Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi əsas məqsədə çevrilib
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi əsas məqsədə çevrilib

Ramil Süleymanov: "Vətəndaşların hüquqi,siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb"

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Bu səylərin artırılması istiqamətində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il Sərəncamı vardır.
Bu sərəncamda İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi istiqamətində Azərbaycanda vətəndaş cəmiyyəti İnistitutları ilə birgə əməkdaşlıq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam verilmişdir. Konstitusiyanın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
"Demokratik Gənclər" İctimai Birliyinin sədri, karyera, təhsil və liderlik üzrə ekspert Ramil Süleymanov "Unikal" qəzetinə müsahibəsində deyib ki, son illər Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görülüb. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər öz bəhrəsini verməkdədir: "Bu qanunların qəbul olnması və ondan irəli gələrək, görülən işləri analiz edərək, deyə bilərəm ki, görülən işlər artıq öz bəhrəsini verməkdədir. Əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər. Bu qanunla Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanlar verir. Bu qanunla biz vətəndaş cəmiyyəti İnistitutlarına imkan verir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə aktiv fəaliyyət göstərək. Azərbaycanda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülmüş və bu günümüzdə də görülməkdədir.
R.Süleymanov onu da nəzərə çatdırıb ki, görülən işlərin sayının artmasına Azərbaycanda gənclərin ictimai siyasi və sosial aktivliyinin artırılması istiqamətində Azərbaycan Respublikasında ölkə başçısının bu istiqamətdə verdiyi sərəncamlar nəticəsində gənclərlə işləyən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə olduqca müsbət təsirlərini göstərib. Onun fikrincə, ən əsas təsirlərdən biri bu institutların xarici donorların təsir dairəsinin azaldılması olub: "Xarici donorların əsas ayırdıqları maliyyə yardımı Azərbaycanda konkret olaraq bir sıra uzun müddət bu sahədə ixtisaslaşmış QHT-lərin fəaliyyətinə dəstək olub. Amma Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və keçən ildən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "İctimai təşəbbüslərin dəstəklənməsi" layihəsi və digər maliyyə yardımları Azərbaycan gəncləri və gənclər təşkilatlarının yaradıcı ideyalarının formalaşmasına böyük köməklik olub. Rəhbərlik etdiyim "Demokratik Gənclər" İctimai Birliyi 2004-cü ildən başlayaraq, artıq 10 ildir ki, Azərbaycanda gənclərinin vətəndaş cəmiyyəti quruculugunda ictimai fəallığının artırılması istiqamətində durmadan müxtəlif layihələr icra edir. Hal hazırda birliyimiz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasını nəzərdə tutan - 6.3.7. müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması; bəndini icra etmək üçün "Peşələri məsafədən seçək" layihəsi çərçivəsində aktiv təlimlərə başlamışdır. Bu təlimlər vasitəsi ilə artıq Şəkidə, Sumqayıtda, Siyəzəndə, Şamaxıda maraqlı təlim və tədbirlər həyata keçirmişik".
