Hacıbala Abutalıbovun Bakısından şikayət yağmuru
13:52 23-08-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbovun Bakısından şikayət yağmuru
I Avropa Oyunlarına hazırlaşan paytaxtın müxtəlif yerləri üfunət içərisindədir
Son vaxtlar Bakının müxtəlif yerlərindən vətəndaşların şikayətləri intensivləşib. Bu şikayətlər əsasən həmin ərazilərdə təmizlik baxımından vəziyyətin ürəkaçan olmaması ilə bağlıdır.
Təkcə dünən Bakının iki istiqamətindən bununla bağlı şikayətlər ortaya çıxıb. Gəlin əvvəlcə həmin şikayətləri nəzərdən keçirək.
Bir vaxtlar Bakının elit məhəllələrindən biri sayılan ərazi hazırda üfunət içərisindədir. Tələbəlik illərində getdiyi binaya 30 il sonra baş çəkən texnika elmləri doktoru Natiq Həmidov bir neçə gün əvvəl gördüklərindən dəhşətə gəlib. O, gördüklərini milli.az-a yazıb: "İş elə gətirdi ki, isti yay günlərinin birində general Akim Abbasov küçəsindəki 16 saylı binaya getməli oldum. Hələ universitetdə oxuduğum illərdə də bu yaşayış kompleksində dəfələrlə olmuşdum. Əvvələr bu küçə Akim Abbasovun adını daşımasa da, şəhərin ən elit məhəllələrindən biri sayılırdı. Bir neçə binanı özündə birləşdirən bu yarım qapalı yaşayış kompleksində o vaxtlar, əsasən, istehsalat qabaqcılları, ali məktəb müəllimləri, alimlər, bəzi nazirlik və idarələrin məsul vəzifəli şəxsləri yaşayırdı. Gəldiyim mənzilə qalxmaq üçün bloka daxil olanda böyük bir ağcaqanad ordusu, sanki, nabələd adam gəldiyini hiss etmiş kimi mənə "hücum etdi".
Əhəmiyyət verməyərək liftin düyməsini basdım. 60-cı illərin istehsalı olan sınıq-salxaq liftin qapısı açılanda təşviş məni bürüdü. Çəkimin 8-ci mərtəbəyə pilləkənlərlə piyada qalxmağıma imkan vermədiyini nəzərə alaraq bütün cəsarətimi toplayıb liftə daxil oldum. Liftdəki ağcaqanadlardan qorunmaq üçün isə çox çevik olmaq lazım idi. 8-ci mərtəbənin pilləkən meydançasında da ağcaqanadlar meydan sulayırdı. Bu həşəratların niyə belə çox olmasının təəssüratı altında gəldiyim mənzilin eyvanına çıxaraq həyətə göz gəzdirdim və qəribə bir mənzərənin şahidi oldum. Həyətin tən ortasında hasara alınmış bir sahədə saxlanılan bir neçə toyuq, bir qoyun və bir keçi diqqətimi cəlb etdi və çox təəccübləndim. Sağollaşıb gedərkən həyəti gəzmək qərarına gəldim. Düzdür, binanın xarici fasadına üzlük çəkilir, həyəti isə, sanki, sivilizasiyadan çox uzaqdır. Dağılmış uşaq meydançası, yellənçəklər, sürüşkənlər, bərbad vəziyyətdə olan üstüörtülü oturacaqlar, illərdən bəri quruyub qalmış gül kolları bu həyətin nə vaxtsa sakinlər üçün yaxşı istirahət yeri olduğunu sübut edir.
İndi isə... Sözün əsl mənasında, natəmizlik, antisanitariya, ağacların budanmış budaqlarının həyətin müxtəlif yerlərində çürüyüb-quruyub qalmış pis qoxu verən qalıqları, elektrik transformatorunun heç də təhlükəsiz olmayan yarım dağılmış binası, avtomobil təmiri sexi, bu sexin qarşısında yığılmış bərbad, dağınıq vəziyyətdə olan onlarla avtomobil və nələr, nələr... Sanki, bu məhəllənin və sakinlərinin Bakıda aparılan təmizlik, quruculuq işlərindən, şəhər sakinləri və qonaqların istirahəti üçün salınan parklardan, Bakı ətrafının ən çirkli yerlərində salınan ekoloji parklardan, yerinə yetirilən müxtəlif ekoloji layihələrdən heç xəbərləri yoxdur. Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyəti rəhbərlərinin xəbərləri var. Nəzərə alsaq ki, bu məhəllə Yasamal rayon İcra Hakimiyyəti binasından cəmi 1-1.2 km məsafədə yerləşir.
