Azay Quliyev: "Prezident Administrasiyası və vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət İşçi Qrupunun fəaliyyətinin bərpası vacibdir"
13:23 15-08-2014
CƏMİYYƏT
Azay Quliyev: "Prezident Administrasiyası və vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət İşçi Qrupunun fəaliyyətinin bərpası vacibdir"
"Prezident Administrasiyası və vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət İşçi Qrupunun fəaliyyətinin bərpası vacibdir. Ümid edirəm ki, İşçi Qrupunun fəaliyyəti bərpa olunacaq".
Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib.
A. Quliyev deyib ki, QHT-lərin qaldırdıqları, narahat olduqları məsələlər ölkə daxilində həll olunmalıdır. Onun sözlərinə görə, İşçi Qrupu daxili bir mexanizm, platformadır: "Nədənsə bəzilərimiz daxili resurslardan tam şəkildə istifadə etmədən dərhal qaçıb xaricilərin ətəyindən yapışırıq. Anlamırlar ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu məsələləri qaldırmasında məqsəd həqiqətən səmimi olaraq Azərbaycana kömək etmək deyil, yaxud müraciət edənlərə, onların siyahılarında olan insanlara məhəbbətlərindən qaynaqlanmır. Yüzlərlə misal da çəkmək olar ki, bir sıra şəxslərlə bağlı müraciətlər olsa da, beynəlxalq təşkilatların marağında olmadığı üçün onlar bu barədə bir kəlmə də danışmır. Amma o mövzu ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin maraqlarına uyğundur, həmin mövzunu istismar edib nəticədə Azərbaycana təzyiq etmək, müəyyən mənada bazarlıq etmək istəyiblər. QHT sektoru ilə bağlı bu işlərə İşçi Qrupunun cavabdehlik daşıması daxili potensialın, platformanın tam şəkildə istifadə olunmasına, narahatlıqların aradan qaldırılmasına gətirib çıxaracaq. Bu cür həssas mövzularda QHT-lərimiz yalnız və yalnız öz dövlətlərinə güvənməli və dövlətin qayda-qanunlarına əməl etməklə, ikitərəfli dialoqla istənilən məsələnin həllinə nail olmalıdırlar. Yoxsa xaricə çıxıb Azərbaycana təzyiq etdirmək, müəyyən siyahıların hazırlanıb verilməsi doğru deyil. Məsələn, bir qrup QHT "siyasi məhbus"larla bağlı siyahı hazırlayıb, 98 nəfərin adı ora daxil edilib. Bu, gülməli siyahıdır, orada elə adamların adı var ki, sadəcə, təəssüf edirsən. Ona görə də bu İşçi Qrupu bu cür məsələləri müzakirə etməli və vahid yanaşma sərgiləməlidir".
Şura sədri son dövrlər haqlarında cinayət işi açılan və bank hesablarına həbs qoyulan QHT-lərin məsələsinə də toxunub. O, QHT-lərin hesablarının dondurulmasının birmənalı şəkildə aparılan cinayət işləri ilə əlaqədar olduğunu nəzərə çatdırıb: "Bu cinayət işləri vergidən yayınma, Vətənə xəyanət, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər məsələlərlə bağlıdır. Bu cinayət işləri ilə bağlı istintaq hərəkətlərini həyata keçirmək üçün məhkəmənin istənilən hesaba həbs qoymaq səlahiyyəti var. Müvafiq qurumlar da bundan istifadə edərək belə addımlar atır. Cinayət işləri, həbslərlə bağlı məsələlər tam aydınlaşandan sonra bu çətinliklər aradan qalxacaq. O təşkilatların ki, doğurdan bu və ya digər cinayət işinin araşdırılmasında günahı ortaya çıxmayacaq, onlar üçün hər hansı təhlükə olmayacaq. Yox, istintaq qrupunun şübhələndiyi kimi bu təşkilatların müəyyən qanun pozuntularında iştirakı sübut olunacaqsa, yaxud istintaq orqanının şübhəsi özünü doğruldacaqsa, o təşkilatlarla bağlı qanunvericilik çərçivəsində ölçü götürüləcək. Əlbəttə, bank hesablarına həbs qoyulması, dondurulması QHT-lər üçün çətinlik törədir, bank əməliyyatlarını dondurur, layihələrinə mənfi təsir edir. Şura hüquq-mühafizə orqanlarından xahiş edib ki, bu məsələni kifayət qədər şəffaf, aşkar şəkildə aparsınlar, qısa müddətdə bu prosesə aydınlıq gətirsinlər, elə etsinlər ki, QHT-lər haqsız, əsassız yerə zərər çəkməsin. Şura QHT-lərin nəzərinə çatdırılıb ki, qanundan kənar, hər hansı əsassız hallar olarsa, Şuranın Hüquq və Monitorinq Komitəsinə müraciət etsinlər, biz onu fərdi qaydada araşdıraq. Artıq müraciətlər daxil olmaqda davam edir. Biz hər bir təşkilatın probleminin həllinə töhfə verməyə çalışacağıq. Amma Şuranın konkret mandatı var, bir çox məsələlərdə qanuni tələblər var və biz də ilk növbədə qanunun aliliyinə hörmət edirik. Yəni biz burada həm qanunu gözləməli, həm də QHT-lərə lüzumsuz müdaxilənin qarşısını almağa çalışmalıyıq".
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45