Əli Kərimli ilə Cəmil Həsənli yeni plan qurub
13:03 13-08-2014
CƏMİYYƏT
Əli Kərimli ilə Cəmil Həsənli yeni plan qurub
AXCP sədri müxalifətdəki həmkarlarını satmağın yeni yollarını axtarır
Məlum olduğu kimi, iki gün öncə radikal müxalifətin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında toplantısı keçirildi. Hüquq müdafiəçilərinin həbsinə həsr olan tədbirdə hakimiyyət əleyhdarlarının yeni qovğasına start verildi.
Belə ki, Toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, istiqlalçı deputat Hacıbab Əzimov, Milli Şura üzvü Mehriban Vəzir iştirak edib. Lakin tədbirə AXCP sədri Əli Kərimli və "El" Hərəkatının sədri Eldar Namazov, Milli Şuranın sədri Cəmil Həsənli qatılmayıb. Onu da nəzərə çatdıraq ki, İ.Qəmbər Milli Şura ilə yolunu ayırandan sonra AXCP Müsavatın təşəbbüsü ilə keçirilən heç bir iclasda iştirak etmir.
Məsələylə bağlı açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP), Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib ki, bu cür məsələlərdə partiyalararası gərginliyi kənara qoymaq lazımdır: "İsa Qəmbər və ya başqa biri təşəbbüskardır deyə, tədbirə qatılmamaq İntiqam Əliyevin hüquqlarını müdafiə etməmək deməkdir". M. Mirəlioğlu isə Əli Kərimli ilə Cəmil Həsənlinin sözügedən tədbirə qatılmamasını düzgün addım saymır: "İntiqam Əliyevin hüquqlarını fərz edək ki, insan haqlarını müdafiə edən başqa millətin nümayəndəsi belə müdafiə edirsə, ora qatılmaq lazım deyil? Mən hesab edirəm ki, insan haqları məsələsi bir ölkənin və ya bir millətin deyil, ümumilikdə insani məsələdir. Bu baxımdan Əli Kərimli və Cəmil Həsənli doğru etmədilər. Eyni zamanda, Əli Kərimli də, Cəmil Həsənli də gələcəkdə bu və ya digər tədbir keçirsə, ora qatılmayanlar belə doğru etməyəcəklər. Mənim üçün Cəmil Həsənlinin və Əli kərimlinin həmin tədbirə niyə qatılmadığı kifayət qədər aydındır və bundan artıq bu məsələyə aydınlıq gətirmək istəmirəm. Mənim üçün insan haqları daha önəmlidir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlinin Azərbaycanda son həbslərlə bağlı keçirilən tədbirə qatılmamasına münasibət bildirərkən deyib ki, onların bu hərəkəti yanlışdır: "Əli Kərimli və Cəmil Həsənli müxalifətçiliyi şəxsi qərəzlik, kin-küdurət, şəxsi münasibətlə qarışdırıblar". Onun sözlərinə görə, bu gün Azərbaycan müxalifəti yanlış yol tutub: "Kimlərisə kənarda qoymaq, kimlərəsə arxa çevirmək düzgün deyil. Burda həbsə düşmüş insanları müdafiə edirik, bu tədbirin İsa Qəmbərin və ya başqasının təşəbbüsü ilə keçirilməsinin nə önəmi var? Ümumiyyətlə, siyasəti şəxsi münasibətlər səviyyəsinə endirmək səhvdir".
"Unikal"ın əldə etdiyi məlumata görə, Əli Kərimli artıq bütün müxalifət partiyalarından kənar bir ittifaq yaratmaq istəyir. Buna görə də mümkün qədər digər partiyalardan uzaqda dayanmağa çalışırlar. Bu barədə bizi bilgiləndirən cəbhəçilərdən birinin sözlərinə görə, Cəmil Həsənli KXCP-nin qərargahında düzənlənən toplantıda iştirak etmək istəsə də, Əli Kərimli buna imkan verməyib. "Əli Kərimli 2013-cü il prezident seçkilərindən sonra ana müxalifət lideri olmaq arzusuna düşüb. Ona görə də bütün müxalifət partiyalarını kənarlaşdırır ki, bir tərəfə özünü rahat şəkildə lider elan eləsin. Çünki Əli Kərimli gözəl bilir ki, İsa Qəmbərlə, Mirmahmud Mirəlioğlu olan yerdə heç vaxt əsas lider kimi önə çıxa bilməyəcək. Bu səbəbdən də mümkün qədər onlardan kənar bir mühitdə ətrafını genişləndirmək istəyir. Amma bunun üçün də ona dəstək verəcək qüvvə lazımdır. Artıq hakimiyyətdən heç kim ona yaxın durmadığı üçün yeganə yol xarici qüvvələrlə işbirliyinə getməkdir. Amma onlar da Əli Kərimli ilə yalnız bir şərtlə milli maraqları və radikal müxalifəti satmaq şərti ilə işləyə bilər. Görünən odur ki, Əli Kərimli üçün heç bir müqəddəs dəyər qalmayıb", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22