Politoloq: "F.Ollandın təşəbbüsünü ABŞ-ın iflasa uğratması Rusiyanı yeni addıma təhrik edə bilər"
12:29 02-08-2014
CƏMİYYƏT
Politoloq: "F.Ollandın təşəbbüsünü ABŞ-ın iflasa uğratması Rusiyanı yeni addıma təhrik edə bilər"
Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təşəbbüsü iflasa uğradıldı
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Azərbaycan iflasa uğradılma prosesində iştirak etmədi: "Bir neçə arqument var: a) Azərbaycanla Fransanın münasibətləri müsbət artan dinamikaya malikdir və hər iki tərəf bu münasibətləri dəyərləndirir. b) Fransa hətta Azərbaycana hərbi texnologiya və silah satmağa başlayıb. c) Üçüncü arqument Azərbaycan prezidentinin Bastiliyanın alınması günü münasibətilə Fransa prezidentinə göndərdiyi təbrik məktubunun mətnidir. ç). Amma Azərbaycan görüş xatirinə görüşün əleyhinədir. Rəsmi Bakı Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına əsas yaradan sənədin imzalanması ilə başa çatan görüşün tərəfdarıdır".
M.Əhmədoğlu qeyd edib ki, Fransa prezidentinin təşəbbüsünü Ermənistan və ABŞ iflasa uğratdı: "A) F.Oland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ məsələsində ermənilərin tapdığı həll düzgün həll deyil, Olland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü irəli sürəndə əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin düzgün həllini tapmaq idi. Ermənilərin həllini düzgün hesab etməməklə Oland ermənilərə ciddi zərbə vurdu. Düzgünlüklə, həqiqətlə ermənilərin arasındakı məsafə Yerdən Ayadəkdir. Ona görə ermənilərin Ollanddan acığı gəldi. B) Ollandın Gürcüstan rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etməsi də erməniləri qıcıqlandırdı. Çünki Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rola malikdir. Ermənistanın bəxti gətirib ki, Dağlıq Qarabağ tənzimlənməsində "Gürcüstan" adlı mexanizm işə düşmür. C) Ənənəvi ermənipərəst dövlət hesab olunan Fransada Dağlıq Qarabağ tənzimlənməsinə dair sənədin imzalanması dünya erməniləri üçün böyük zərbə ola bilərdi. Ç) Ermənistan prezidentinin Bastiliya günü ilə əlaqəli Ollanda göndərdiyi təbrik məktubu da Ermənistanın təhtəlşüurunun göstəricilərindən biridir".
M.Əhmədoğlunun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ədalətli tənzimlənmənin tərəfdarı deyil. Tərəfdarı olsaydı, ATƏT MQ həmsədrlərinin atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş bəyanatından üç gün qabaq fərqli mövqe ortalığa qoymazdı.
Politoloqun fikrincə, "Amerikan" variantının mahiyyəti həmsədrlərin ədalətli mövqe nümayiş etdirən bəyanatının effektini əvvəlcədən öldürmək idi:
""Amerikan" variantında əvvəlcə Dağlıq Qarabağ ermənilərinə statusun (oxu: müstəqilliyin) verilməsi sonra isə Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutulur. Üç həmsədr ölkənin birgə yaydığı bəyanatda isə əvvəlcə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarılması sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi nəzərdə tutulur. Eləcə də bu halda statusun müəyyənləşməsində təkcə Dağlıq Qarabağın erməniləri deyil, həm də azərbaycanlıları iştirak etməlidirlər".
M.Əhmədoğlunun sözlərinə görə, ABŞ fransalı həmsədri Vaşinqtona dəvət etdi və Ollandın təklifinin zərərli olduğunu bildirdi:
"Rəsmi Vaşinqtonun fikrincə, ermənilər güclü antirusiya maşınıdır və bu maşın fəaliyyətdə olduğu üçün onun nazı ilə oynamaq lazımdır. Ona görə Uorlik yenidən aktivləşdi və özünü ATƏT MQ həmsədrlərinin rəhbəri kimi aparmağa başladı. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana və Ermənistana son səfəri zamanı Dağlıq Qarabağ tənzimləməsi barədə eyni mövqe nümayiş etdirdi: Status-kvonun dəyişilməsi, praktiki addımların vaxtı çatıb; "Dinc tənzimləmə" terminini işlətmədi, Ollandın təşəbbüsünə dəstək verdi".
M.Əhmədoğlu qeyd edib ki, F.Ollandın təşəbbüsünün sonu bəllidir: "ABŞ prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü öz əlinə keçirib. Həmsədrlər son bəyanatında BMT BA çərçivəsində Nyu-York görüşünü gündəliyə gətiriblər".
Politoloq hesab edir ki, iki məsələ ən ciddiliyi ilə nəzərə alınmalıdır: "Birincisi, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aydın fəaliyyət planı var və bu plan reallaşır. Dünyada heç bir qüvvə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycanın fəaliyyət proqramını dayandıra bilməyəcək. Həmsədrlərin ehtimali diplomatik qalmaqal yaratma imkanları nəzərdən keçirilib. Onlar bilsinlər ki, diplomatik qalmaqal, beynəlxalq hay-küy yarada bilməyəcəklər və ya effekt ala bilməyəcəklər. İkincisi, Rusiyanın Ermənistandakı maraqlarının müəyyən keyfiyyət mərhələsinə çatmasıdır. "ArmRosQazProm" Gorusdan Dağlıq Qarabağa təbii qaz daşıyan "Tex-Stepanakert" qaz kəmərini öz balansından çıxartdı".
Politoloqun fikrincə, bu, Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması istiqamətində Rusiyanın atdığı ən effektli praktiki addımdır.
M.Əhmədoğlunun sözlərinə görə, Rusiya bu istiqamətdəki fəaliyyətini davam etdirəcək: "Qarabağ ermənilərinin qışda qazla təmini üçün Rusiya tərəfi hüquqi baza yaratmalıdır. Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsinə imkan verən sənəd imzalandıqdan sonra mümkündür. Belə sənəd yalnız Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı imzalana bilər. ABŞ-ın təşəbbüsü ilə keçirilən prezidentlərin görüşündə danışıqlar "amerikan variantı" ətrafında gedir. Ona görə rəsmi Moskva Azərbaycan və Ermənistan prezidentlərinin barədə təşəbbüs irəli sürə bilər".
Politoloq əlavə edib ki, "Tex-Stepanakert" qaz kəməri ilə bağlı Rusiyanın qəbul etdiyi qərar rəsmi Moskvanın Dağlıq Qarabağ tənzimlənməsində açıq kartla oynamağa başladığının göstəricidir; Rusiya Ermənistandan çəkinmir:
"Ona görə prezidentlərin görüşü barədə təşəbbüs irəli sürməklə ABŞ-ın ATƏT-in həmsədrləri arasında "sədrliyinə" də son qoya bilər. Rusiyanın təşəbbüsü ilə keçirilən bu görüş DQ münaqişəsinin tənzimlənməsi, regionda sabitliyin möhkəmləndirilməsi ilə bağlı mühüm addım ola bilər. Bu həm də Rusiya və Azərbaycanın bir-birini tamamlayan maraqlarının qarşılıqlı inkişafına da ciddi şərait yaradacaq. İndi Rusiyanın Azərbaycanla bir-birini tamamlayan qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər sxeminə ciddi ehtiyacı var. Təkcə Rusiyanın yox".
Digər Xəbərlər
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57