Azərbaycanda hüquq müdafiəçiləri kimə işləyir?
15:27 13-09-2014
SİYASƏT
Azərbaycanda hüquq müdafiəçiləri kimə işləyir?
Çingiz Qənizadə: "Onlar günorta hüquq müdafiəçisi olur, axşam isə müxalifətlə birgə hakimiyyətə qarşı qərarlar qəbul edirlər"
Azərbaycanda insan hüquq azadlıqlarının müdafiəsi ilə məşğul olan onlarla hüquq müdafiəçisi var. Ölkəmizdə 3-cü sektorun inkişafı bu sahədə fəalliyyət göstərən QHT-lərin də sayının artmasına təkan verib. Bununla belə dünyada olduğu kimi, Azərbaycanda da hüquq müdafiəçisi mövzusu hər zaman olduğu kimi mübahisə predmetinə çevrilir. Kimi ölkəmizdəki hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlara işlədiyini iddia edir, kimi onları fəaliyyətsizlikdə suçlayır, kimi də hüquq müdafiəçilərini tərəfsiz olmamaqda günahlandırır.
Belə bir iddia ilə bu yaxınlarda millət vəkili eyni zamanda "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının rəhbəri Çingiz Qənizadə də çıxış etdi. Azərbaycandakı bəzi hüquq müdafiəçilərinin uydurma hesabatlarını sərt tənqid edən Çingiz Qənizadə bildirdi ki, ölkəmizdə heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürən hüquq müdafiəçiləri var. "Elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər". Ç. Qənizadə istənilən hüquq müdafiəçisinin hansısa qurumun təsiri altında olmasını qəbuledilməz sayıb: "Mən qəbul edə bilmirəm ki, hüquq müdafiəçisi hansısa qurumun təsiri altında olsun. O, tam bitərəf olmalıdır. Heç bir hüquq müdafiəçisi hansısa siyasi təşkilatın təmsilçisi, təsiri altında olmamalıdır. İstər müxalifət olsun, istər hakim partiyadan olsun, hüquq müdafiəçisi tam müstəqil və bitərəf olmalıdır. Hansısa bir təşkilatın təsiri altında və ya onun üzvü olmaqla müstəqil, bitərəf hüquq müdafiəçisi olmaq mümkün deyil. Çünki istər-istəməz həmin siyasi təşkilatın təsiri hiss ediləcək".
O qeyd edib ki, cəmiyyət varsa, insan hüquqlarının pozulması halları da baş verəcək. Amma regionlarda hansısa məmurun hüquq pozuntusunu dövlətin siyasəti kimi qələmə vermək olmaz: "Çox təssüflər olsun ki, xarici təşkilatlar da məhz bu cür hüquq müdafiəçiləri ilə işləməyə üstünlük verirlər. Biz millət vəkilləri parlamentdə vətəndaşları qəbul edərək onların şikayətləri ilə maraqlanırıq. Ancaq elə hüquq müdafiəçiləri var ki, heç bir fərdi qəbul həyata keçirmədən internetin arxasında oturmaqla xarici dövlətlərə materiallar ötürürlər. Bunun da müqabilində qrantlar alırlar. Ən böyük hüquq müdafiəçisi Azərbaycanın ucqar bölgələrində olan insanların mülkiyyət və digər problemlərini qarşı-qarşıya qoymaqla, yazışma yolu ilə həll edən insandır. Bu, hər yerdə belədir, bizdə də belə olmalıdır".
Çingiz Qənizadə deyir ki, hüquq müdafiəçiləri nə müxalifət, nə də iqtidarın adamı olmalı deyil: "Bəziləri müxalif qüvvələrin qoltuğunun altına keçib, özlərinin siyasi ambissiyalarını həyata keçirmək istəyirlər. Belə qüvvələr Azərbaycan haqqında ucuz bəyanatların verilməsinə nail olub, nəticədə müxalifətin daha çox fəallaşmasına və iqtidar-müxalifət münasibətlərinin daha çox gərginləşməsinə xidmət edirlər. Burada əsas məqsədlərdən biri qrant əldə etməkdirsə, digər məsələ hüquq müdafiəçilərinin siyasiləşməsidir. Mən həmişə bunların əleyhinə olmuşam".
Ç. Qənizadənin sözlərinə görə, elə adamalar var ki, həm siyasətlə məşğul olur, həm də qeyri-hökumət təşkilatına rəhbərlik edir: "Amma həmin QHT-lərin fəaliyyəti müstəqil ola bilməz. Çünki onlar günorta hüquq müdafiəçisi olur, axşam isə müxalifətlə birgə hakimiyyətə qarşı qərarlar qəbul edirlər. Burda obyektivlikdən söhbət gedə bilməz. Bu məsələdə QHT-ləri idarə edən müxalifət partiyalarını qınamaq fikrində deyiləm. O QHT-ni qınayıram ki, onlar siyasətin təsiri altındadır və özlərini müstəqil hesab etsələr də, qaldırdığı məsələyə obyektiv yanaşa bilmirlər. Bəziləri isə obyektivliyi deyil, öz mənafelərini daha uca tutmağa çalışırlar. Bu cür adamlar xaricə düzgün olmayan informasiyaları ötürməkdə maraqlıdırlar".
