Demokratiyaya gedən yol
14:17 05-09-2014
SİYASƏT
Demokratiyaya gedən yol
Hüquqların qorunması tarixlə bağlıdır
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və inkişafı ilə bağlı zaman-zaman müxtəlif fikirlər səslənməkdədir. Əslində bu fikirlərə önəm verməmişdən öncə bir reallığı qəbul etmək lazımdır. Reallıq isə budur ki, insan hüquq və azadlıqlarının təminatı bir ölkənin yaranma,formalaşma tarixi ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycan dövlətinin yaranması, demokratik prinsiplərə söykənməsi mərhələsinə diqqət ayıraq.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Beynəlxalq Birliklərin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. İnsan hüquqları müxtəlif sistemlərin mövcud olduğu müasir dünyada insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hər bir vətəndaşın anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas istiqamətidir. Bəllidir ki, əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq vətəndaş adi insan hüquqlarından məhrum edilib. Vaxtilə ölkədə ki, hərc-mərclik insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdı. Bu vəziyyət Azərbaycan xalqını vətəndaş müharibəsi həddinə çatdırmış, milli dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Məhz bu ağır sınaqlardan mətinliklə çıxmış Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək ədaləti və sülhü özünün inkişaf yolu seçdi. Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilir. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olub. ATƏT-in Minsk Qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü işlər görülməkdədir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra konstitusiyamız qəbul olundu. Qanunvericilik külliyyatında insan-vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Artıq bu gün müstəqil Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Belə ki, Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası təmin edilmiş, onun təkmilləşdirilməsi istiqamətində, mütəmadi olaraq, tədbirlər davam etdirilməkdədir.
Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır. Artıq bu günə qədər reallaşdırılmış islahatlar nəticəsində iqtisadi tənəzzül və inflyasiyanın qarşısı qətiyyətlə alınmış, iqtisadi inkişafda mərhələli yeniliklərin möhkəm təməli qoyulmuşdur. Özəlləşdirmə proqramı, aqrar islahatları və torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi ardıcıl surətdə davam etdirilir.
Azərbaycanda "açıq qapı" siyasətinin həyata keçirilməsi iqtisadiyyatımıza xarici investisiyaların həcminin artmasını və ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə bərabər xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır.
Məsələn, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulmuşdur. Eləcə də, Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurasının Parlament Assambleyalarının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Birliyi Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak etsinlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ etsinlər, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpası üçün aparılan işlərin gücləndirilməsi üçün önəmli qərarlar vermişdir.
Həmçinin, insan hüquqlarının müdafiəsinə dair dövlət proqramlarının layihəsini, insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatını, habelə, insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən digər qurumların yaradılmasına dair məsələləri dövlət səviyyəsində qaldırmışdır. Ən mühüm məqamlardan biri isə, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təklif və rəyləri həyata keçirmişdir. Hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğu təmin edilmişdir. Sözügedən Fərmanda Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-dövlət hüquqi müdafiə təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılmasının və inkişaf etdirilməsinin təməli qoyulmuşdur.
Yuxarıda qeyd olunan fərman və sərəncamların, eyni zamanda, dövləti funksiyaların daha geniş müstəvidə gerçəkləşməsi Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Ölkə Prezidentinin bu istiqamətdə verdiyi qərarları Azərbaycanın hüquqi sistemdə lider dövlətə çevrilməsinə geniş zəmin yaradır. Dünya Birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçən Azərbaycan hüquq-demokratik dövlət kimi, hətta Avropa ölkələrinə də numunə göstərilməkdədir. Son illər respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə, beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir. Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Beləliklə gördüyünüz kimi Azərbaycan heç də rahat bir yol keçməyib və indinin özündə də kifayət qədər çətinliklər mövcuddur. Amma İlham Əliyevin hər zaman insan faktorunu əsas gətirməsi, beyin mərkəzlərinin yaranmasına çalışması sübut edir ki, insan hüquq və azadlıqlarının qorunması üçün daha effektli proseslər yaşanacaq. Bunu da qeyd edək ki, hazırda Azərbaycan insan hüquq və azadlıqlarının qorunması üçün mövcud olan qanunvericilik bazasına sahibdir və bu qanunların formalaşması prosesi davam edir. İl ərzində Milli Məclisin qəbul etdiyi qanunlar, düzəlişlərdə bunun bariz nümunəsidir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35