Mübariz Əhmədoğlu: "ABŞ və Fransa, eləcə də Ermənistan Karen Petrosyanın meyitinin mübadiləsinin əleyhinədirlər"
10:07 26-08-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "ABŞ və Fransa, eləcə də Ermənistan Karen Petrosyanın meyitinin mübadiləsinin əleyhinədirlər"
Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində hərbi insidentlərin artması təbiidir. Ermənistan strateqlərinin fikrincə, Ermənistanla Azərbaycanın hərbi gücü arasında ən minimal fərq məhz indidir. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, zaman keçdikcə bu hərbi fərq Azərbaycanın xeyrinə artır. Hərbi balansın Ermənistanın xeyrinə doğru dəyişməsi mümkün deyil: "Ona görə də erməni strateqlər yenidən özlərinin hərbi gücünü nümayiş etdirmək istəyir və bu baxımdan müxtəlif vasitələrlə hərbi insidentlərin sayının artmasına şərait yaradırlar. Nəticədə Ermənistan münaqişəni dinc danışıqlarla tənzimləməyə razılıq vermir və Böyük Sülh Sazişinin imzalanmasını rədd edir".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhədindəki Ermənistan vətəndaşlarının böyük əksəriyyəti mülki əhali deyil, muzdlu hərbçilərdir. Hətta sərhəd ərazilərində yaşayan qadınların da təxminən 5%-i rəsmən muzdlu hərbçidir. Politoloq bildirib ki, hərbi insidentlərin artdığı dövrdə ölənlərin və ya əsir düşənlərin sayının artması da mümkündür: "Amma bunların içərisində orijinal və ya özəl hadisələr də var. Misal üçün, son bir neçə ayda Ermənistanın təxminən eyni bir yaşayış məskənindən guya 4 mülki vətəndaş Azərbaycana tərəf keçib. Xocoyanlar qaytarıldı. Manvel Saribekyan və Karen Petrosyan isə öldü. Ermənistan rəhbərliyi qoşunların təmas xəttinə və Ermənistan-Azərbaycan sərhədinə nəzarət etdikləri barədə bütün dünyaya zurna çalırlar. Bu necə nəzarətdir ki, 4 mülki şəxs Ermənistan hərbçilərinin gözündən yayınıb Azərbaycan ərazisinə keçir?! Diqqət çəkən daha bir məqam orasındadır ki, Ermənistanın müdafiə naziri S.Ohanyan bu 4 şəxsi ruhi xəstə adlandırır. Belə çıxır ki, Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərində yaşayan ermənilərin içərisində ruhi xəstələrin sayı hədsiz çoxdur. Ümumi çərçivəyə sığmayan və yaxud orijinal qrafada başa düşülən digər hadisə 3 azərbaycanlının (2 kəlbəcərli və 1 cəbrayıllı) işğal altında olan öz doğma rayonlarına getməsi və ermənilər tərəfindən girov götürülməsidir. Sonradan ermənilər girovlardan birini, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənovu öldürdülər. Rəsmi məlumat yaydılar ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə Həsən Həsənov Dağlıq Qarabağda dəfn olunub".
M.Əhmədoğlunun sözlərinə görə, Soçidə RF prezidentinin təşəbbüsü ilə keçirilən 3 ölkə prezidentinin görüşündə ən detallı müzakirə olunan məsələlərdən biri də H.Həsənovun və K.Petrosyanın meyitlərinin mübadiləsi və iki kəlbəcərli girovun erməni əsir A.İnciqulyanla dəyişdirilməsi idi. Azərbaycanda əsirlikdə olan erməni hərbçisi A.İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinə Bakıda Ermənistana qayıtmayacağını, üçüncü ölkəyə getmək istədiyini bildirdi. Erməni tərəfi isə iki kəlbəcərli girovu qaytarmamaq üçün bəhanə axtarır.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda əsirlərin və meyitlərin dəyişdirilməsində, geri qaytarılmasında Rusiyanın təcrübəsi var. Çox böyük ehtimalla Rusiya indi də bu təşəbbüsünün reallaşacağına ümidlidir: "Lakin Soçi görüşündən sonra ABŞ və Fransa həmsədr ölkə kimi yalnız Karen Petrosyanın ölümünü diqqətdə saxlayıblar və bu zaman tamamilə Ermənistanın versiyasına söykənirlər. Həsən Həsənovun adı unudulub. Həmsədr ölkələr olan ABŞ və Fransanın Karen Petrosyanın və Həsən Həsənovun öldüyündən və ya öldürüldüyündən təfərrüatlı məlumatları yoxdur. Ən azı diplomatik etiket tələb edir ki, ABŞ və Fransa Karen Petrosyanı öldürülmüş hesab edirsə, Həsən Həsənovu da öldürülmüş hesab etməlidir. ATƏT MQ həmsədrləri olan ABŞ və Fransanın indiki mövqeyi deməyə əsas verir ki, bu ölkələr də Ermənistan kimi Karen Petrosyanın meyitinin mübadiləsinin əleyhinədirlər. Humanitar hüquq isə bütün meyitlərin qeyd-şərtsiz qaytarılmasını tələb edir. Qarşı tərəf bunu etmədiyi halda da, digər tərəf bu addımı atmalıdır. İnternə olunmuş şəxslərin repatriasiyası da qarşı tərəfin repatriasiyaya hazırlığından asılı olmamalıdır. Deməli, ən azı, Ermənistan H.Həsənovun meyitinin qaytarılması istiqamətində ilk təşəbbüsü etməli idi. Fransanın mövqeyini ABŞ-ın mövqeyinin təsirinin nəticəsi kimi hesab edirik: ABŞ-ın K.Petrosyanla bağlı mövqeyi ilkindir və 2 dəfə rəsmən bəyan edilib. ABŞ konqresmenlərinin K.Petrosyanla bağlı mövqeyini bura əlavə etmirik".
Onun fikrincə, ABŞ-ın Rusiyanın təşəbbüsünə maneçilik etməsi çox ehtimallıdır. Amma bunu Azərbaycanın maraqlarına daban-dabana zidd şəkildə etmək anlaşılmır: "ABŞ Azərbaycana qarşı ədalətsiz, beynəlxalq hüquqa zidd, insanlıq normalarına sığmayan mövqeyi ilə regiondakı maraqlarını ciddi təhlükə altına qoyub. Rusiya lazım olan nəticələri çıxarmalıdır və çıxarır. Ona görə də Ermənistan hökuməti ABŞ-dan gələn mesajları nəzərə almamağa məcburdur. Eləcə də Rusiya ABŞ-ın Moskvadakı casus yuvası olan erməni diasporunu da tamamilə sıradan çıxarmaq məcburiyyətindədir. Hər halda, ABŞ Minsk prosesi çərçivəsində Rusiyanı üstələmək istəyirsə, bunu Azərbaycanla münasibətlərini tapdalamadan da edə bilərdi. Ermənistan Həsən Həsənovun meyitini və 2 kəlbəcərlini qaytara bilmir. Çünki Ermənistan rəhbərləri o meyitlə və 2 şəxslə erməni kimi, başqa sözlə, vəhşi heyvan insanla rəftar etdiyi kimi davranıblar. Həsən Həsənovun meyitinin qayıtması və onun beynəlxalq ekspertizadan keçirilməsi Ermənistan rəhbərliyinin, o cümlədən onların ABŞ və Fransadakı havadarlarının bir daha ifşa olunması deməkdir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin də üzərində həddən artıq vəhşilik əlamətləri var".
M.Əhmədoğlu vurğulayıb ki, təəssüf ki, Dağlıq Qarabağ məsələsində ABŞ və Fransa çox tez-tez erməni ağlını icarəyə götürür.
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24