Pənah Hüseynə yeni sifariş gəlib
Pənah Hüseynə yeni sifariş gəlib

AXP sədrinə radikal müxalifəti bir araya gətirmək tapşırığı verilib

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yeni təkliflə çıxış edib. İndi də o, müxalifəti yenidən bir araya gətirməyə çalışır.
"Unikal"ın əldə etdiyi məlumata görə, Pənah Hüseyn Qərb dairələrindən müəyyən tapşırıqlar alıb. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Pənah Hüseyn birinci dəfədir ki, belə bir işə baş qoşur. Ona görə də onun bu işin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır: "Bilirsiniz ki, Pənah Hüseyn həmişə Müsavatın keçmiş başqanı İsa Qəmbərin liderliyini qəbul edib və onun müdafiəsi istiqamətində fəaliyyət göstərib. Amma artıq İsa Qəmbər erası bitib. Ona görə də Pənah Hüseyn özünə yeni gəlir yeri axtarmağa çalışır. Bunu bilən Qərb dairələrinini bəzi təmsilçiləri Azərbaycanda öz dayaqlarını möhkəmləndirmək üçün Pənah Hüseyn kartından da istifadə etmək qərarına gəliblər. Plan isə 2015-ci il parlament seçkiləri ilə bağlıdır. Belə ki, ona parlament seçkilərində radikal müxalifəti bir araya gətirmək tapşırılıb. O da artıq bu istiqamətdə fəaliyyətə başlayıb".
Müsahibimizin bu iddialarının həqiqət olduğunu Pənah Hüseynin dünən verdiyi açıqlama da təsdiqləyib. O deyib ki, parlament seçkilərinin müxalifətin ümumi strategiyasında olmasından danışmaq hələ ki tezdir. O, 2015-ci ildə keçiriləcək parlament seçkilərində müxalifətin iştirak edib-etməmək məsələsinə özünəməxsus şərh verib: "Ölkədə ümumi siyasi vəziyyət, konkret seçkilərlə bağlı məsələlər, seçki komissiyalarının tam nəzarət altında olması azad, ədalətli seçkilər üçün şəraitin olmadığını deməyə əsas verir. Belə bir şəraitdə müxalifətin seçkilərdə iştirakının öz spesifikliyi var. Burda daha çox seçkilərdə iştirak ümumi siyasi strategiyanın məqsədləri ilə müəyyən olunur. Bu da müəyyən konyukturanın necə formalaşmasından asılı olacaq. Konkret işlər getməsə də, müəyyən əlamətlər göstərir ki, müxalifətin parlament seçkilərində birgə iştirakı məsələləri də gündəmə gələ bilər".
Göründüyü kimi, artıq Pənah Hüseyn müxalifətin bir araya gəlməsindən danışmağa başlayıb. Bu da onu göstərir ki, AXP lideri artıq sifarişi yerinə yetirməyə başlayıb. İndi onun radikal müxalifət təmsilçiləri ilə danışıqları başlayıb. Müzakirələr zamanı o qarşı tərəfi inandırmağa çalışır ki, əgər bu platformada birləşsələr, Qərb onlara dəstək verəcək.
Əldə etdiyimiz məlumata görə, Pənah Hüseyn artıq bir neçə partiya ilə anlaşma əldə edib. Onun Müsavat, KXCP və digər partiyaları bir araya gətirmək iddiasında olduğu bildirilir. Hər halda, Pənah Hüseyn radikalları inandıra bilsə, Qərbin yeni layihəsini icra edə biləcək.
Qərib