Heç kim öz vətənində əsir düşmür...
10:01 25-07-2014
CƏMİYYƏT
Heç kim öz vətənində əsir düşmür...
İyunun 11-də əslən Kəlbəcərdən olan iki nəfər Azərbaycan vətəndaşının Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən "əsir" götürülməsi, digərinin qətlə yetirilməsi və qarşı tərəfin bu barədə həyasızcasına məlumat yayması heç bir çərçivəyə sığmır. Ona görə ki, heç kim öz vətənində əsir düşmür, o, ya oğurlanır, ya da girov götürülür.
Əgər həmin şəxslər öz ata-baba yurdlarını, onların qəbirlərini ziyarət etmək məqsədilə gediblərsə və öz dogma torpaqlarında sərbəst hərəkət etmək istəyirlərsə, nə üçün "əsir" götürülürlər? Bu şəxslər hansı sərhədi pozub, hansı dövlətin suverenliyinə toxunub? Bu suallara cavab verə biləcək nə bir erməni məmuru, nə də bir beynəlxalq təşkilat yoxdur. Yəni mülki vətəndaşların işğal olunmuş torpaqlarda girov götürülməsi hansı qanunlarla tənzimlənir?
Prezident İlham Əliyev Azərbaycana gəlmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Lakin Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir və nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoymur. Nəticədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri hələ də işğal altındadır.
Azərbaycan rəsmiləri yetərincə sərt bəyanatlar verərək girov götürülmüş vətəndaşlarını geri istəsə də, hələlik müsbət bir nəticə yoxdur.
Məlumdur ki, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Ermənilər başa düşmürlər ki, artıq Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların boş bəyanatlarından bezib, təşəbbüsü öz əllərinə ala bilərlər və artıq bir neçə dəfə belə hal olub. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi girovları geri almaq iqtidarında deyil, çünki İrəvan bunu istəmir və qorxusundan onlara "əsir" statusu da vermir. Bu isə Azərbaycan və Ermənistan arasında gərginliyin daha da artmasına zəmin yaradır.
Məlumdur ki, Ermənistan bu gün müharibə aparmaq iqtidarında deyil və status-kvonun saxlanmasında maraqlıdır. Yəni münasibətlərdə gərginlik artdıqca müharibə ehtimalı və ya öz torpaqlarımızda girov götürülən vətəndaşlarımızı azad etmək üçün hərbi müdaxilə ehtimalı variant kimi qalır. Digər variant isə vasitəçi kimi ATƏT-in Minsk qrupunda təmsil edilən dövlətlərin imkanlarından istifadə etməkdir.
Məsələnin vaxt kəsimində uzanması isə girovluqda olan vətəndaşlarımızın xeyrinə olmadığı kimi, Ermənistanın da xeyrinə deyil. Girovlara verilən işgəncələr hər bir azərbaycanlıya mənfi təsir edir və bir mənəvi heysiyyətə toxunmaq kimi qiymətləndirirlir. Bu isə təbii ki, Ermənistanın qorxduğu hərbi müdaxilə tələblərinə gətirib çıxara bilər. Çünki bu vəziyyət adi vətəndaşlarımızla bərabər, rəsmiləri, hətta Azərbaycan Prezidentini də daha sərt addımlar atmağa sövq edə bilər. İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini bununla bağlı xəbərdar edib və sülh danışıqlarının nəticə vermədiyini, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll ediləcəyi ehtimalını inkar etməyib.
Məhz buna görə də Ermənistan qısa bir zaman kəsiyində girov götürdüyü iki nəfər həmvətənimizi, digərinin isə cəsədini Bakıya təhvil verməlidir. Belə fikirlər artıq Ermənistanın özündə də səslənməkdədir. Çünki Ermənistan bu addımı atmasa, istər hərbi, istər diplomatik, istərsə də mənəvi cəhətdən böyük itkilərlə üzləşəcək...
Arzu Nağıyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22