Vasif Talıbov: "Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm işlər görülür"
12:00 20-08-2014
CƏMİYYƏT
Vasif Talıbov: "Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm işlər görülür"
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşüb.
Qonaqları salamlayan Ali Məclisin sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, son illər muxtar respublikanın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb. V.Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Qeyd olunub ki, strateji maraqlara uyğun olaraq hər üç ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın blokadada yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclisin sədri bütün bunlara baxmayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd edib. Bildirilib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordumuz üçün ixtisaslı kadrlar hazırlanır.
Ali Məclisin sədri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib.
Görüşdə iştirak edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
Türkiyənin milli müdafiə naziri İ.Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmağından məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. İ.Yılmaz Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini bildirib. İ.Yılmaz ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.
Gürcüstanın müdafiə naziri İ.Alasaniya deyib ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu var.
Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Türkiyənin milli müdafiə naziri İ.Yılmaz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbova xatirə hədiyyəsi təqdim edib.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun, Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini İrakli Svanidze, Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili də görüşdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbovun adında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin şərəfinə rəsmi ziyafət verilib.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50