Ziya Məmmədov 1 kilometr yolu 10 milyon dollara çəkəcək
11:46 26-07-2014
CƏMİYYƏT
Ziya Məmmədov 1 kilometr yolu 10 milyon dollara çəkəcək
Nəqliyyat nazirinin Asiya İnkişaf Bankından aldığı 625 milyon manatın şok təfərrüatı
Nəqliyyat naziri Ziya Məmmədov sensasion rekorda imza ata bilər. Belə ki, onun nazirliyi 63 km yolu çəkmək üçün 625 milyon dollar vəsait alacaq.
Bu barədə yayılan xəbərdə bildirilir ki, Asiya İnkişaf Bankı (AİB) Nəqliyyat Nazirliyinə Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolu (63 km) çəkmək üçün vəsait ayırıb. AİB və Azərbaycan hökumətinin rəyinə görə, layihənin ümumi qiyməti 625 milyon dollardır. Avqustda bu vəsaitin bir hissəsinin - 250 milyon manatın ayrılması təsdiq ediləcək.
Ekspert Azər Mehdiyevin fikrincə, beynəlxalq maliyyə institutlarının investisiya layihələrində iştirakı yaxşıdır. Onların mütəxəssisləri beynəlxalq normativləri əsas götürür, korrupsiyaya imkan vermir və s. Azərbaycanda da belədirmi? Beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi Bakı-Hacıqabul yolu (120 km) dəfələrlə tənqidə məruz qalıb. Yol 30 il istismar edilməli idi, amma hər il ən azı 2 yerində təmir gedir.
Ümumiyyətlə, ekspertlərin fikrincə, dünyanın heç bir ölkəsində hətta asfalt beton yolun 1 km-i 10 mln dollara başa gəlmir. İspaniyada 8 zolaqlı yolun 1 km-i 1,8 mln dollar, ABŞ-da 2 mln dollar, Finlandiyada 2,8 mln dollar, Rusiyada 3,3 mln dollar, Almaniya və Fransada isə 5 mln dollardır.
Belə çıxır ki, Ziya Məmmədov Azərbaycanda asfalt-beton yolun 1 km-ini hətta dünyadakı bahalı asfalt beton yoldan da 2 dəfə bahaya çəkməyi planlaşdırır. Bunu isə Azərbaycansayağı rekord adlandırmaq olar.
Hər kilometrin qiyməti yolun eni və qalınlığı, ƏDV, layihə sənədləri xərci, torpaq alınması, kommunikasiyaların köçürülməsi və s. nəzərə alınmaqla müəyyənləşir. Bundan başqa, Azərbaycanda kəskin iqlim yoxdur.
Amma istehsalın inhisarlaşdırılması, hökumətin və siyasi hakimiyyətin Nəqliyyat Nazirliyinə lobbiçilik etməsi var. Demək korrupsiya faktını da inkar etmək olmaz.
Asiya İnkişaf Bankının mənzil-qərargahı Filippində yerləşir. AİB-in 67 üzvü var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür, bankın kapitalında 0,5% paya malikdir.
Qeyd edək ki, hələ ötən il Ziya Məmmədov mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışmışdı və mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir.
Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: "Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb".
Əgər sovet dövrü və ölkə təcrid olunmuş səviyyədə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Necə ki, yuxarıda biz kifayət qədər belə fakt sadaladıq (xarici ölkələrin təcrübəsindən!) və həmin faktlardan da aydın görünürdü ki, Azərbaycanda yol tikintisi hədsiz dərəcədə baha qiymətə başa gəlir, bu isə sonucda yolların təmir və tikintisini ciddi korrupsiya mənbəyinə çevirib.
Əgər həmin faktlar kifayət deyilsə, iqtisadçıların başqa bir hesablamasını diqqətə çatdırmaqla yazıya nöqtə qoyaq.
Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrinin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsində 65 milyon manat (82 milyon dollar) ayrılmışdı - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). Halbuki 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı.
Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar.
Şərhə ehtiyac qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57