isə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui-istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır. Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir. Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, "Allahu-Əkbər" sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur. Əgər bir cərəyan ruhani həyat axtarışına deyil, müəyyən ambisiyaların gerçəkləşdirilməsinə xidmət edirsə, bu yolda insan qanının axıdılmasına bəraət verib, terrora haqq qazandırırsa, mütləq Allah və cəmiyyət qarşısında cavab verəcək. Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları diqqətli olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa çağırır".
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24