Zaqatalada vəziyyət normallaşır
11:41 09-05-2012
İQTİSADİYYAT
Zaqatalada vəziyyət normallaşır
Zəlzələ bölgəsində 3 qərargah, 500 çadır quruldu, təbii fəlakət nəticəsində 800-ə yaxın ev qəzalı vəziyyətə düşüb
Zaqatala rayonunda baş verən zəlzələdən sonra vəziyyət sabitləşməyə başlayıb. Əhalinin təlaşı isə hələ də yerində qalır. Onlar qorxurlar ki, daha güclü yeraltı təkan baş verə bilər. Ona görə də, bəzi ailələr qorxularından evlərini tərk edərək, küçədə qalmağa üstünlük verirlər. Lakin rəsmi qurumlar yerli əhaliyə müraciət edərək, onlardan qorxmamağı istəyib və güclü zəlzələnin olmayacağı barədə xəbərdar ediblər.
Zəlzələ 800 evə
zərər vurub
"Dünən (srağagün-red.) axşam saat 19.15-də baş vermiş sonuncu güclü yeraltı təkandan sonra Zaqatala rayonunda 800-ə yaxın evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib". Bunu açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov deyib.
Onun sözlərinə görə, qəzalı evlər əsasən rayonunun Mamrıx, Gözbarax, Muxax, Zəyəm, Bazar, Qımır kəndlərində qeydə alınıb.
E.Ramazanovun dediyinə görə, dünəndən bölgədə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün də yerli əhali ilə görüşüb, qəzalı tikililərin bəzisinə baxış keçirib. Nazir zəlzələ nəticəsində ciddi zərər çəkmiş evlərin yenidən tikiləcəyini, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işləri aparılacağını bildirib.
Hadisə baş verəndən rayonda FHN-in Operativ Qərargahının fəaliyyət göstərdiyini deyən E.Ramazanov evləri qəzalı vəziyyətdə olan sakinlərin müvəqqəti çadırlarda yerləşdirildiyini bildirib: "Sabahdan rayona tikinti materialları gətirilərək, artıq qəzalı binaların təmir-tikintisinə başlanılacaq".
İcra başçısının müavini bildirib ki, rayonun 5-6 kəndinə elektrik enerjisinin verilişində fasilə yaranıb: "Orada xətlərdə xüsusi problem yoxdur. Sadəcə, zəlzələnin episentrinə yaxın kəndlərə elektrik enerjisinin verilişi təhlükəsizlik məqsədilə dayandırılıb". E. Ramazanovun sözlərinə görə, eyni məqsədlə Zaqatala rayonuna qaz verilişi də müvəqqəti dayandırılıb.
E. Ramazanov qeyd edib ki, rayonun digər ərazilərinə elektrik enerjisinin verilişində, su və rabitə-kommunikasiya təminatında problem yoxdur.
Komissiya sədri zəlzələ nəticəsində ölənlərin və ağır bədən xəsarəti alanların olmadığını, hadisədən sonra ümumilikdə 36 nəfərin Zaqatala Mərkəzi Rayon Xəstəxanasına stress və müxtəlif yüngül xəsarətlərlə bağlı müraciət etdiyini deyib: "Müraciət edənlərdən biri xəstəxanada müalicə olunur, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb".
500-ə yaxın çadır qurulub
Fövqəladə Hallar Nazirliyi rəsmi sayıtında yaydığı məlumatda bildirilib ki, hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyət öyrənirlər, nəticələrin qısa müddətə aradan qaldırılması üçün bölgəyə tikinti şirkətləri də cəlb edilib. Tikililərin vəziyyəti ardıcıl olaraq qiymətləndirilib, dərhal yeni evlərin tikintisinə və bərpa-bərkitmə işlərinə başlanılacaq.
FHN hazırda ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurub, əlavə olaraq 1000-ə yaxın çadırın qurulması da nəzərdə tutulub.
Məlumatda o da bildirilib ki, Zaqatala, Balakən və Qax rayonlarında nazirliyin operativ qərargahları yaradılıb.
Nazirlik bildirir ki, qərargahlara daxil olan müraciətlərə dərhal reaksiya verilir. FHN-in "112" qaynar telefon xəttinə və ya yerlərdə fəaliyyət göstərən qərargahlara müraciət etmək olar.
