Parlamentdə bələdiyyələrlə bağlı ziddiyət yarandı
10:03 29-10-2014
CƏMİYYƏT
Parlamentdə bələdiyyələrlə bağlı ziddiyət yarandı
"Milli Məclis Minsk qrupunun həmsədr ölkələrinə müraciət göndərməlidir"
Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.İclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Ukraynadakı parlament seçkilərindən danışıb. O bildirib ki, seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ seçkinin şəffaf keçdiyini bəyan edib.
YAP-çı deputat qeyd edib ki, ABŞ-ın Krım probleminin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını deməsi bəzi mətləblərdən xəbər verir: "Amma ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan ABŞ 20 il ərzində Qarabağ problemi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyib. Guya deyirlər ki, Azərbaycanda seçkilər şəffaf keçirilmir".
Onun fikrincə, Minsk qrupunun həmsədr ölkələri bütün dövlətlərə ədalətli mövqe sərgiləməlidir. YAP rəsmisinin sözlərinə görə, Milli Məclis bununla bağlı Minsk qrupunun həmsədrlərinə müraciət ünvanlamalıdır: " Neçə ildir ki, bölgəyə turist səfərləri edən həmsədrlər heç Qarabağla bağlı düzgün informasiyalar da çatdırmırlar. Ona görə də təklif edirəm ki, Milli Məclis həmsədr ölkələrə bir müraciət ünvanlasın".
Fazil Mustafa:
"Rusiyadan olan vəkillər girovların müdafiəsini təşkil edə bilərlər"
"Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı".
Bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bunu etmirlər.
Onun sözlərinə görə, Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar: "Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür".
Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. "Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib. Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır".
"Mənə təminat
verin, gedib girovları müdafiə edim"
Millət vəkili İqbal Ağazadə ermənilərin Xankəndində "mühakimə etdiyi" kəlbəcərli girovlarla bağlı təklif səsləndirib.
"Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır".
Deputat bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər.
"Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar",-deyə İqbal Ağazadə qeyd edib.
Deputat onu da bildirib ki, insan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayır. "Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq",-deyə deputat söyləyib.
Dünən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın 1-ci instansiya məhkəməsində kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə prosesi" başlayıb.
Erməni hakim Anatoli Tadevosyanın sədrliyilə keçirilən "prosesdə" Dilqəm Əsgərov və Şahbaz Quliyevi vəkillər Erik Beqlaryan və Arkadi İsraelyan "müdafiə edir". Dövlət ittihamçısı isə prokuror Karen Qabrielyandır.
Dədə-baba yurdunu ziyarətə getmiş soydaşlarımız "diversant" adı ilə saxta ittihamlarla mühakimə olunurlar.
"Mən Milli Məclisin deputatının qondarma rejimin keçirdiyi məhkəmədə girovların müdafiəsi üçün vəkillik etməsini mümkün hesab etmirəm".
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycan Milli Məclisinin deputatlarının özlərinin vəkillik etmək barədəki çağırışı düzgün deyil:
"Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər. Qondarma qurumun qondarma hüquqi məhkəmə aktına etiraz edilməlidir. Amma bu, o demək deyil ki, Milli Məclisin üzvləri girovların müdafiəsi üçün Qarabağa getməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə cəlb edilməlidir".
Qeyd edək ki, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Qarabağda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəməsində onları müdafiə etmək üçün vəkillik etməyə hazır olduğunu bəyan edib.
Zahid Oruc: "Qrantları daha çox məkrli niyyəti olan şəxslər alırlar"
Milli Məclisin iclasında deputat Zahid Oruc "Qrant haqqında" qanun layihəsinin müzakirəsi zamanı bir çox məsələlərə toxunub. Deputat deyib ki, bu, çox önəmli məsələdir: "Ona görə ki, Azərbaycan gerçəkliyində qrant müqaviləsi bağlayan tərəflər bunu 3-cü tərəfə yönəldərək bir növ məsuliyyəti boynundan atmağa çalışır".
O bildirib ki, qrant alanların əksəriyyəti partiyaların ətrafındakılardır: "Bu isə o deməkdir ki, qrantlar partiyaları maliyyələşdirir. Hansısa beynəlxalq qurum məsələn, "Şuşaya qayıtmaq istəyən birinin istəyi" ilə bağlı qrant layihəsini maliyyələşdirməyib. Qrantları daha çox məkrli niyyəti olan şəxslər alırlar".
Zahid Oruc deputat həmkarlarına xitab edərək maraqlı ifadə də səsləndirib: "Bilirəm ki, hamı nahar barədə fikirləşir. Düzdür, mən heç kimin mədəsinə müdaxilə etmək istəmirəm, amma müzakirələr aparılmalıdır".
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə onun çıxışına belə reaksiya verib. "Zahid bəy, bu çıxışı keçən dəfə də etmişdiniz".
