Azərbaycanda məmur-vətəndaş münasibətləri
11:32 20-09-2014
SİYASƏT
Azərbaycanda məmur-vətəndaş münasibətləri
Bəzi məmurlar hələ də vətəndaşların hüququnu qorumaq əvəzinə pozmaqla məşğuldur
Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə xidmət edən hüquqi dövlət quruculuğundan asılıdır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin insan hüquqlarının qorunması ilə bağlı zəngın təcrübəsi də sübut edib. İnsan və vətəndaş, onun hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil edir.
Hüquqi demokratik dövlət qurmağı özünün ən mühüm məqsədlərindən biri elan edən respublikamız, insan hüquq və azadlıqlarını təmin etməyi qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib. Amma etiraf etmək lazımdır ki, insan hüquqlarının qorunmasının bütün ağırlığını yalnız qanunların üzərinə də qoymaq olmaz. Vətəndaşların hüquqlarının qorunmasında məmurların vətəndaşlara münasibəti də böyük rol oynayır. Bəzən dövlət qurumlarında süründürməçiliyə məruz qalan vətəndaşın hüququ məmurlar tərəfindən kobud şəkildə pozulur. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə Prezidentinin bu çıxışı vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Prezident bildirib ki, bütövlükdə dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir: "...Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir".
Məhz Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərdən də aydın olur ki, Onun həmişə bu istiqamətdə tapşırıqları olub və başlıca olaraq, ölkə başçısının fəaliyyəti də, insanlara, onların qayğılarına münasibəti də hər bir məmur üçün nümunə ola bilər və olmalıdır. Göründüyü kimi, ölkə başçısının irəli sürdüyü tezislər bir daha belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda məmur-vətəndaş münasibətlərinin tam şəkildə normallaşması istiqamətində dövlət tərəfindən kifayət qədər müntəzəm işlər aparılır və bu işlər bilavasitə Prezident İlham Əliyevin nəzarəti altındadır. Amma bununla belə hələ də, Prezidentin bu tapşırıqlarına əməl etməyən, vətəndaşların hüquqlarını qorumaq əvəzinə onların hüquqlarını kobud şəkildə pozan məmurlar var.
"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu deyir ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İnsan hüquqlarının praktik həyata tətbiqi sahəsində maarifləndirmə" layihəsi çərçivəsində aparılan monitorinq zamanı bu mövzuda maraqlı məqamlar ortaya çıxıb: "Hazırda Azərbaycanda insan haqlarının vəziyyəti, vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. Regionlarda insanların öz hüquqları barədə təsəvvürləri kifayət qədər aşağı olmaqla yanaşı, həm də onların bu hüquqlarla bağlı dolğun məlumat almaq imkanları yoxdur. Məhz bu səbəbdən də əyalətlərdə yaşayan insanlarımız insan haqları məsələsində ciddi sıxıntılar yaşayır və problemlərinin həllində öz hüquqlarından istifadə edə bilmirlər. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KIV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır. Elə buna görədir ki, insan haqları sahəsində yaranmış boşluq və problemlər həll edilməmiş qalıb. Xüsusən də belə vəziyyət daha çox rayonlarda müşahidə olunur".
Onun sözlərinə görə, ""Vətəndaş hüquqlarınızı bilirsnizmi?" adlı sorğu rayonlarda yaşayan insanların hüquq və azadlıqlarına dair məlumatlılıq səviyyəsi öyrənilib. Məlum olub ki, bölgələrdə paytaxtla nisbətdə insan hüquqları ilə bağlı problemlərin daha çox olması diqqət çəkir: " Xüsusilə məmur bürokratiyası, məhkəmə sistemi ilə bağlı narazılıqlar bu baxımdan diqqətçəkəndir".
