Siyasi maarifləndirmə yoxsa kilsə oyunları
13:01 13-08-2014
SİYASƏT
Siyasi maarifləndirmə yoxsa kilsə oyunları
Eçmiədzin erməni cəmiyyətini girovluqda saxlayır
Son günlər atəşkəsin geniş miqyaslı pozulması siyasi-hərbi durumu kifayət qədər gərginləşdirdi. Ermənistan tərəfinin gözlənilmədən hücum etməsi və 13 əsgərimizin şəhid olmasından sonra Azərbaycan ordusu əks-həmlə etdi və Ermənistan tərəfi ciddi itkilərlə geri çəkilməli oldu. Məhz bundan sonra Bütün Ermənilərin Ali Patriarxı və Katalikosu 2 Qarigen Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müraciət etdi. Müraciətdə Şeyx həzrətlərindən müharibənin dayandırılması xahiş edilirdi. Gəlin öncəliklə Şeyx həzrətlərinin cavab məktubuna baxaq və bundan sonra əsas məqsədə keçək. Şeyxülislamın məktubunda deyilir:
"Çox hörmətli II Qaregin!
Sizin Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə əlaqədar məktubunuzla diqqətlə tanış olduq. Hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə nəticələnmiş gərgin vəziyyətə görə Sizin narahatlığınıza dərindən şərik olduğumuzu bildiririk.
Lakin təəssüflə diqqətinizə çatdırırıq ki, Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir. Atəşkəs rejiminin erməni qoşunları tərəfindən pozulması nəticəsində Azərbaycan əsgərləri, habelə bizim dinc sakinlər həlak olur və ağır güllə yaraları alırlar. Sizə ürək ağrısı ilə bildiririk ki, son günlərdə erməni hərbi qulluqçuları Azərbaycanın sərhədyanı kəndlərində hətta üç uşağı ağır yaralayıblar.
Əlbəttə, Uca Allahın bəxş etdiyi insan həyatına qəsd edilməsi böyük günahdır. Buna görə də təkcə bu cür təhrikçilik hərəkətlərinə deyil, ümumiyyətlə, çoxdan davam edən müharibəyə və bütövlükdə ərazi münaqişəsinə tezliklə son qoymaq lazımdır. Uca Yaradanın hökmü ilə talelərinə bir-biri ilə qonşu olmaq yazılmış xalqlarımız arasında ədalətli və davamlı sülhün bərqərar olması üçün erməni siyasətçilər, nəhayət, konstruktiv mövqe tutmalı, bunun üçün zəruri iradə nümayiş etdirməlidirlər. Məsələyə bu cür yanaşma, ilk növbədə, böyük əksəriyyəti münaqişənin dinc yolla həll olunmasını arzu edən erməni xalqının maraqlarına uyğundur.
Bizim xalqımız birmənalı olaraq bütün regionda sülhün, mehriban qonşuluq münasibətlərinin, habelə beynəlxalq hüquq normalarının bərpa olunmasının tərəfdarıdır. Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq. Azərbaycan xalqı bu məqsədlə artıq iyirmi ildən çoxdur ki, səbir və təmkin nümayiş etdirərək Qarabağ münaqişəsinin tənzimlənməsini gözləyir.
Təəssüf ki, Ermənistan Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin sülhsevər çağırışlarını indiyə qədər eşitmir. Əksinə, erməni qoşunları nəinki işğalı davam etdirir, həm də mütəmadi olaraq atəşkəs rejimini pozur, dinc sakinləri qətlə yetirirlər. Biz Azərbaycan və erməni xalqları arasında sülhün və etimadın bərpa olunması naminə Sizi - Bütün Ermənilərin Ali Patriarxını və Katolikosunu, öz nüfuzunuzdan istifadə edərək Ermənistanın hakimiyyət orqanlarına təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam düşüncəli mövqe tutsunlar.
Həmişə olduğu kimi, bu gün də üzümüzü Uca Allaha tutaraq, bölgəmizdə möhkəm sülhün və əmin-amanlığın bərqərar olması üçün dua edir və din xadimlərinin sülhsevər təşəbbüslərinin xalqlarımıza fayda gətirəcəyinə ümid edirik".
İndi isə keçək mətləbə. Bu gün insan hüquq və azadlıqlarının qorunmasında, siyasi maarifləndirmənin artmasında sözsüz ki, dövlətlərdə domenantlıq təşkil edən dinlərin də mühüm rolu olur. İstər Avropada, istər ABŞ-da, istərsə də Şərq dünyasında dini camiələr kifayət qədər təsiretmə imkanlarına sahib olurlar və cəmiyyətin aktivləşməsində bu qurumların mühüm rolu olur. O cümlədən Ermənistanda da kilsənin mühüm təsir imkanları olur. Hətta qeyd etmək lazımdır ki, Ermənistanda kilsə bütövlükdə cəmiyyətin siyasi maariflənməsini, istiqamətləndirməsini təmin edən gücdür. Böyük Ermənistan ideyasından tutmuş, türklərə qarşı barışmazlığa qədər dindən kənar prinsiplər məhz kilsənin əsas xəttidir. Tarixlər boyu, o cümlədən son 1988 - ci ildə də azərbaycanlılara qarşı basqınların başlamasına da start verən kilsə oldu. Bu baxımdan kilsə toplumun həyatında xüsusi yer tutur. Gəlin bir məqama xüsusi önəm verək. Deməli, kilsə toplum tərəfindən həm xilas ünvanı, həm də təhlükə mənbəyi kimi qəbul edilir. Niyə ?. "Erməni psixologiyası" kitabında bunun maraqlı açması göstərilir:"
1. Kilsə yeganə güc ünvanıdır ki, hakimiyyətin və lobbinin işinə müdaxilə edə bilir və çıxarılan qərarı dəyişmək iqtidarındadır. Düzdür, bu günə qədər bu güclər arasında elə bir toqquşma olmayıb. Amma bu gücü hamı qəbul edir və qarşıdurmadan yayınır. Bu amilə görə kilsə toplumun inam mərkəzinə çevrilir.
