Bələdiyyə seçkilərinə maraq azdır
15:43 25-09-2014
SİYASƏT
Bələdiyyə seçkilərinə maraq azdır
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Xatırladaq ki ,Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub. Sonuncu bələdiyyə seçkilərində 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvü seçilib. Həmin il bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınmışdı. Üstəlik həmin seçkilərdə 18 siyasi partiyanın namizədləri iştirak edib. Ümumilikdə isə sonuncu seçkilərdə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı təmsil edib.
Bu bələdiyyə seçkilərinin də dekabrda keçirilməsi gözlənilir. Ölkədə bələdiyyə seçkilərinin keçirilməsinə üç aya qədər vaxt qalsa da, bu ilin sonunadək Azərbaycanda seçkilərin baş tutacağından bixəbər olan kifayət qədər insan var. Ən pisi isə əhalinin bələdiyyə seçkilərinə marağının az olmasıdır. Türkiyədə bələdiyyə orqanlarına keçirilən seçkilər bu ölkənin bütün siyasi gündəmini dəyişdiyi halda, Azərbaycanda əhalinin çoxu bu seçkilərə maraq göstərmir. "Unikal"ın apardığı kiçik sorğu da bunu təsdiqlədi. Məsələn, Binəqədi rayonunun eyni adlı qəsəbəsində bələdiyyə seçkilərinin keçiriləcəyi xəbəri əhalini o qədər də maraqlandırmır. Qəsəbənin M. Ələkbərov 54 ünvanında yaşayan sakini Nuriyeva Esmira Xanoğlan qızı deyir ki, hazırda qəsəbənin bələdiyyəsinin kim olduğunu belə bilmir: " Mən nə bələdiyyə sədrimizi, nə də bələdiyyənin üzvlərini tanıyıram. İki dəfə bələdiyyənin qapısını
döymüşəm ki, küçəmizə illərdir axan kanalizasiya xəttini düzəltsinlər. Amma məktubumuza heç bir cavab verilməyib. Eləcə şifahi şəkildə deyirlər ki, bizlik deyil. Amma nümayəndələri əmlak vergisini almaq üçün hər gün qapımızı döyür. Bələdiyyə demək olar ki, heç bir problemimizi həll etmir. Ona görə də bizim anlamımızda bələdiyyənin quruca adı var. Yəni onlar vəzifə üçün o kürsüyə gəliblər. Heç seçkidə də iştirak etmirəm. Yəqin ki, bu bələdiyyə seçkisində də səs verməyəcəm. Çünki, bələdiyyə qəsəbə sakinlərinin heç bir problemi ilə maraqlanmır".
"Güzəran" Sosial Araşdırmalar Məkəzinin sədri Qadir İbrahimli deyir ki, bələdiyyələrin əhali arasında nüfuzunun aşağı olmasının səbəbi,yerli özünü idarə etmə institutu kimi təsdiqləyə bilməməsində, səlahiyyətlərinin məhdud olmasındadır: "Eyni zamanda icra hakimiyyətləri də bələdiyyələrin müstəqilliyində maraqlı deyillər. Ən başlıcası isə maliyyə qaqynaqlarına çıxışları yoxdur bu baxımdan da yerli layihələri maliyyləşdirə, təşkilatlana bilmirlər. Əsas səbəb odur ki, mərkəzi icra hakimiyyəti bələdiyyələrə müstəqillik vermək istəmirlər, hesab edirlər ki, mərkəzi idarəçilik daha effektivdir. Ancaq mən əksini düşünürəm, Mərkəzi hakimiyyət tutaq ki, hansısa məhəlli yolun təmirini üzərinə götürürsə, bu çox pisdir. Çünki ölkədə on minlərlə məhəlli yol var. Bunun hökumət üçün neqativ tərəfi budur ki, yararsız yoldan istifadə etməyə məhkum olan sakinlər buna görə hökuməti günahlandırır və bu məsələdə haqlıdırlar. Çünki real səlahiyyət icra hakimiyyətindədir. Əgər bələdiyyədə olsaydı, onda bü ittihamlar bələdiyyələrə yönələcəkdi, hər bir sakində səs verdiyi bələdiyyə üzvündən hesabat tələb edəcəkdi".
Q. İbrahimlinin sözlərinə görə, səlahiyyətlərinin məhdudluğu, maliyyə potensialının zəif olması, peşəkar kadr çatışmazlığı bələdiyyələrin institut kimi formalaşmasını əngəlləyir: "Yerli Özünüidarəetməyə Dair Avropa Xartiyasını ratifikasiya edib və üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də bələdiyyələrə müstəsna səlahiyyətlərin verilməsidir. Azərbaycan bələdiyyələrinin isə belə səlahiyyətləri yoxdur. Səlahiyyətsizlik şəraitində bu orqanların ictimaiyyət arasında nüfuzu olmur. Bu da son nəticədə bələdiyyə seçkilərində marağı aşağı salır".
Ekspertin fikrincə, Azərbaycanda bələdiyyə seçkilərində Türkiyədəki kimi aktivlik müşahidə edilməyəcək: "Bələdiyyələrin səlahiyyətsizliyi, hər il onlara əlavə səlahiyyətlərin veriləcəyi yönündə vədlərin özünü doğrultmaması hazırda bələdiyyələrdə təmsil olunan şəxslərin seçkilərdə iştirakını stimullaşdırmır".
