Girovlardan birinin öldüyü təsdiqləndi
10:00 25-07-2014
CƏMİYYƏT
Girovlardan birinin öldüyü təsdiqləndi
"Ermənilərlə Həsən Həsənovun cəsədinin qaytarılması üçün danışıqlar aparılıb"
"Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamağından Azərbaycan tərəfinin narahatlığı qarşı tərfin diqqətinə çatdırılıb". Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, "Dövlətqaçqınkom"girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyini diqqətə çatdırıb.
"Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiqlənib. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.
Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".Kəlbəcərdə ermənilərin girov götürdüyü Həsən Həsənovun ölüm xəbəri "Dövlətqaçqınkom" tərəfindən yayılan məlumatda təsdiqləndikdən sonra onun atası Fərman Həsənovun vəziyyəti pisləşib. Məlumatda bildirilir ki, həkimlər Fərman Həsənovun tam sakit şəkildə saxlanılmasını məsləhət görüblər. Ailə üzvləri isə Həsənlə bağlı danışmaq istəmir və onun hələ də sağ olduğuna dair ümidlərini itirmirlər.Bir sıra beynəlxalq təşkilatlar isə hələ də susur. "Ayrı-ayrı dövlətlərin parlamentlərinə girovların geri qaytarılması ilə bağlı müraciət ünvanlamağı məqsədəuyğun hesab etmirəm". Bunu ATƏT PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib: "Onu da nəzərə almaq lazımdır ki, indi yay aylarıdır. Avropada da bu vaxtlar istirahətə xüsusi dəyər verirlər. Avropalı deputatlar da tətildədir. Bu səbəbdən parlamentin adından bu və ya digər məsələyə münasibət bildirilməsini istəmək hesab edirəm ki, doğru olmaz. Bunu etsək belə, müvafiq cavabı ala bilməyəcəyik"
Milli Məclisin sədr müavini ATƏT PA-nın prezidentinə ünvaladığı məktubdan da danışıb: "Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının prezidenti İllka Kanevraya məktubla müraciət ünvanladım, təəssüf ki, indiyə qədər konstruktiv cavab almamışam. Hələlik gözləyirik. Əslində, həm ATƏT PA-nın prezidentinə, həm ATƏT-in Minsk Qrupuna, onun həmsədrlərinə ünvanlanan məktubu ATƏT üzvü olan dövlətlərin parlamentlərinə yönəlmiş müraciət kimi də qəbul etmək olar. Bu, həm baş katibliyə, həm də prezidentin ünvanına daxil olub və mətbuatda da bu məsələ işıqlanıb. Oan görə də bunu bütün ATƏT üzvü olan ölkələrə göndərilən müraciət kimi də qəbul etmək olar".
"Girovların geri qaytarılması ilə bağlı Ombudsman Aparatının fəaliyyəti xeyli məhduddur". Bunu Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, girovların geri qaytarılması ilə bağlı Ombudsman Aparatı dünya ombudsmanlarına müraciət etməyə də bilər. "Çünki ombudsmanın ölkə daxilindəki insan hüquqları pozuntuları ilə bağlı daha effektli fəaliyyət göstərmək imkanları var. Qanunvericilik də buna imkan verir".
F.Mustafanın fikrincə, azərbaycanlı girovların geri qaytarılması üçün ümumi təbliğatdan söhbət gedirsə, təbii ki, Ombudsman Aparatının müraciətlər etməsi vacibdır: "Ümumiyyətlə, təkcə ombudsman yox, QHT-lər də bu məsələdə aktivlik nümayiş etdirməlidirlər. Ombudsman isə sülh və girovlar problemi ilə məşğul olan QHT-rə, beynəlxalq nüfuzlu təşkilatlara müraciətlər etməlidir ki, problem bir az da qabardılsın. Ermənistan öz bildiyi şəkildə bu problemləri həll etməyə çalışır.
Ona görə də düşmən tərəfi əgər kiminsə rəyini nəzərə alsaydı, torpaqlarımızı işğaldan azad edərdi. Bu baxımdan buna ümid etməyək. Qəzzada o qədər insan öldürülür, BMT-nin baş katibi ölənləri qınayır, deyir ki, "niyə ölürsünüz?" Belə bir dünyada yaşadığımızı unutmamalıyıq".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24