İnsan hüquqları və korrupsiyanın fəsadları
14:47 16-08-2014
SİYASƏT
İnsan hüquqları və korrupsiyanın fəsadları
Vasif Mövsümov: "İnsan hüquqlarının pozulmasının 70 faizi korrupsiya hüquqpozulma halları ilə bağlıdır"
İnsan hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir. Unikalın bu günki həmsöhbəti Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Vasif Mövsümov da rüşvətxorluğun insanların hüquqlarının pozulmasında rolundan danışıb.
-Vasif müəllim korrupsiya, rüşvətxorluğun insan hüquqlarının pozulmasında nə dərəcədə rolu var?
-İnsan hüquqlarının pozulmasının 70 faizi korrupsiya hüquqpozulma halları ilə bağlıdır. Deyərdim ki, korrupsiya insan hüquqlarının pozulmasının əsasını təşkil edir. Korrupsiya dövlət xidmətlərindən pulsuz istifadəni çətinləşdirməklə vətəndaşların hüququnu pozur.
-Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri davam edir. Ölkədə bu istiqamətdə aparılan işləri qənaətbəxş saymaq olarmı?
-Azərbaycanda Prezident "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu fəaliyyət proqramı çərçivəsində əsas işlər 2011-ci ilin yanvar ayından etibarən həyata keçirilməyə başlanılıb. Antikorrupsiya haqqında qanunda normativ aktların qəbul və tətbiq olunması görülən tədbirlər sırasındadır. Yəni bu sahədə Azərbaycanın həyata keçirdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilib. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında nitqində də deyib. Artıq yetərincə ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün şərait yaradılıb. Ölkəmizdə normativ sənədlər qəbul olunub, beynəlxalq əməkdaşlıq var, bu istiqamətdə müsbət addımlar davam edir. Artıq insanlar korrupsiyanın, rüşvətin azalmasını öz həyatlarında hiss edirlər.
-Bayaq qeyd etdiniz ki, insan hüquqlarınının pozulmasında rüşvətxorluq hallarının rolu böyükdür. Bəs vətəndaşların korrupsiya ilə mübarizədə səyləri nə dərəcədə effektivdir?
-Korrupsiayay qarşı mübarizədə vətəndaşlar fəal olmalıdırlar. Dövlət başçısı özü də çıxışlarında insanları rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparmağa səsləyir. Korrupsiya, rüşvət halları ilə rastlaşan vətəndaşları dövlət orqanlarına müraciət etməyə çağırır. Əlbəttə ki, vətəndaşlar da ölkə başçısının bu istiqamətdə atdığı addımlardan, gördüyü işlərdən ruhlanaraq korrupsiya ilə mübarizə tədbirlərinə qoşulurlar.
-Amma etiraf edək ki, hüququ pozulan, rüşvət tələbi ilə qarşılaşan vətəndaşın korrupsiya ilə mübarizəsi həmişə effekt vermir.Yəni pozulmuş hüquqlarını heç də həmişə haqlı olsalar belə bərpa edə bilmirlər.
-Nəzərə almaq lazımdır ki, korrupsiyaya qarşı mübarizə gücləndikcə, məmur müqaviməti də güclənir. Çünki, vətəndaşların rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizəsi sonda məmurların şəxsi mənafeyinə toxunur. Məmur yaradılmış korrupsiya şəratini tezliklə əldən vermək istəmir. Ona görə də struktur islahatları getməlidir. Çox təəssüf ki, məmur müqaviməti əksər hallarda insanları korrupsiya halları ilə bağlı müraciətlərindən imtina etməsinə, bu yoldan çəkinməsinə gətirib çıxardır. Göygöl rayon mədəniyyət şöbəsinin məsləhətçisi bu gün idarədəki korrupsiya hallarından şikayət etdiyinə görə, öz vəzifəsindən kənarlaşdırılıb. Hətta idarə rəhbəri məhkəməyə verərək həmin şəxsdən təzminat da tələb edir. Bu çox pis bir nümunədir. Bu məmur müqavimətidir. Reallıq ondan ibarətdir ki, məmurlarımız bu məsələdə səmimi ola bilmirlər. Çünki, korrupsiya və rüşvətxorluqla mübarizə tədbirləri onların birbaşa şəxsi mənafeyinə toxunur. Ona görə də deməli marifləndirmə tədbirlərinə cəza tədbirləri də əlavə olunmalıdır. Dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılma qaydalarında təkminləşmə olmaldır. Bu "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda da qeyd olunub. Çox təəssüf ki, bu məsələlərdə vətəndaşların qorunması ilə bağlı qanun olmadığından vətəndaşlar bundan çəkinirlər.
-Bu gün korrupsiya, rüşvətxorluqla bağlı "qaynar xətt" fəaliyyət göstərir. Bu cür xidmətlərin vətəndaşların hüquqlarının bərpasına tövhəsi varmı?
