Müsavatı da mitinq biabırçılığı gözləyir
11:33 23-10-2014
CƏMİYYƏT
Müsavatı da mitinq biabırçılığı gözləyir
Müxalifətdən İsa Qəmbərlə Arif Hacılıya dəstək verən olmayacaq
Milli Şuranın 12 oktyabr mitinqindən sonra deyəsən, Müsavat Partiyası da həvəsə düşüb. Həmin mitinqdə çıxış üçün imkan tapa bilməyən, daha doğrusu, təşkilatçılar tərəfindən hörmətsizliklə üzləşən İsa Qəmbərlə Arif Hacılı özlərini təsdiq etmək üçün yeni mitinq keçirmək istəyirlər.
Belə ki, Müsavat Partiyası növbəti ay üçün mitinq keçirməyi planlaşdırır. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, bu barədə artıq müzakirələr aparılır: "Məsləhətləşmələr davam edir. Noyabrın sonuna kimi bu məsələ ilə bağlı Müsavat Partiyasının ayrıca qərarı olacaq. Mitinqi partiyanın tək, yaxud Birləşmiş Hüquq Müdafiə Mərkəzi ilə keçirəcəyini məsləhətləşəcəyik. Çox güman ki, Müsavat Partiyası ilə funskional əməkdaşlıq əlaqələrində olan təşkilatlar bu məsələyə "hə" deyəcəklərsə, daha yaxşı olar. Noyabrın axırına kimi mitinqi həyata keçirmək istəyindəyik". G.Aslanlı qeyd edib ki, mitinqin əsas tələblərindən biri "Siyasi məhbusların azad olunması" olacaq. Qeyd edək ki, AXCP-nin daxil olduğu Milli Şura oktyabrın 12-də oxşar tələblə mitinq keçirmişdi. Yeri gəlmişkən, AXCP funksionerləri dünən də yeni mitinq barədə çağırış ediblər.
"Unikal"a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli mitinqlərin keçirilməsinin o qədər də vacib olmadığını dilə gətirib. Onun sözlərinə görə, bəzi partiyalar mitinqi güc nümayişi kimi gündəmə gətirirlər: "Nə qədər deyilsə də, təəssüf ki, bəzi partiyalar mitinqə yenə də gücün nümayişi kimi baxmaqdadır. Bu isə geniş ictimaiyyətin kütləvi aksiyalara münasibətinə mənfi təsir edir və əksəriyyət mitinqlərə gəlmir. Hər bir mitinqdən sonra iştirakçıların sayının hesablanması və diqqətin qaldırılan tələblərə deyil, saya yönəldilməsi tamamilə səhv yanaşmadır. Biz daimi olaraq AXCP və Musavatın keçirdiyi mitinqlərdə bunu müşahidə etmişik. Sanki bu partiyalar cəmiyyətin problemləri üçün yox, özlərinin nə qədər sosial bazaya malik olduqlarını göstərmək üçün meydanlara çıxırlar. Amma nəzərə almırlar ki, bu yolla bütövlükdə müxalifətin imicinə zərbə vurulur. Demokratik ölkələrdə mitinqə çıxanların sayının irəli sürülən tələblərə heç bir aidiyyatı olmur. Əgər bir nəfər etiraz bildirən varsa onun tələbləri hökumət səviyyəsində nəzərdən keçirilir. AXCP mitinq keçirib, mütləq Musavat da keçirməlidir məntiqi ilə yaşamaq səhvdir. Bu "yarış" kimə lazımdır. Bu partiyaların arasında olan gərginlik və barışmazlıq zaman-zaman müxalifət düşərgəsinə sağalmaz yaralar vurub. İndi ayırılıqda mitinq keçirmək qərarı da bir rəqabət formasıdır. Yaxşı olar ki, cəmiyyətin siyasi şüuru dəyişdiyi kimi bu partiyaların mitinqlərə yanaşma tərzi də dəyişsin. Amma illər keçsə də bunu müşahidə etmirik. Ədalət partiyası təşkilatçısı olmadığı aksiyalarda iştirak etməmək haqda qərar qəbul edib. Ona görə də mitinqlərdə iştirak etməyəcəyik".
Bu barədə "Unikal"a açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, bu cür məsələlər partiyanın səlahiyyətli orqanlarında müzakirə olunmalıdır. Qeyd edək ki, Müsavat Partiyasının rəhbərliyi Milli Şuranın 12 oktyabr mitinqinə qatılmışdılar. AXCP üzvlərinin fərdi şəkildə Müsavatın mitinqinə qatılıb-qatılmayacağına gəlincə, Nurəddin bəy "Hesab edirəm ki, özünü müxalifət hesab edən partiyalar ümummilli məsələlərdə birlik çərçivəsində fəaliyyət göstərməlidirlər. Milli Şuranın siyasi məhbuslarla bağlı apardığı mübarizəni heç kim dana bilməz. Ona görə də, səyləri birləşdirməyə ehtiyac var, ayrılmağa, bölünməyə yox", - söyləyib.
Bu çıxışlar da göstərdi ki, Müsavat Partiyasının mitinqində özlərindən başqa heç kim olmayacaq. Yəni, növbəti biabırçılıq Müsavatı gözləyir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26