Əli Həsənov: "Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar müvafiq nəticəyə gəlmək üçün əsas yaradır"
10:53 06-08-2014
CƏMİYYƏT
Əli Həsənov: "Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar müvafiq nəticəyə gəlmək üçün əsas yaradır"
"Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində öz öhdəliklərinə ardıcıl əməl edən, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına hərtərəfli dəstək verilən ölkədir. Bu gün Azərbaycanda 2500-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiya azad, sərbəst şəkildə fəaliyyət göstərir. Buna görə də ölkəmizdə insan haqlarının durumu, söz və məlumat azadlığı və digər sahələrdə mövcud vəziyyəti mənfi qiymətləndirən müəyyən xarici dairələrin, təşkilatların iddialarını əsaslı hesab etmirəm".
Bunu Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun həbsi ilə bağlı beynəlxalq təşkilatların bəyanatını şərh edərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov düşünür ki, bu iddialarla çıxış edən xarici təşkilatlar öz ölkələrində baş verən neqativ hallara diqqətlərini artırsalar, daha obyektiv görünərlər: "Konkret olaraq Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüblər. Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz. Diqqətə çatdırmaq istərdim ki, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq qanunlar cinayət törətdiyi ehtimal olunan şəxslərin fəaliyyət istiqamətinə görə məsuliyyətdən azad olunma praktikasını nəzərdə tutmurlar. Hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir".
PA sözlərinə görə, digər tərəfdən, açıq-aydın görünür ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan anti-milli qrup fəaliyyət göstərir: "Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır. Bu qrup daim cəmiyyətdə inamsızlıq mühiti yaratmaq, milli birliyi sarsıtmaq, xaricdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyəti daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir. Onların nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verə bilməz".
Digər Xəbərlər
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12