Müzakirə zamanı spiker Oqtay Əsədovda deputat Zahid Oruca etirazını bildirib.
Oqtay Əsədov müzakirə zamanı Zahid Oruca çox danışdığı üçün irad tutub. Zahid Oruc spikerə yerindən cavab verib. Oqtay Əsədov isə ona yerindən danışmaması ilə bağlı xəbərdarlıq edib.
"Qulaq as. Söz güləşdirmə. Görürəm sənin çox güclü ideyaların var. Mən izah edirəm, amma sən başa düşmədin. Yerindən danışma dedim. Mən sənə söz verməyəcəyəm, sən də danışa bilməyəcəksən".
Qüdrət Həsənquliyev: "Eldəniz Quliyev
peşəkar təxribatçıdır"
"Eldəniz Quliyev Azərbaycan polisi haqqında mənfi rəy yaradır. Bəzi ölkələrdə iğtişaşlarqabağı ilk növbədə hüquq-mühafizə orqanları gözdən salınır".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib. O, Milli Şuranın üzvü Eldəniz Quliyevin polisi təhqir etdiyini xatırladaraq, onun peşəkar təxribatçı olduğunu vurğulayıb.
Deputat qeyd edib ki, Eldəniz Quliyev Azərbaycanda təxribat yaratmaq istəyən şəxslərdən biridir: "O, prezident seçkisi qabağı "Talışları Müdafiə Komitəsi" adlı bir təşkilat yaratmışdı. Amma indi həmin qurumdan xəbər yoxdur".
Qüdrət Həsənquliyev onu da deyib ki, bu gün Eldəniz Quliyevi müdafiə edənlər polisi gözdən salmaq istəyənlərdir. "Bunlar həmin şəxslərdir ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin kabinetinə gizlicə girib Heydər Əliyevə zəng edərək, onu Bakıya dəvət etmişdilər. Bunlar xəyanətkarlardır".
Azərbaycan polisini təhqir etməkdə ittiham olunan Eldəniz Quliyevi daxili işlər naziri Ramil Usubov məhkəməyə verib.
Milli Məclis "Bələdiyyələrin statusu haqqında" qanunun müzakirəsi xeyli gərgin keçib.
Deputat Qüdrət Həsənquliyev MSK-nın bələdiyyənin fəaliyyətinə xitam verməsini düzgün saymadı. O bildirdi ki, 1700 bələdiyyənin Milli Məclisdə hesabat verməsi mümkün deyil.
İcrası mümkün olmayan bir qanunun qəbulunu düzgün saymayan deputat bunu reallaşdırmağın fiziki baxımdan mümkün olmadığını da qeyd etdi. Q.Həsənquliyev layihənin düzgün hazırlanmadığı üçün onun müzakirəsini dayandırmağı təklif etdi. Eldar Quliyev də təklif olunan dəyişikliklərə qarşı çıxdı.
Deputat Qalib Salahzadə də Q.Həsənquliyevin dediklərini müdafiə etdi: "Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır".
Deputat Arif Rəhimzadə isə dedi ki, bələdiyyələr bir-bir hesabat verməyəcək: "Ancaq seçicilərin sayı həddən artıq çox olan bələdiyyələrlə bağlı çətinlik olacaq. Bu zaman 10-20 iclas da ola bilər. Ancaq bu bələdiyyələrin xüsusi çəkisi 3 fazidir".
Deputat Fazil Mustafa da iki seçkili qurumdan birinin digərinə hesabat verməsini düzgün saymadı: "Bələdiyyələrin əksəriyyətinin əlində mülkiyyət, reklam yoxdur. Öz ərazisində nəqliyyata nəzarət edə bilmir. Ancaq qabiliyyətli işçilər hesabına əhalidən torpaq pulu yığır. 5 ildə burda kimdən hesabat istəyə bildik? Bunun kökündə hüquqi nonses var, onu tətbiq etmək mümkün deyil. Ya gərək statusunu qaldırmalıyıq, ya da... Onsuz da səlahiyyəti yoxdur, hələ bir az da zəiflədirik. Bu, dövlətin əleyhinə qurum deyil".
Deputat qəbul olunan
qanunlardan gileyləndi
"Bəzən qanunlar tam dolğun işlənilmədən qəbul olunur". Bunu Milli Məclisin iclasında "15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.
O bildirib ki, bunun timsalında bütün qanunlar tam detallarına qədər işlənərək qəbul edilməlidir: "Biz bu qanunu bu yaxınlarda qəbul etmişdik. Yenidən dəyişiklik etmək göstərir ki, qanunu dolğun qəbul etməmişik. Xahiş edirəm, bundan sonra qanunları qəbul edərkən onun detallarına diqqətlə yanaşılsın ki, üstündən bir il keçməmiş yenidən baxılmaq üçün müzakirəyə çıxarılmasın".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24