AXCP-ni Arif Hacılı sıradan çıxaracaq
11:49 26-07-2014
CƏMİYYƏT
AXCP-ni Arif Hacılı sıradan çıxaracaq
Bu parlament seçkilərində vahid siyahı olmayacaq
Müsavat partiyasında başqan seçkiləri yaxınlaşdıqca partiyadaxili parçalanmalar daha qabarıq şəkildə görünməyə başlayıb. İsa Qəmbər tərəfdarları hazırkı başqanın yenə postunda qalmasını, nisbətən loyallar Qubad İbadoğlunun başqan seçilməsini, radikal və İsa Qəmbər mühitindən yorulanlar isə Arif Hacılının namizədliyini dəstəkləməkdədirlər.
Bunu da qeyd edək ki, hazırda bu güclər sırasında daha effektli işləyənlər və indidən seçkini udanlar Arif Hacılı tərəfdarlarıdır. Hətta iş o yerə çatıb ki, indidən partiyanın nizamnaməsində dəyişikliklər etməklə Arif Hacılının uzun müddətli başqan olmasını təmin etmək istəyənlərdə var."Müsavat Partiyasının qurultayında başqanlıqla bağlı nizamnaməyə dəyişiklik edilə bilər. Ancaq İsa Qəmbər bəyan edib ki, nizamnamənin müvafiq maddəsi - bir nəfərin iki dəfədən artıq seçilməsi məsələsi dəyişdirilsə belə, o, yenidən başqanlığa namizədliyini irəli sürməyəcək".Bunu açıqlamasında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli deyib.
M. Hacıbəyli bildirib ki, Nizamnamədəki "bir nəfərin iki dəfədən artıq seçilməməsi" müddəasının dəyişdirilməsi ilə bağlı partiyada kifayət qədər müzakirələr olub, təkliflər verilib, hər bir təklif ətrafında da geniş fikir mübadiləsi aparılıb: "Prinsipcə, bu məsələ qurultayın səlahiyyətindədir və səsverməyə çıxarıla bilər. Bununla bağlı, təkliflər də var. Ancaq rəylər artıq bəllidir. Ümumiyyətlə, Müsavat Partiyası Azərbaycana bir sıra yeniliklər gətirib. İlk dəfə olaraq, partiyada qadınlara kvota ayrılıb, yetərsayın aşağı salınması barədə qərar qəbul olunub. Eyni zamanda biz bir nəfərin iki dəfədən artıq seçilməməsi ilə bağlı müddəanı da tətbiq edirik. Artıq bir neçə ildir ki, Müsavat Partiyasında rayon təşkilatlarının sədrliyinə və digər vəzifələrə bir nəfər iki dəfədən artıq seçilmir və növbəti qurultayımızda bu, başqan məsələsinə də aid olacaq".
Amma Hacılıların bu istəyinə qarşı partiyada dirəniş göstərənlərdə var və onlar hər hansı güzəştə getməyi məqbul saymırlar. Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, nizamnamədə başqanlıqla bağlı müddəanın dəyişdirilməsini məqsədəuyğun hesab etmir: "Qurultayın nizamnamədə dəyişiklik etmək səlahiyyəti var. Partiyada Nizamnaməyə dəyişiklik edilməsinin tərəfdarı olanlar da var. Bütün bu təkliflər zaman-zaman qiymətləndirilib və yenə də qurultayda partiya üzvlərindən kimsə belə bir təkliflə çıxış edə bilər. Ancaq bu cür demokratik bir nizamnamədə dəyişiklik olunmasını şəxsən mən məqsədəuyğun hesab etmirəm. Eyni zamanda partiyanın başqanı da öz mövqeyini dəfələrlə bildirib. Nizamnaməyə dəyişiklik olsa belə, onun hazırkı başqana aidiyyəti olmayacaq".Amma "Unikal"a daxil olan məlumatda daha maraqlı nüanslara aydınlıq gətirilib. Məlum olub ki, Arif Hacılının namizədliyini istəməyən qüvvələr hazırda bir mərkəzdə cəmləşiblər və bir neçə dəfə İsa Qəmbərlə söhbət aparılıb ki, qurultay zamanı İsa Qəmbər açıq şəkildə Qubad İbadoğlunu dəstəkləsin. Həqiqətən də İsa Qəmbər Qubad İbadoğlunu dəstəkləsə Arif Hacılı geri çəkilmək zorunda qalacaq. Qubad İbadoğlunun indiyə qədər təmkinli davranmasının əsas səbəbi də İsa Qəmbərdən dəstək almaq ümidi ilə bağlıdır. Buda bildirilir ki, İsa Qəmbər Qubad İbadoğluna dəstək verməyəcəyi təqdirdə yeni partiya yaranacaq. Çağdaş Rəsulzadəçilər Partiyası adlanacaq qurum müsavatçılığın varisləri kimi gündəmə gələcəklər. Bununla da demək olar ki, müxalifət düşərgəsində parçalanma daha da genişlənəcək. Hətta partiyada parçalanma olmazsa və Arif Hacılı başqan seçilərsə bu yenə müxalifət düşərgəsində zəlzələ yaradacaq. Çünki Arif Hacılı yeganə müsavatçılardandır ki, açıq şəkildə AXCP ilə əməkdaşlığın əleyhinədir və Əli Kərimliyə patoloji nifrəti var. Hətta iki il öncə AXCP-Müsavat birliyi söhbəti ortaya çıxanda Arif Hacılı açıq şəkildə bu təklifə zidd getdi və AXCP rəhbərliyini demək olar ki, Əbülfəz Elçibəyə xəyanətdə suçladı. Buna görə də indidən demək olar ki, qarşıdan gələn parlament seçkilərində daha müxalifət vahid siyahı ilə seçkilərə qatıla bilməyəcəklər. Elə buna görə də əksər ekspertlər hesab edir ki, Müsavat seçkilərə AXCP-dən kənarda gedərsə bir neçə mandat qazana bilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05