QHT rəhbəri: "Leyla Yunusun həbsindən ajiotaj yaratmağa ehtiyac yoxdur"
10:40 01-08-2014
CƏMİYYƏT
QHT rəhbəri: "Leyla Yunusun həbsindən ajiotaj yaratmağa ehtiyac yoxdur"
"Hesab edirəm ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir. Günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz".
Bunu açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
E. Behbudov bildirib ki, hazırda istintaq getdiyi üçün konkret fikir söyləmək çətindir: "Hesab edirəm ki, insan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağın başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə özünə hörmət etməlidir".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə APA-ya bildirib ki, Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir: "Şübhə etmirəm ki, hüquq-mühafizə orqanları Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracaq və düzgün qiymət verəcək. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq. Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid edə də bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbirli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə APA-ya Leyla Yunusun həbsinin gözlənilən olduğunu deyib: "Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi. Bilirsiniz ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib. Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlanıldı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı. Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanılmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu isə APA-ya bildirib ki, vətəndaş cəmiyyəti təmsilçisi kimi azadlığın məhdudlaşdırılmasının tərəfdarı deyil: "Amma bu gün Leyla Yunusa və həyat yoldaşına qarşı kifayət qədər ciddi ittihamlar var. Bu məsələlərə aydınlıq gətirilməlidir. Bu cür məsələlərə tolerant yanaşmaq lazımdır. Ajiotaj yaratmaya ehtiyac yoxdur. Əminəm ki hər hansı ciddi faktlar olmasa, bu həbslər baş verməzdi. Mən vətəninin bir hissəsi işğal olunmuş şəxs kimi deyə bilərəm ki, dövlətə xəyanətlə barışmaq olmaz. Həmin məsələ araşdırılmalı, günahkar varsa, layiqli cəzasını almalıdır".
Qeyd edək ki, iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Əli
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05