Mən gördüm, vicdanım susmağa imkan vermədi, yazdım ki, əlaqədar təşkilatların da məlumatı olsun. Sonrası qaldı bu sahəyə rəhbərlik edən şəxslərin insafına. Amma unutmayaq ki, insaf da dinin yarısıdır, deyiblər".
Məsələ ilə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfati Birliyindən bildirilib ki, həmin bina kooperartivdir. Ona görə də həmin kooperativin sədri ilə məsələyə aydınlıq gətirmək lazımdır. Bina, onun ətrafı, həyətinə həmin sədr cavabdehdir.
Kooperativin sədri ilə əlaqə saxlamaq mümkün olmadığından Yasamal rayon İcra Hakimiyyəti ilə məsələyə aydınlıq gətirilməyə çalışılıb. Oradan bildirilib ki, rayonun əksər ərazisi abadlaşdırılıb, amma bu gözəllikdən yazan yoxdur. Bir binanın həyətində kimsə xırda nöqsan görən kimi mətbuata çıxarır. İcra hakimiyyətindən məsələ ilə bağlı araşdırma aparılacağı deyilib.
Bir başqa şikayət isə Bakının Xətai rayonundan gəlib. Belə ki, Əmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 41 saylı binanın sakinləri milli.az-a yazıblar ki, yaşadıqları bina qəsəbənin mərkəzində yerləşsə də, xeyli müddətdir binanın qarşısında yaranmış zibil yığını onlar üçün problem olub: "Evimizin, pəncərələrimizin önündə anti-sanitariya şəraiti hökm sürür, bu zibillik ucbatından həyətimiz xəstəlik mənbəyinə çevrilib. Zibilliyin yaratdığı üfunət qoxusundan qapı-pəncərələri açmaq mümkün deyil, bu isti havada evlərimizdə havasızlıqdan əziyyət çəkirik. Zibilliyin təmizlənməsi üçün dəfələrlə aidiyyəti qurumlara müraciətlər etmişik, hər yerə şikayət olunub. Ərazimizə cavabdeh olan 90 saylı Mənzil İstismar Sahəsinə, həmçinin Xətai Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə də müraciətlər olunub. Lakin gördüyünüz kimi, zibillik olduğu kimi yerində qalır, problem həll edilmir".
Sakinlər, həmçinin qeyd edirləb ki, zibil daşıyan maşınlar isə zibili ətrafa dağıdaraq daha da natəmiz vəziyyət yaradıb gedirlər: "Zibil suyu ətrafa yayıldığından yerdə palçıq yaradıb, pis qoxu azmış kimi, zibilliyi həşəratlar da bürüyüb. Aidiyyəti qurumlar və şəxslər tərəfindən heç bir tədbir görülmədiyi üçün bina sakinləri məcbur qalıb pul yığaraq öz hesabına zibilliyin ətrafını şlaqbaumla hasarladılar. Zibillik ucbatından nə uşaqların həyətdə oynaması mümkündür, nə maşınların park edilməsi, nə də binada evlərimizdə rahat yaşamağımız. Sizdən xahiş edirik, bu problemi mətbuatda, saytınızda işıqlandıraraq məsələnin həllinə köməklik göstərəsiniz".
Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayev isə bildirib ki, həmin ərazidə zibil qutuları azlıq təşkil edir. Yeni binaların tikilməsi səbəbindən həmin zibilxana yüklənib. Artıq bu məsələ həll ediləcək. Yeni tikilən binalar üçün yeni zibil qutuları qoyulacaq. Hazırkı zibil qutuları 41 saylı binanın sakinlərinin məişət tullantıları üçün bəs edəcək.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxışlarında, açıqlamalarında paytaxtın gözəlləşməsindən tez-tez danışır. Amma yuxarıdakı şikayətlər də göstərir ki, Bakının təmizlik və abadlıq sarıdan problemləri hələ də kifayət qədər böyük və ciddidir.
Gələn il Azərbaycan paytaxtında I Avropa Oyunları kimi önəmli tədbirin keçiriləcəyini nəzərə alsaq, istər Abutalıbov, istərsə də paytaxt rayonlarının icra başçıları belə şikayətlərə həssaslıq və məsuliyyətlə yanaşmalıdırlar. Əks halda nüfuzlu yarışla bağlı ölkəmizə təşrif buyurması gözlənilən minlərlə xarici qonağın paytaxtımız haqqında təəssüratları bir o qədər də ürəkaçan olmaya bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05