Mikayıl Cabbarovdan icra başçılarının "təhsil bazarı"na ağır zərbə
11:48 26-07-2014
CƏMİYYƏT
Mikayıl Cabbarovdan icra başçılarının "təhsil bazarı"na ağır zərbə
Rayon rəhbərlərinin təhsil şöbələri müdirləri sayəsində "qaz vurub qazan doldurmalarına" son qoyulur
Rayon təhsil şöbələrinin bağlanmasının ən böyük zərbəsi rayon icra hakimiyyəti başçılarına dəyəcək. Çünki yerli təhsil şöbələrinin rəhbərləri təmsil etdikləri nazirlikdən çox icra başçılarının sözü ilə oturub-durur, onların "kassalarından" biri kimi çıxış edirdilər. Bunu "Unikal"a adının çəkilməsini istəməyən ekspert bildirib.
Qeyd edək ki, dünən verilən məlumata görə, prezidentin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncamla bağlı Təhsil Nazirliyində işçi qrup yaradılıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, işçi qrup Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq.
Bildirək ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Təhsil Nazirliyinin regional idarələri yaradılıb və təhsil şöbələri ləğv olunub. Bu, təhsil naziri Mikayıl Cabbarovun icra başçılarına ağır zərbəsi olaraq da dəyərləndirilə bilər.
Xatırladaq ki, bundan bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də təhsil şöbələri rəhbərlərinin icra başçılarından asılılığı probleminə toxunmuş və bu barədə sərt fikirlər səsləndirmişdi. "Ramiz müəllim məktəb direktorlarının, rayon təhsil şöbələrinin daha çox icra hakimiyyətlərindən asılı olmasını tənqid etmişdi. O bildirmişdi ki, məktəb direktorları, təhsil şöbələrinin müdirləri Təhsil Nazirliyindən daha çox rayon icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər və bu vəziyyəti dəyişmək lazımdır. Həmin vaxt mətbuat yazdı ki, təhsil şöbəsi rəhbərləri bu çıxışdan narahat olublar, çünki yerli icra hakimiyyətlərinin Təhsil Nazirliyinin səlahiyyətlərinə müdaxilə imkanları aradan qaldırılardısa, bu, bəzi təhsil şöbəsi müdirlərinin arxasız qalmasına və işdən uzaqlaşdırılmasının asanlaşmasına gətirib çıxaracaqdı" - deyən həmsöhbətimiz hesab edir ki, əslində rayon və şəhər təhsil şöbələrinin ləğvi məhz onların yerli icra başçılarından asılılığını birdəfəlik aradan qaldırmağa hesablanıb. Regional təhsil idarələrinin daha çox müstəqil ola biləcəyinə inamını ifadə edən ekspertin fikirlərini bölüşənlər isə kifayət qədərdir.
Məsələn təhsil üzrə ekspert, keçmiş millət vəkili Şahlar Əsgərovun məlum yeniliyə münasibətinə görə rayon təhsil şöbələrinin ləğvinin daha çox icra başçılarının maddi maraqlarına böyük zərbə olduğu anlaşılır. "İcra hakimiyyətləri rayon təhsil şöbələrinə, məktəblərə obyekt kimi baxırdılar. Ona görə də region idarələrinin yaradılması barədə sərəncamı çox müsbət qarşıladım" deyən Şahlar Əsgərovun fikrincə, prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı sərəncam təhsil sahəsində struktur islahatının başlanğıcıdır:"Bu sərəncam hökmən öz müsbət nəticəsini verəcək. Ona görə ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icra hakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur. Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdı və azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq".
Ş. Əsgərov onu da qeyd edib ki, bu, təqribən kolxozların ləğv olunub, yerinə fermer təsərrüfatlarının yaradılmasına bənzəyir.
Onu da deyək ki, hələ Misir Mərdanov təhsil naziri olarkən təhsildə baş verən qanunsuzluqlar, o cümlədən yerli icra orqanlarının rayon təhsil şöbələrinin "ayrılmaz tərkib hissəsi" olması barədə iradlarını nazir olduğu müddətdə çıxışlarında bildirirdi. Bu fikirlər Misir Mərdanovun yerli icra orqanlarının təhsilin idarə edilməsinə müdaxiləsini dolayı yolla təsdiqləyirdi. Sabiq nazir rayon təhsil şöbələrindəki özbaşınalıqlara və Təhsil Nazirliyinə tabe olmamalarına da çıxışlarında az eyham vurmayıb.
"Hər bir rayonda icra strukturları təhsil və səhiyyə sahəsinə müdaxilə edə bilirlər. Çünki təhsil və səhiyyə şöbələri birbaşa onların kurasiyasındadır. Heç kəsə sirr deyil ki, rayon təhsil şöbəsinin müdirini icra başçısı təyin edir. Gələcəkdə təhsili inkişaf etdirmək üçün sistem dəyişilməli, təhsil sistemi yeniləşməlidir. Radikal təkliflər vermək imkanı olmasa, hesab edirəm ki, yeni nazir ciddi işlər ortaya qoya bilməyəcək". - bunu isə aylar əvvəl bir başqa təhsil eksperti Məhərrəm Zülfüqarlı demişdi.
Əslində eyni pessimizmi çoxları bölüşürdü. Amma rayon təhsil şöbələrinin ləğvi kimi qəfil və radikal addımın artıq icra hakimiyyəti başçılarının təhsil sahəsinə "bazar" münasibəti sərgiləmələrinin sonu, onların qanunsuz yolla kifayət qədər ciddi gəlir əldə etmələrinin başa çatması kimi qiymətləndirmək mümkündür.
Məlum qərardan itirən icra başçıları olacaq, arzu edək ki, qazanan isə təhsilimiz olsun.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42