Bir çox ictimi-siyasi xadimlər də millət vəkilinin tutduğu iradlarla razıdırlar.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirir ki, Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan insanlar faktiki olaraq iki qrupa bölünüblər: "Bu insanların bəziləri həqiqətən də kompüter arxasında əyləşib özlərindən uydurma rəqəmlər təşkil edir. Həmin rəqəmləri beynəlxalq təşkilatlara göndərib Azərbaycanda guya insan haqları ilə bağlı gərgin durumun olduğunu iddia edirlər. Məqsədləri də ondan ibarətdir ki, ölkədə insan haqlarının gərgin olduğunu göstərsinlər. Bu yolla beynəlxalq təşkilatlardan qrant alsınlar. Dəfələrlə sübut etmişik ki, onların iddiaları əsasızdır. Demirik ki, ölkədə hər iş yerindədir. Təbii ki, problemlər var. Amma bütün bu problemlərin həlli üçün ölkədə rəsmi hakimiyyət də iradə nümayiş etdirməkdədir. Belə olduğu halda həmin məsələləri qat-qat şişirdib beynəlxalq təşkilatlara göndərmək və idda etmək ki, ölkədə problemlərin həlli mümkünsüzdür, bu, vətənə, dövlətə, millətə arxa çevirməkdən başqa nəsə deyil. Azərbaycan şişirtmə rəqəmlər hesabına yaranan vəziyyətdən əziyyət çəkir. Çünki, o adamların uydurduğu rəqəmlər beynəlxalq təşkilatlara gedib çıxır. Həmin təşkilatlar da həmin rəqəmlər əsasında və qarşı tərəfi, fərqli mövqeyi olan adamları dinləmədən Azərbaycanla bağlı hesabatlar hazırlayıb ölkəmizin adını qara siyahıya salırlar. Eyni zamanda beynəlxalq donor təşkilatları da Azərbaycanda məhz həmin uydurma rəqəmləri çıxaran adamlarla işləməyə meyilli olurlar. Bu da onun göstəricisidir ki, xaricdə maraqlı qüvvələr var. Həmin qüvvələr bu ölkədə uydurma insan haqları barədə sifariş verirlər. Həmin sifarişi də ölkə daxilində icra edən, donos yazmaqla məşğul olan bir qrup adam var".
Azər Həsrət əlavə etdi ki, bu adamlarla bağlı tədbir görülməlidir: "Siyasi məhbus siyahısına saldıqları 140 nəfəri bir-bir çağırıb onlarla üzləşdirmək lazımdır. Cinayətkar, oğru necə ola bilər ki, siyasi məhbusa çevrilir? Bu ölkədə heç kəs törətdiyi cinayətə görə cəzasını almamalıdırmı? Hətta o qədər gülməli müqayisələr edirlər ki, guya Azərbaycandakı vəziyyət Şimali Koreyadakı vəziyyətə bərabərdir. Halbu ki, bütün dünya Şimali Koreyadakı quruluşu bilir. Bu gün Azərbaycana istənilən beynəlxalq təşkilat, xarici mediadan gələn qonaqlar olur. Ölkə ilə tanış olandan sonra həmin fikirlərin tamamilə yalan olduğunu görürlər. Bizim başımızın üstündə hər addımda polis dayanmır. Halbu ki, Şimali Koreyada bu, belədi. Ona görə də təəssüf ki, həmin insanlar vətənpərvərlik hissindən uzaq düşüblər".
Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, Çingiz Qənizadə bunu həm hüquqşünas olduğuna görə, həm də təcrübəsinə əsasən söyləyib: "Bu, fikirlər tamamilə doğrudur. Hansısa təşkilata, tərəfə bağlı olmayan hüquq müdafiəçisi, ümumiyyətlə müstəqil QHT çox azdır. Baxmayaraq ki, onlara dövlət dəstəyi var. Eyni zamanda insan-hüquq təşkilatlarında da vəziyyət birdir. Elə hüquq müdafiəçisi var ki, Azərbaycanda rəsmi qaydada qeydiyyatdan belə keçməyib, amma fəaliyyət göstərir. Bunlarda iki tendensiya özünü ciddi şəkildə göstərir. Ya hansısa siyasi təşkilat vasitəsi ilə hansısa mərkəzə bağlılıq və həmin təşkilatın siyasətini yürüdürlər. İkincisi də birbaşa xarici qrant təşkilatına bağlılıq müşahidə edilir. Sanki bir məmura çevriliblər. Həqiqətən də kompüter arxasından qalxmaq fikirləri yoxdur. Epizodik olaraq harasa baş çəkirlər. Birbaşa təmasa girmələrini isə çox az müşahidə edirik. Xüsusən onların siyasiləşməsi çox qorxuludur. Bəzən bu hesabatlar dövlətin açıq ziddinə olur. Heç faydası olmur, ancaq cəmiyyətdə qarşıdurma yaradır. Hətta kimlərinsə əfv olunması məsələsi qaldırılanda belə hüquq müdafiəçiləri özlərinə yaxın şəxsi, subyektiv fikirlərin əsasında onların azadlığa çıxmasında fəallıq göstərirlər".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35