Zaqatala rayonundakı qərargah: (012) 512 90 14, 512 90 08
Balakən rayonundakı qərargah: (0119) 5 12 19
Qax rayonundakı qərargah: (0144) 5 41 41
Seysmoloqların əvvəlcədən xəbəri olub?
Mayın 8-i saat 00.00-dan səhər saat 08.00-dək Zaqatalada 20-dən çox yeraltı təkan qeydə alınıb. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, ümumilikdə dünən (srağagün) səhər saatlarından Zaqatala ərazisində maqnitudası 1-dən yuxarı olan 100-dən çox təkan baş verib. Hazırda rayon ərazisində sakitlik olsa da, xırda hiss olunmayan təkanlar yenə də qeydə alınır: "Bu təkanlar hələ xeyli müddət davam edəcək. Belə təkanların olması, enerji boşalması təbii haldır".
Q.Yetirmişli bildirib ki, hazırda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsindədir: "Ölkə prezidentinin tapşırığı ilə dağıntıların miqyası dəqiqləşdirilir, zəlzələdən ziyan çəkən evlərin siyahısı tutulur".
Baş direktor Zaqatala ərazisində baş verən zəlzələnin Ayın Yerə yaxınlaşması ilə əlaqəsinin olmadığını da bildirib: "Əgər bu ocaqda aktivlik olmasaydı, zəlzələ baş verməzdi. Yanvarın əvvəlindən bu ocaqda aktivlik müşahidə edilirdi və 16-dək təkan qeydə alınmışdı".
Kəmaləddin Heydərov:
"İlkin vəsaitin ayrılması
ilə bağlı sərəncam
imzalanacaq"
"Komissiyalar dünəndən Zaqatala, Balakən, Qax rayonlarının zəlzələnin təsiri olan ərazilərində işləyir. Dünən (srağagün) axşam baş vermiş 5.7 bal gücündə yeni təkanlardan sonra əvvəlki zəlzələdə qismən zədələnmiş evlərin böyük əksəriyyəti uçub, tam qəzalı vəziyyətə düşüb". Bunu açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, son məlumata görə, zəlzələ bölgəsində 1360 qəzalı ev, 20-yə yaxın zərər dəymiş sosial obyekt qeydə alınıb: "Bu gün kəndlərdə olduq, sakinlərlə görüşdük. İnsanların narahatlığı başa düşüləndi, evlərdə yaşamağı təhlükəli hesab edirlər. Biz əhaliyə çadırlar paylayırıq".
Nazir bildirib ki, dünən ilk zəlzələdən sonra qəzalı evlərin sayı az olsa da, günün sonunda baş vermiş təkanlar bu rəqəmin artmasına səbəb olub: "Ehtiyacı olan bütün ailələri çadırlarla maksimum təmin etməyə çalışırıq. İstəyirik ki, qəzalı vəziyyətdə olan evlər yenidən tikildiyi müddətdə insanlar çöldə qalmasınlar".
K.Heydərov Azərbaycan prezidentinin zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində növbəti tapşırıqlar verdiyini bildirib: "Cənab prezident tərəfindən bizə və Nazirlər Kabinetinə tapşırıqlar verilib. Yəqin ki, evlərin tikilməsi üçün müəyyən qədər ilkin vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanacaq".
Nazir hazırda mütəxəssislərin və tikinti şirkətlərinin bölgəyə cəlb olunduqlarını da qeyd edib: "Artıq tikinti şirkətləri hansı ərazilərdə işləyəcəklərinin bölgüsünü aparıb, tikinti materiallarının böyük bir hissəsi isə artıq bura gətirilir. Sabahdan zəlzələ bölgəsində tikinti-bərpa işlərinə başlanılacaq. Çalışacağıq ki, cənab prezidentin tapşırığına əsasən, bu iş qısa müddətdə yerinə yetirilsin, əhalinin daha rahat və təhlükəsiz evlərdə yaşaması təmin edilsin".
Nazir vətəndaşlara müraciət edərək, fərdi evlərin tikintisi zamanı layihələndirmə işlərini qanunauyğun şəkildə aparmağı tövsiyə edib: "Maksimum təcrübədən keçirilmiş inşaat materiallarından istifadə etmək, mütəxəssislərin köməyindən yararlanmaq, materialları ekspertizadan keçirdikdən sonra tikinti işlərinə başlamaq lazımdır. Xüsusilə bu ərazilərin seysmik zona olduğunu nəzərə alıb, daha diqqətli və qanunauyğun tikinti aparmaq vacibdir".
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07