İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq
12:00 10-09-2014
SİYASƏT
İnsan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq
Əli Orucov: "Azərbaycanın bu istiqamətdə göstərdiyi fəaliyyəti və yürütdüyü siyasəti müsbət qiymətləndirmək mümkündür"
Azərbaycanda ana qanun sənədi olan Konstitusiya qüvvəyə minən gündən ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcı qoyulub. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir.
Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə verib. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaradıb.
Milli Fəaliyyət planında da insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri təsbit olunub. Sözügedən sənəddə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təsisatları və beynəlxalq regional təşkilatlar ilə birgə layihələrin hazırlanması və həyata keçirilməsi öz əksini tapıb. Azərbaycan Respublikasının BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESKO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, bu proqramların əhəmiyyətini təsdiq etmişdir. Belə proqramlar, həmçinin ölkədə aparılan islahatlar prosesində beynəlxalq təcrübənin nəzərə alınması, beynəlxalq mütəxəssislərin cəlb edilməsi üçün imkan yaradır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları mütəmadi olaraq, bu istiqamətdə müvafiq addımlar atır.
Onu da nəzərə çatdıraq ki, 2012-2013-cü illər üçün Avropa Şurası ilə birgə Fəaliyyət Planını həyata keçirilib. 1995-ci ildə başlamış Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı məhkəmə-hüquq, korrupsiyaya qarşı mübarizə, gənclər siyasəti, vətəndaş cəmiyyətinin inkişafı və sair sahələrdə uğurla həyata keçirilir. Növbəti illər üçün nəzərdə tutulan Avropa Şurası ilə Fəaliyyət Planı çərçivəsində yuxarıdakı istiqamətlər üzrə əlavə tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Gənclər və İdman, Xarici İşlər nazirlikləri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) da bu yöndə lazım olan işləri gerçəkləşdirib.
Bundan əlavə, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yerinə yetirilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na müvafiq olaraq, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılıb. Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) müvafiq addımlar atıblar.
Onu da qeyd edək ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi də mühüm tədbirlərdəndir. Milli Fəaliyyət Proqramı üzrə icra orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupu öz fəaliyyəti barədə müntəzəm surətdə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun təqdim etdiyi məlumatları təhlil edərək onun təkmilləşdirilməsinə dair təkliflər verir. İşçi qrup Milli Fəaliyyət Proqramının təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, dəyirmi masalar, konfranslar, habelə televiziya və radio verilişləri təşkil edilir. İnsan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə Milli Fəaliyyət Proqramı müntəzəm qaydada yeniləşdirilə bilər.
Mövzu ilə bağlı "Unikal" açıqlama verən AMİP siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyir ki, beynəlxalq təşkilatlarla və regional qurumlarla əlaqələrin möhkəmləndirilməsi, eləcə də, əməkdaşlığın genişləndirilməsi Azərbaycanın dünya miqyasında imkanlarının artmasına, mövqelərinin möhkəmlənməsinə, sözünün keçərli olmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bunun üçün də ilk növbədə beynəlxalq aləmin qəbul etdiyi prinsip və dəyərlərə hörmət göstərilməli, öz üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir: "Lakin bu heç də o anlamı verməməlidir ki, hər deyilənlər dərhal yerinə yetirilməli diqtə xarakteri daşımalıdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatları təsis edən yaxud da orda təmsil olunanlar da ayrı-ayrılıqda hər hansı bir dövlətə aiddir. O zaman istər-istəməz həmin dövlətlərin maraqları da təşkılatın fəliyyətinə çulğalaşır. Üstəlik də, həmin qurumların da öz maraqları göstərilən fəaliyyətdə öz əksini tapır. Bildiyiniz kimi, istər BMT-nin Nizamnaməsində və qəbul etdiyi digər sənədlərində, istərsə də regional təşkilatlarda insan-hüquq və azadlıqları əsas prinsiplər kimi nəzrdə tutulub. Fəaliyyətini sırf bu sahə ilə bağlayan beynəlxalq və regional qurumların tərkibində, həmçinin ayrıca yaradılmış təşkilatlar fəaliyyət göstərir. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan üçün də bu mövzu aktuallıq daşıdı. Ölkəmiz bir sıra sənədlərə imza atdı, bir sıra qurumlara üzv qəbul olundu və sıx əməkdaşlıq qurdu. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və hökumətin gündəliyinə yeni vəzifələr daxil edib. Bunun da nəticəsi olaraq çox vacib addımlar atılıb".
Müsahibimiz onu da bildirib ki, ölkənin hüquq sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar, qanunvericilik aktlarının qanunların təkmilləşdirilməsi, işgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması istiqamətində səylərin artırılması beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın göstəriciləri hesab edilməlidir: "2007-2008-ci illər ərzində Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulmuşdur. Lakin insan haqları sahəsində problemlər də qalmaqdadır. Bu problemlər təkcə hüquqi bazadakı bəzi boşluqlarla deyil, maarifçiliyin və buna məsul səlahiyyətli şəxslərin neqativ fəaliyyəti ilə bilavasitə bağlıdır. Və bunun da nəticəsində bir sıra hallarda əldə edilən uğurlara və atılan müsbət addımlar lazımi dəyərini ala bilmir. Əksinə beynəlxalq insan haqları qurumlarının subyektiv rəyləri ilə rastlaşırıq. Elə qurumlar da var ki, onlar yalnız mənfi çalarları, nöqsanları şişirtməyə, maraqlara xidmət edən mövqe sərgiləyir. Lakin bütün bunlara rəğmən hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi fəaliyyəti və yürütdüyü siyasəti müsbət qiymətləndirmək mümkündür".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35