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161" "qaynar xətt"i fəaliyyət göstərir. Bu "Qaynar xətdə"korrupsiya və rüşvətxorluq əməlləri ilə bağlı müraciətlərə baxılır. Amma yaxşı olardı ki, hər bir orqanda daxili nəzarət qurumları fəaliyyət göstərsin və həmin qurumlar vətəndaş nəzarətindən kənarda qalmasın. Və "İctimai iştirakçılıq haqqında" qanunun fəaliyyətə başlaması ilə dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılmasına bir vətəndaş nəzarəti olsun.
- Bəs, bu məmur müqavimətini qırmaq üçün nə lazımdır?
- O müqaviməti qırmaq üçün güclü vətəndaş cəmiyyəti və güclü inzibati tədbirlər lazımdır. Amma təəssüflər olsun ki, bizdə vətəndaş cəmiyyəti arzuolunan səviyyədə deyil. Yəni əhalidə korrupsiyaya müqavimət göstərmək aşağıdır. Baxmayaraq ki, vətəndaşlarımızın burada rolu böyük olmalıdır. Biz hələ də rast gəlirik ki, vətəndaş şikayət etmək istəmir, anonim şikayətlər daha çox olur. Vətəndaşların müqaviməti lazımi səviyyədə deyil. Eyni zamanda məmurların müqavimətini qırmaq üçün cəza tədbirləri də gücləndirilməli və daha da ciddi olmalıdır.
-Vasif müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması, ASAN Xidmət vətəndaşların işini xeyli asanlaşdırıb. Yəni bu Xidmət vasitəsilə vətəndaşlar günlərlə məmur qapısında dayanmadan, rüşvətsiz xidmət ala bilirlər. Sizcə korrupsiyalaşmış qurumların səlahiyyətlərinin ASAN Xidmətə həvalə olunması bu sahədə dönüş yarada bilərmi?
-ASAN Xidmət artıq vətəndaşların rəğbətini qazanıb. İndi ASAN bəzi dövlət qurumlarının xidmətini təmənnasız vətəndaşlara göstərir. Bu praktika göstərir ki, ASAN-nın göstərdiyi xidmətləri vətəndaşlara süründürməçiliklə göstərən dövlət qurumlarının gələcəkdə fəaliyyətinə ehtiyac qalmayacaq. Asan xidmət mərkəzlərinin yaradılması korrupsiyaya qarşı mübarizə istiqamətində çox müsbət addımdır. Biz ümid edirik ki, asan xidmət mərkəzlərinin genişlənməsi, onların sonradan fəaliyyəti aşağılarda korrupsiyanın qarşısını ala biləcək. Biz buna əminik. Lakin buna baxmayaraq, məmur müqaviməti hələ də çox güclüdür.
-Bu gün Türkiyədə, Rusiyada dövlət qurumlarının demək olar ki, xidmətlərinin mütləq əksəriyyəti elektronlaşdırılıb. Bizdə isə Elektron Hökumət quruculuğunda işlər nədənsə ləng gedir.
- E-hökumət sadə şəkildə desək, İKT-dən, ilk növbədə kompüter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarə etmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlara məmur təsirinin minimuma yendirilməklə bürokratik əngəllərin aradan qaldırılması, işin keyfiyyətinin və şəffaflığının artırılması durur.
Hazırda, ölkəmizdə İKT-nin dövlət qurumlarına, təhsilə, icra strukturlarına tətbiqi ilə əlaqədar, elektron imzanın və sənədin tanınması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, son vaxtlar internet vasitəsilə dövlət orqanlarına vakant iş yerlərinə müsabiqə elan edilməsi, əhalinin kommunal borcları ödəyə bilməsi, virtual məkanda abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, elektron elm, təhsil, kitabxana, ticarət, sağlamlıq kimi layihələrin tədricən tətbiq edilməsi e-hökumətin üstünlüyünü bir daha təsdiqləyir. E-hökumət vətəndaşların mənafeyinə hesablanmış bir sistemdir. Lakin, bu sistem sadə vətəndaşlara rahatlıq gətirdiyi halda, cəmiyyətdə illərlə kök salmış bürokratik qüvvələrə qətiyyən sərf etmir. Təcrübə göstərir ki, uzun müddət bürokratik idarəetmə sisteminə öyrənmiş məmur e-hökumət ideyasını öz xoşuna qəbul etmək istəmir. Bu səbəbdən vətəndaşların müəyyən sənədlər almaqla əlaqədar ən çox ünsiyyətdə olduğu təşkilatların çoxunun hələ də internet saytları yoxdur, olanlar da ala-yarımçıq vəziyyətindədi. Elektron Hökumətin Azərbaycanda qurulması vətəndaşlarla məmurların canlı təmasını aradan qaldıran vasitədir. Amma çox təəssüf ki, bəzi dövlət qurumları bu gün öz xidmətlərini Elektron Hökumətə inteqrasiya etdirməkdə maraqlı deyillər. Çünki, bu onlara sərf etmir. Vətəndaşla birbaşa təmasda rüşvət almaq imkanı olursa, elektron müraciət vasitəsilə bu mümkünsüzləşir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35