Millət vəkili Rəbiyyət Aslanova isə hesab edir ki, vətəndaşların hüquqlarının müdafiəsində vətəndaşın da bir dərk olunmuş münasibəti lazımdır: "Nədənsə hazırda Azərbaycanda hansısa bir məmurun, səlahiyyət sahibinin bəlkə də o qanunları bilməməsi, yaxud bir vətəndaşın hüququnu pozmaq cəhdi bütün dövlətin üzərinə atılır və vətəndaş hüquqlarının qorunmaması kimi qiymətləndirilir. Dünyanın heç bir məmləkətində, o cümlədən də Azərbaycanda insan hüquqları əlbəttə ki, 100 faiz qorunmur. Bu, mümkün də deyil. Bu münasibətlərin spektri çox genişdir. Ona görə də "mənim hüququm orada bitir ki, sənin hüququn başlanır" prinsipini pozan insanlar da var. Bu, vətəndaş-vətəndaş münasibətində olduğu kimi vətəndaş-məmur münasibətlərində də var və bundan çıxış edib Azərbaycanda insan hüquqlarının qorunmamasını iddia etmək düz deyil. Vətəndaşın hər hansı bir hüququnun pozulması ilk növbədə onun öz hüququnu bilməməsi üzündən baş verir. Ancaq vətəndaş konstitusion hüquqlarının gerçəkləşməsi üçün cəhd göstərəndə, onun hüquqlarını heç kim pozmur".
Deputat, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə deyir ki, Vətəndaş-məmur münasibətləri prezident İlham Əliyevin vətəndaşlarla görüşü zamanı yaranan münasibət kimi olmalıdır. Ç. Qənizadə deyir ki, bəzi məmurlar vətəndaşlarla öz aralarında sərhəd çəkirlər, insanlardan, sadə kütlələrdən uzaq olmağa, onlardan dəbdəbəli geyimlərlə, bahalı maşınlarla, qiymətli hədiyyələrlə fərqlənməyə çalışırlar: ". Özlərinə və yaxınlarına dəbdəbəli ad günləri, toylar keçirir, məclislər qururlar. Fikrimcə, bu hərəkətlər məmurun kütlədən "yuxarıda" deyil "aşağıda" durmasının göstəricisidir. Onlar bu münasibətlə, var-dövlətlərilə öyünməklə yüksələ bilməzlər. Əksinə, vətəndaşları dinləməklə, onların problemlərini həll eləməklə, onlarla təmasda olmaqla, prezidentin siyasətini düzgün yerinə yetirməklə, verilən tapşırıqları vaxtında və dəqiq reallaşdırmaqla bu ucalığı, vətəndaş hörmətini qazana bilərlər. Lakin çox təəssüf ki, məmurların vəzifələrində və hərəkətlərində yol verdikləri neqativ hallar bəzən daha böyük narazılıqlara gətirib çıxarır. Prezident çox haqlı olaraq mütəmadi olaraq çıxışlarında vətəndaş-məmur münasibətləri barəsində çox önəmli fikirlər səsləndirir".
Hər bir millət vəkilinin və hər bir vətəndaşın bu məsələnin həllində prezidentə yardımçı olmasının vacibliyini vurğulayan hüquqşünas bildirib ki, istənilən məsələdə baş verən qanunsuzluqlar barədə lazımi orqanlara məlumat verilməlidir. Millət vəkilinin sözlərinə görə, bəzi məmurlar tərəfindən qəsdən vətəndaşlar üçün yaradılan problemlərin həll olunması istiqamətində lazımi orqanlara müraciət etmək istəyən vətəndaşlar "Əgər şikayət etsəm işimi bir az da çətinə salacaqlar" kimi fikirlərə düşürlər: "Lakin vətəndaşlar bilməlidirlər ki, məmurların neqativ hərəkətləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinməməlidirlər. Vətəndaşların bu barədə məlumatlandırılmasına da böyük ehtiyac var. Bunun üçün ən yaxşı vasitə televiziyalardır. Çox təəssüf hissilə qeyd edirəm ki, bu gün Azərbaycanda televiziya məkanında həddindən çox bayağı, milli mentalitetə, əxlaqi dəyərlərə zidd verilişlərin sayı çoxalıb. Bu məsələni də çox vaxt özəl kanalların gəlir əldə etməsilə bağlayırlar. Lakin mən belə hesab edirəm ki, bu kimi məsələlərdə kanallar güzəştə getməli problemlərin həlli yollarının istiqamətləri barəsində vətəndaşları məlumatlandırmalıdırlar. Burada əsas rolu televiziya məkanı oynayır. Telekanallar bu mövzuların işıqlandırılmasına yardım etsə, tez-tez rəsmi şəxsləri bu kimi mövzuların müzakirəsinə cəlb etsələr insanların da öz hüquqlarını tanıması asanlaşar. Ümumiyyətlə, bu sahədə maarifləndirmə və təbliğat işi gücləndirilməlidir".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35