2. Kilsə Ermənistanın və ermənilərin strateji müttəfiqlərinin müəyyənləşməsindən tutmuş xarici siyasətlə bağlı digər məsələlərə də təsir göstərir. Bu günə qədər istər Yunanıstanla Ermənistan arasında mənəvi bağlılığın yaranmasına, istərsə də pravoslavlarla katoliklərə eyni məsafədən münasibət göstərilməsinə qədər işlərə kilsə ciddi təsir göstərir. Bu da kilsəyə olan inamı artırır.
3. Kilsənin nəzarətində ciddi resurslar, o cümlədən toplumun sosial problemlərini belə həll etmək gücündə şəraiti var.
4. Kilsənin çıxartdığı yanlış qərara belə etiraz sadəcə ölümə bərabərdir.
5. Kilsənin dini inanclardan çox uzaqlaşaraq siyasi maraqları qoruması təhlükəni daha da artırır. Toplumun dinə olan marağına gəldikdə isə burada bir sıra genetik məqamlar da vardır. Məsələn, erməniləşən toplumlar var ki, onların dinə münasibəti fərqlidir. İstər erməniləşən aysorlar, istərsə də yezidi kürdləri kilsəyə o qədər də maraq göstərmir. Ermənilərin özünə gəldikdə isə kilsə onların həyatında 20 yaşa qədər dini mərkəz olaraq qəbul edilir. 20 yaşdan sonra isə yanaşmalarda fərqlər ortaya çıxır. Bundan başqa son 20 ildə kilsənin ən çox cəhd etdiyi bir məqam da var ki, bunuda qeyd etmək yerinə düşər. Belə ki, hazırda erməni din xadimləri insanların 20 yaşdan sonra da kilsəyə sədaqətli olmaları üçün demək olar ki, əksər dini qadağaları yığışdırıblar. Hətta erməni fərdi bir neçə ay kilsəyə dua etməyə gəlməyə də bilər və bununla bağlı heç bir problem yaşana bilməz. Kilsənin buna görə fahişəliyə, spirtli içki aludəçisi olmağa və dini rituallara əməl etməməyə münasibəti loyaldır".Beləliklə gördüyünüz kimi bu gün erməni cəmiyyətinin formalaşmasına bir başa təsir göstərən, cəmiyyətin qüsurlu maariflənməsini təmin edən güc kilsədir. Bu baxımdan hazırda erməni kilsəsinin Şeyx həzrətlərinə bu tip müraciət etməsi iki məqamla bağlı ola bilər. Birinci məqam, 2 Qarigen bu məktubla dünyaya sübut etmək istəyir ki, erməni kilsəsi müharibə əlehdarıdır və buna görə də Qafqaz Müsəlmanları idarəsinin rəhbərinə belə bir müraciət edir. Bunu da qeyd edək ki, dəfələrlə erməni tərəfi belə müraciətlər edib və sonradan bundan siyasi maraqlar üçün istifadə ediblər. Digər tərəfdən isə son əməliyyatlarda Ermənistan çaşqın duruma düşdü və müharibənin dərhal dayandırılması üçün addımlar atdılar. Bu baxımdan 2-ci Qarigenin müraciəti də bu təşvişin tərkib hissəsi sayıla bilər. Beləliklə qeyd etmək lazımdır ki, bu gün erməni cəmiyyətinin siyasi maarifləndirmədən kənarda qalması, insan hüquq və azadlıqlarına qarşı bir sayğısızlığın olmasının səbəbkarı məhz kilsədir. Erməni din xadimləri hər zaman ətraf mühitə qarşı bir nifrət aşılayan güc olublar və sözsüz ki, bu gündə mövqeləri dəyişməzdir.Belə olmasaydı Eçmiədzin təmsilçiləri dünya ölkələrinə tez-tez səfərlər edib Dağlıq Qarabağı bir erməni dövləti kimi tanıtmağa çalışmazdılar. Yəni, bir tərəfdən barışıq mesajları göndərilir, digər tərəfdən isə erməni cəmiyyətini intiqamçı cəmiyyət kimi tərbiyələndirirlər. Bunu da qeyd edək ki, hazırda erməni kilsələri ilə, dünya erməni lobbisi eyni məntiqdən çıxış edir və onlar üçün hədəf Azərbaycandır. Sonda bir məqamı da yada salaq ki, bu gün qondarma erməni "soyqırım"ının təbliği, dünya dövlətləri tərəfindən qəbulu üçün əsas iş aparan güclərdə məhz Eçmiədzində cəmləşiblər və çəkinmədən qeyd etmək lazımdır ki, hazırda erməni cəmiyyətinin özü belə Eçmədzinin girovluğundadır. Buna görə yəqin ki, timsahın göz yaşlarına inanmağa dəyməz.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35