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli isə deyir ki, ölkədə bələdiyyə institutu yaradılsa da, onun fəaliyyəti üçün məlum rıçaqlar verilməmiş qaldı: "Bir tərəfdən maliyyə istiqamətləri verildi, digər tərəfdən onun icrası müvafiq icra strukturları tərəfindən məhdudlaşdırıldı. Qanunlar qəbul edilsədə, boşluqlar aradan qaldırılmadı. Torpaqlar cizgilərlə də olsa verildi, lakin onun sərəncam vermək hüququ başqa istiqamətə dəyişdirildi. Hərrac komissiyası yaradıldı, ancaq onun təmsilçiliyindəki balans pozuldu. Qanunlar qəbul edildi, onun icra mexanizmləri ləng hazırlandı. Qeyd edilməlidir ki, torpaqların hərrac və müsabiqə yolu ilə satışı, habelə hərrac komissiyalarının təşkili üç ayda həll edilməli olduğu halda, prosesin 7 ay davam etməsi yerli büdcə gəlirlərinə də ciddi təsir etdi. Nəticə etibari ilə bələdiyyə sisteminin fəaliyyəti demək olar kritik həddə çatdı. Bu isə bələdiyyələrin büdcə gəlirlərinin azalmasına, əməkhaqqlarının verilməsində ciddi problemlər yaranmasına, yerli orqanların müvafiq sturkturlara külli miqdarda vergi borclarının yaranmasına gətirib çıxartdı". V. Tofiqlinin fikrincə ölkədə bələdiyyə seçkilərinə marağın artması üçün bələdiyyələrin cəmiyyətdə nüfuzunu artırmalı, bu qurumların səlahiyyətləri konkretləşdirilməlidir: "Bu gün prosesləri tənzimləmək üçün ilk növbədə icra strukturları və bələdiyyələrin səlahiyyət bölgüsünü özündə ehtiva edən qanunun qəbuluna ehtiyac vardır. Bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi də mühüm addımlardan sayılmalıdır. Habelə iri rayon mərkəzlərində kommunal xidmətlərin göstərilməsini də bələdiyyələrə həvalə etməyin vaxtı çatıb. Bu məsələ ilə bağlı ən başlıca məqam bir çox inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən yararlanmaqdır. Yəni dövlət proqramlarının həyata keçirilməsi ilə əlaqədar konkret layihələrin icrası yerli orqanlara həvalə edilə bilər. Polşada, İsveçdə və Baltikyanı ökələrdə yerli büdcənin 35-55%-ni məhz dövlətin layihələrə ayırdığı vəsaitlər təşkil edir.
Beləliklə, biz bələdiyyələrə əlavə səlahiyyət və maliyyə istiqamətləri ayırmaqla, habelə bu orqanların qarşılaşdığı problemləri həll etməklə onun nüfuzunun artırılmasına təkan verər və ölkəmizdə yerli özünüidarəetmənin inkişafına, həmdə əksmərkəzləməyə doğru addım atmış olarıq. Nəticədə həm seçici, həm demokratik cəmiyyətin bütün iştirakçıları qazanar".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə bunun səbəbini hazırda fəaliyyət göstərən bələdiyyələrin böyük əksəriyyətinin passiv olması ilə əlaqələndirir: "Ona görə də bələdiyyələrin ləğvi və ya funksiyalarının azaldılması deyil, əksinə bu qurumların gücləndirilməsi lazımdır. Fəaliyyət göstərdiyi 15 il ərzində bələdiyyələrin çox böyük işlər gördüyünü, Azərbaycan üçün yeni institut olan bu qurumların formalaşdırılması istiqamətində mühüm addımların atıldığını heç kəs inkar etməməli, cəmiyyətdə bələdiyyələrə doğma münasibətin formalaşmasına dəstək verilməlidir. Milli Məclisin Regional məsələlər komitəsi də bu işlə məşğuldur. Biz çalışırıq ki, bələdiyyələrin səlahiyyət və maliyyə təminatı gücləndirilsin. O ki, qaldı dekabrda keçiriləcək seçki ərəfəsində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə və ya onlara maliyyə təminatının yaradılması istiqamətində hansı dəyişikliyin ola biləcəyinə, bu tip məsələlər Milli Məclisin Regional məsələlər komitəsində müntəzəm şəkildə müzakirə olunur. 2007-ci ildə birinci oxunuşdan keçən "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında" qanun layihəsində bələdiyyələrə çox mühüm səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Milli Məclisin müvafiq komitəsi olaraq, biz mənzil-kommunal, yaşıllaşdırma, sovet dövründən qalmış yarımçıq binalar və təsərrüfatların idarəçiliyinin bələdiyyələrə verilməsinin tərəfdarıyıq. Bu səlahiyyətlərin bələdiyyələrə verilməsi təkcə mümkün yox, həm də realdır. Regional məsələlər komitəsində bu tip məsələlər xüsusi olaraq qabardılır. Çünki bilirik ki, biz yerlərdə vəziyyəti öyrənirik və bilirik ki, bələdiyyələr bu səlahiyyətlərin öhdəsindən çox rahatlıqla gələcək. Bu isə bələdiyyələrə, bələdiyyə seçkilərinə olan inamın daha da artmasına gətirib çıxardacaq".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50