Müsahibimiz deyir ki, biz bu layihə çərçivəsində gənclərin aktiv həyata çıxış imkanları, düzgün peşə seçimi, düzgün iş axtarışı mövzusunda həm təlimlər keçirir, həm də gənclərə yardım edilir. Bununla yanaşı, bu layihə nəticəsində gənclər üçün www.karyeram.az saytı da yaradılıb: "Bu saytda gənclər üçün: pulsuz iş elanları, biznes məsləhətləri, karyera imkanlarının artırılması haqqında olduqca zəngin məlumatlar yerləşdirmişik. Bu saytın köməkliyi ilə son 1 il ərzində 50 nəfər gənc öz ixtisası üzrə yeni iş yerləri ilə təmin olunmuşdur. Bu saytdan bəhrələnən 20 nəfər gəncin müxtəlif istiqamətli Biznes Planı dəstəklənmiş və onlar da öz növbəsində kiçik sahibkara çevrilmişlər. Birliyimiz eyni zamanda gənclərin Liderlik bacarıqlarını artırmaq üçün, başqa bir layihə düşündü, Bu Siyəzən gənclərinin liderlik məktəbi layihəsidir. Bilirsinizmi biz qarşımıza məqsəd kimi bütün Azərbaycan gənclərinə xidmət qoydugumuza baxmayaraq, Bakıda və başqa iri şəhərlərdə bizim həmkarlarımızın fəaliyyətlərinin üstünlüklərini nəzərə alaraq, Azərbaycan Regionlarına bu regionlarda fəaliyyət göstərən, olduqca maraqlı ideyaları olan gənclərin bütün Azərbaycan ictimayyətinə tanıdılmasına yardım etmək və onlardan Gələcək Azərbaycan üçün əsl yaradıcı Milli Liderlər yetişdirməkdir".
R.Süleymanovun sözlərinə görə, bizim təlimlərimiz tək bununla bitmir, ümumiyyətlə, Birliyin fəaliyyət istiqaməti çox şaxəlidir: "Birliyimiz təkcə bu istiqamətdə peşəkar liderlər hazırlamır,həm də İKT, yeni təlim texnalogiyaları sahəsində də ixtisaslı kadrlar yetişdirir. Təkcə 2013-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər 1477 nəfər gənc pedaqoqa təhsildə yeni texnalogiyalar, Veb 2.0 və Veb 3.0 alətlərin köməkliyi ilə Passiv Təhsildən Aktiv Təhsilə Dogru şüarı adı altında müəllimlərə təlimlər keçmişik. Bu müəllimlərin 80%-i Azərbaycanın müxtəlif regionlarını əhatə edir. Bununla yanaşı, Azərbaycanın paytaxtı Bakı şəhərindən: Vəfa Vəliyeva, Könül Təhməzova, Vəfa Məmmədova, Səadət Zeynalova, Nailə Həsənova və başqalarını misal çəkmək olar. Vəfa Vəliyeva və Könül Təhməzova bu təlimçilər içərsində olduqca aktivliyi ilə seçilirlər. İsmayıllı rayonundan olan təlimçimiz Surə Mehdiyeva o qədər fəallıq göstərib ki, öz regionu üçün iki əhəmiyyətli böyük layihənin müəllifi kimi region müəllimlərinə tətbiq edib. Amma əvvələr bu təlimçimizin özünə inamı yox idi. Aparılan söhbətlərin nəticəsində İsmayıllı rayonu üzrə ən fəal təlimçidir. Hətta onu Bakıda keçirilən konfranslarda innovativ müəllim adlandırırlar. Digər bir təlimçimiz Vəfa Məmmədova bir zamanlar passiv həyat tərzi keçirməsinə baxmayaraq, bu gün Prometan, MİMİO, SMART tipli elektron lövhələr üzrə peşəkar təlimçidir. Hətta Mimio lövhələri üzrə keçirilən Beynəlxalq müsabiqədə 1-ci yer tutmuşdur. Onlar artıq Beynəlxalq konfranslara məruzəçi kimi dəvət olunurlar. Artıq onlar bu sahə üzrə peşəkar bir ekspertə çevriliblər. Bax budur bizim üçün ugur. Bu təlimçilərlə yanaşı, Azərbaycan regionlarından digər sahələr olan Peşə Seçimi və Karyera, Kanfliktalogiya, kurikulum, Fandreyzinq və sairə bölmələr üzrə 10 illik təcrübə əsasında 200 peşəkar Təlimçi hazırlamışıq. Hətta bu təlimçilərin bir qismi hal hazırda beynəlxalq statuslu təlimlərin təlimçiliyini edirlər. Biz bu gənclərlə fəxr edirik. Hal hazırda bu fəaliyyətimizi davam etdiririk. Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir".