Müsavatda soyuq savaş başladı
12:13 27-08-2014
CƏMİYYƏT
Müsavatda soyuq savaş başladı
Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı qarşılıqlı ittihamların astasında
Məlum olduğu kimi, Müsavat Partiyası sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir. Partiya 4 ildir ki, ali orqanına seçkiləri Müsavatdaxili intiriqalar ucbatından keçirə bilmir.
Bütün bunlara baxmayaraq, partiya sentyabra təyin olunan qurultayını keçirməkdə israrlıdır. Avqustun 27-də başqanlığa namizədlərin təbliğat və təşviqat kompaniyasına start veriləcək. Seçkili orqanlara namizədlərin irəli sürülməsi müddəti qurultaya 30 gün qalmış (27 avqust 2014-cü il saat 10:00-dan) başlayacaq və qurultaya 10 gün qalmış (17 sentyabr 2014-cü il saat 10:00-dək) başa çatacaq. Həm təşviqat və təbliğat kompaniyasına hazırlıqların necə getməsi haqda, həm də iddiaçıların qələbəyə olan inamları barədə məlumat almaq üçün Müsavat Partiyası başqanlığına namizədliklərini irəli sürəcəkləri ehtimal olunan siyasətçilərlə - Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı ilə əlaqə saxladıq.
Qubad İbadoğlu:"Bildiyiniz kimi, ayın 27-dən başlayaraq, təbliğat və təşviqat kompaniyasına start verilir. Və biz də bunun üçün tam gücümüzlə hazırlaşırıq. Seçki zamanı namizədlərin bərabərhüquqlu iştirakı və ədalətli seçki şəraitinin yaradılması istiqamətində müzakirələr davam etdiriləcək. Əgər namizədliyimizi irəli sürmək qərarına gəlmişiksə, deməli, qələbəyə inamımız var və bu inam böyükdür. Bununla bağlı təbii ki, müəyyən iş qrafiki və fəaliyyət proqramı da olacaq. Bu arada onu da vurğulamaq istəyirəm ki, mənim bir müsahibəm təhrif olunub. Bu ya istəyərəkdən edilib, ya da müxbir öz fikirlərini yazıb. Müsavat başqanlığına namizədlikdən geri çəkilə biləcəyimlə bağlı yayılan məlumatlar düzgün deyil. İlk öncə namizəd olmalıyıq ki, onu geri götürməklə bağlı danışa bilək. Hər halda, mətbuat orqanı bu məsələlərdə diqqətli olmalıdır. Müxbir öz fikirlərini yazmalı deyil".
Tural Abbaslı:"Ayın 27-də namizədlərin təbliğat və təşviqat kompaniyası başlayır və biz də rəsmi olaraq öz namizədliyimizi irəli sürəcəyik. Və bundan sonra təbliğatla bağlı planlarımızı gerçəkləşdirəcəyik. Onu da ən qısa zamanda həll etməyə çalışırıq. Qələbəyə tam şəkildə inanıram. Çünki öz qələbənə az da olsa, inamın yoxdursa, namizədliyini irəli sürməyə dəyməz. Müsavat kimi demokratik partiyada seçkilərin nəticələrini öncədən bilmək mümkün deyil. Çünki insanlar azad şəkildə öz seçimlərini edərək, səs verəcəklər. Mən hesab edirəm ki, bizim qalib gəlmə şansımız nə qədərdirsə, digər namizədlərin də şansı o qədərdir və ya əksinə... Müsavat kimi bir partiyada seçkilərin nəticələri öncədən müəyyənləşmir. Hər şey səsvermənin nəticələrindən asılı olacaq. Biz də çalışacağıq ki, seçicilərin səslərini qazanaq və qələbə çalaq. Amma qələbə qazanmasaq, bu, bizim üçün ölüm-qalım məsələsi olan da deyil. Çünki biz Müsavata vəzifəyə görə yox, mübarizəyə görə gəlmişik. Amma hazırda qələbəyə köklənmişik və inanırıq ki, uğurlu nəticələr alacağıq".
Arif Hacılı:"Seçki ilə bağlı artıq müzakirələr aparmışıq. Təbliğat və təşviqat kompaniyası şəffaf aparılacaq. Cəmiyyət bu kompaniyanın gedişini izləmək imkanlarına malik olacaq. Seçkilərdə qələbə çalmağımız Müsavat Partiyasının üzvlərindən asılı olacaq. Təxminən 600 qurultay nümayəndəsi var və demək olar ki, onların hər birini şəxsən tanıyıram. Və seçkilərin nəticələrinin necə olacağı mənə indidən təxminən aydındır. Seçkilərdə kimin nə qədər səs toplayacağını da təxminən bilirəm. Bu da onunla bağlıdır ki, mən 20-ildən çoxdur ki, Müsavat Partiyasında bilavasitə təşkilatı işlərlə məşğul olmuşam. Rayon təşkilatlarının qurulmasında, fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak etmişəm. Qurultay nümayəndələri ilə birlikdə həm seçki mübarizəsində, həm partiya quruculuğu işlərində, həm də Müsavat Partiyasına hansısa basqılar olan zamanlarda çiyin-çiyinə fəaliyyət göstərmişəm. Ona görə də, onların nə düşündükləri və qurultayda təxminən nə cür səs verəcəkləri barədə kifayət qədər məlumatım var. Buna görə də, seçkilərin nəticələrinin nə cür olacağını bilirəm".
Göründüyü kimi, Müsavat başqanlığına iddialılar qarşılıqlı güzəştə getmək fikrində deyillər. Bu isə qurultayöncəsi və qurultayda ciddi qarşıdurmanın olacağını qaçılmaz edir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30