Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır
09:34 19-08-2014
CƏMİYYƏT
Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır
Türkiyə səfiri: "Rəcəb Tayyib Ərdoğanın ilk səfər yeri olaraq Azərbaycanı
seçməsi iki ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir"
"Türkiyənin 11-ci prezidenti Abdullah Gül də ilk rəsmi səfərini Azərbaycana etmişdi, yeni prezident Rəcəb Tayyib Ərdoğanın da ilk səfər yeri olaraq Azərbaycanı seçməsi iki ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir". Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
O, ümid etdiyini bildirib ki, prezidentin gözlənilən səfəri tezliklə baş tutacaq: "Səfər zamanı gündəmdə olan məsələlər, TANAP, Bakı-Tiflis-Qars layihəsi və digər əhəmiyyət daşıyan mövzular ətrafında müzakirə aparılacaq. Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusilə son illərdə yüksək səviyyədə olub, bundan sonra da bu münasibətlər artan templə inkişaf edəcək. Azərbaycan prezidenti cənab İlham Əliyevin Türkiyəyə göstərdiyi isti münasibət ölkəmizin rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir və eyni isti münasibəti də Azərbaycan Türkiyədən görəcək. Türkiyə və Azərbaycan gələcəyə birlikdə baxır".
Qeyd edək ki, Türkiyə Azərbaycanın yaxın müttəfiqi olduğuna görə, orada baş verən bütün proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzində olur. Təbii ki, bütün bunlar iki ölkə arasındakı sıx bağlılıqdan irəli gəlir. Ölkə vətəndaşlarının yarısından çoxunun səsini qazanaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməyə qərar verməsi də sıx əməkdaşlığın, strateji yaxınlığın, qardaşlıq münasibətlərinin göstəricisi hesab olunur. Qeyd edək ki, prezident İlham Əliyev Ərdoğana göndərdiyi təbrik məktubunda həmkarına "əziz qardaşım" deyə xitab edir və onu ölkəmizə dəvət edir. Bildirir ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib: "Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcək".
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da müsahibəsində türk xalqını bu seçki münasibəti ilə ürəkdən təbrik etdiyini, cənab Ərdoğana həyata keçirdiyi siyasətdə uğurlar arzuladığını söyləyib. Nəzərə çatdırıb ki, dost və qardaş ölkə olan Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər sürdürdüyü kimi, bundan sonra da davam etdirəcək: "Arzu edirik ki, cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk xarici səfərini də Azərbaycana etsin".
Göründüyü kimi, rəsmi Bakı da, rəsmi Ankara da ilk səfərin Azərbaycana gerçəkləşməsində maraqlıdır. Çünki iki ölkə arasında siyasi, iqtisadi, elmi və digər sahələrdə çox yaxın münasibətlər formalaşıb ki, bu da sözügedən dövlətlərin dünyadakı imicinə də birbaşa təsir edir. Azərbaycan və Türkiyə biri-birinin xarici siyasətinin əsas tərkib hissəsi olan dövlətlərdir. Bu ölkələr həm də regionda əsas söz sahibi olaraq, bütün Avropa üçün olduqca böyük əhəmiyyət daşıyan enerji layihələrinə qol qoyublar. Bu layihələr iki dövlət arasındakı əməkdaşlıq və strateji tərəfdaşlığı "qırılmaz bağ" həddinə çatdırıb. Hər zaman bu cür münasibətlərin daha da inkişaf etdirilməsinin, Azərbaycan-Türkiyə tərəfdaşlığının şəxslərdən asılı olmadığı deyilsə də, ölkə başçısı kimi Ərdoğanın seçilməsinin bizim üçün daha məqbul olduğu söylənir. Bunun əsas səbəbi kimi, Azərbaycanın Türkiyənin hazırkı iqtidarı ilə illərdir formalaşan münasibətləri göstərilir. Bu ölkələr illərdir bir yerdə addımlayır, mühüm siyasi qərarlar verir, müttəfiq olduqlarını dünyaya bəyan edirlər. Azərbaycanla Türkiyə təkcə öz maraqlarından çıxış etmir, həmçinin bütün türk dünyasını öz ətraflarında birləşdirməyə çalışır, hətta çətin siyasi məqamlarda bir sıra görüşlər həyata keçirirlər.
Azərbaycanın ən ağır dərdi olan Qarabağ münaqişəsinə də Türkiyənin münasibəti ortadadır. Türkiyə bu mövzuda Azərbaycan kimi prinsipial mövqe nümayiş etdirərək işğalçı dövlətlə sərhədi bağlayıb. Dost ölkə dəfələrlə beynəlxalq səviyyəli tədbirlərdə diqqəti bu münaqişəyə yönəldib, məsələnin ədalətli həllində maraqlı olduğunu bildirərək Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Xatırladaq ki, son günlər cəbhə xəttində yaranmış gərginlik zamanı yaralanmış əsgərlərimizin üçü hazırda Türkiyədə müalicə olunur. Xarici işlər naziri Əhməd Davudoğlu əsgərlərimizə baş çəkərək bir daha Türkiyə dövlətinin Azərbaycana dəstəyini nümayiş etdirib. Heç kimə sirr deyil ki, bu məqam özü mühüm siyasi mesaj xarakteri daşıyır.
Təbii ki, Türkiyə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı kimi, Azərbaycan da Türkiyə üçün eyni dərəcədə önəmli tərəfdaşdır. Ölkələr arasında gələcəyə hesablanaraq imzalanan sənədlərin hər iki dövlətə uğur gətirəcəyi də belə deməyə əsas verir. Bakı-Tbilisi-Ceyhan xam neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihələri hər iki dövlət üçün kifayət qədər uğurlu layihələrdir.
Qeyd edək ki, bir müddət öncə "Şahdəniz-2" və TANAP layihələrində Türkiyənin payı artıb. Belə ki, Türkiyənin "Şahdəniz 2" layihəsində payı 19 faiz, TANAP-da isə 30 faizə yüksəlib. Bu razılaşmanın həm Azərbaycan, həm də Türkiyə üçün böyük hadisə olduğu bildirilir. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın fikrincə, TANAP hər iki ölkə üçün vazkeçilməz layihədir. Ərdoğan isə bildirib ki, TANAP layihəsini sadəcə ticarət, sərmayə kimi dəyərləndirmir. Onun sözlərinə görə, TANAP Türkiyə və Azərbaycan arasında olduğu qədər, Avropa ölkələri ilə də uzunmüddətli, güclü və sağlam münasibətlər yaradacaq bir layihə olacaq.
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə nəzərə çatdırıb ki, "Şahdəniz"in işlənməsi layihəsi və TANAP layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyəyə böyük gəlirlər gətirəcək.
Təbii ki, biri-birinə tarixi köklərlə bağlı olan dövlətlərin ayrılmasının mümkün olmadığı məlum məsələdir. Bu və digər gələcəyə hesablanmış layihələr isə əməkdaşlığı daha da möhkəmləndirir, yaxın dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyəyə qaldırır. Bütün bu məqamlar Azərbaycanla Türkiyənin ayrılmaz müttəfiqlər olduğunu bir daha təsdiqləyir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33