Ukrayna niyə BMT-də SOS Verdi?
13:53 14-11-2014
İQTİSADİYYAT
Ukrayna niyə BMT-də SOS Verdi?
Krım tatarları şəxsi batalyonlarını yaratmaq istəyirlər
Rusiya Ukrayna ilə sərhədə 200 tank, 1600 avtomobil, 640 artilleriya qurğusu, 191 təyyarə və 121 vertolyot cəmləyib. Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Yuri Sergey bildirib.
Qeyd edək ki, rəsmi Kiyevdən başqa beynəlxalq təşkilatlar da Rusiyanın Donbas hövzəsində, eləcə də Ukrayna ilə sərhəddə hərbi hərəkətləri ilə bağlı narahatlığını ifadə ediblər. Srağagün Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav Rusiya tankları, artilleriya sistemləri və şəxsi heyətinin son iki gün ərzində Şərqi Ukraynanın ərazisinə daxil olduğunu bildirib. ATƏT də dünən Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.
Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk bir neçə gün əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır. Onun sözlərinə görə, son bir neçə gündə Donbas hövzəsində zərbə taktik qruplarının formalaşmasının tamamlanması müşahidə olunur. Hərbi ekspert qeyd edir ki, zərbə taktik qruplar, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşununun və separatçıların hazırda praktik olaraq tamamilə hücuma hazır olduğunu deməyə əsas verir.
Hərbi ekspert daha əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib. Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.
D.Tımçuk Rusiyanın həmçinin Ukrayna ilə dövlət sərhədinə qoşun birləşmələrini yerləşdirməkdə davam etdiyini qeyd edib. Onun bir neçə gün bundan əvvəl irəli sürdüyü iddia da kifayət qədər qorxucudur. D.Tımçuk bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 6 ədəd "İsgəndər" tipli operativ-taktiki kompleksi, Donbasda isə "S-300" zenit-raket kompleksləri yerləşdirib. Hərbi ekspert həmçinin bildirib ki, Alçevsk, Staxanov və Pervomaysk rayonlarına Rusiya muzdluları və zirehli texnikasının, o cümlədən mexanikləşdirilmiş "Kabus" briqadasının hərəkəti qeydə alınıb və Krasnodon rayonuna artilleriya sistemləri göndərilib.
Krım tatarlarının şəxsi batalyonu yaradılır
Krım tatarları şəxsi batalyonlarını yaratmaq istəyirlər. Ukrayna mediasının verdiyi məlumata görə, Krım tatarlarının lideri Mustafa Cəmilov prezident Pyotr Poroşenko ilə görüşdə bu barədə müzakirələr aparıb.
M.Cəmilov həmçinin qeyd etdi ki, təxminən 450 Krım tatarı Donbas hövzəsində müxtəlif hərbi batalyonlarda terrorçuluğa qarşı əməliyyatda iştirak edir. O, vurğulayıb ki, həmin hərbi qulluqçuların qohumları Krım ərazisində xüsusi təhlükəyə məruz qalırlar və yerli hakimiyyətin girovuna çevriliblər. M.Cəmilov bildirib ki, Donbas hövzəsində vuruşan Krım tatarlarının adları məxfi saxlanılmalıdır.
M.Cəmilov əminliyi ifadə edib ki, Krım tatarları və ukraynalılar Krımı azad etmək üçün birlikdə mübarizə aparacaqlar: "Krım tatarları anlayırlar ki, xalqın gələcəyi müstəqil və güclü Ukrayna ilə bağlıdır".
Rusiya Azov dənizi
akvatoriyasını minalayır
Rusiya hərbçiləri Donetsk vilayətində Mariupolun ətrafında Azov dənizinin akvatoriyasını minalayırlar. unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin məsləhətçisi Markiyan Lubkivski "Şuster Live" telekanalın efirində bildirib.
"Rusiyalılar Mariupolu dənizdən mühasirəyə almaq üçün Azov dənizinin akvatoriyasını minalayırlar. Məqsəd həm də regionun iqtisadi infrastrukturunu partlatmaqdır", - deyə Lubkivski vurğulayıb.
Srağagün isə ATƏT-in baş katibi Lamberto Zannier bildirib ki, separatçılar Donetsk vilayətinin Mariupol şəhəri ətrafında hərbi əməliyyata hazırlaşırlar: "Mariupol separatçılar tərəfindən ən çox atəşə tutulan yerlərdən biri olmaqda davam edir. Bunu isə onların hərbi əməliyyata hazırlaşması kimi qəbul etmək olar".
Qeyd edək ki, ATƏT Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının olduğu kolonun qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.
Britaniya "Ağ dul
qadın"ın Donbasda öldürüldüyünə inanmır
Böyük Britaniya İnterpolun axtarışında olan "Ağ dul qadın"ın Donbas hövzəsində öldürülməsi barədə informasiyanı yoxlayır. Bu barədə Böyük Britaniyanın "The Daily Mail" nəşri Britaniya Xarici İşlər Nazirliyinin adını açıqlamayan nümayəndəsinə istinadən yazıb.
Qeyd edək ki, Rusiyanın "Regnum" agentliyi "Ağ dul qadın" ləqəbli məşhur britaniyalı terrorçu Samanta Lyusueytin Donbas hövzəsində döyüş əməliyyatlarının gedişatında öldürüldüyü barədə xəbər verib. İnformasiyanın konkret mənbəyi isə göstərilməyib. Ukrayna antiterror güclərinin tərkibində vuruşduğu deyilən terrorçunun öldürülməsi barədə xəbəri rəsmi mənbələr hələlik təsdiqləməyib.
Keniyada həyata keçirilən son terror olaylarının əsas təşkilatçısı və iştirakçısı hesab olunan Böyük Britaniya vətəndaşı olan Samanta Lyusueytin axatarışı ilə İnterpol məşğul olur. 30 yaşlı Samanta Lyusueyt Keniyanın paytaxtı Nayrobidəki Vestqat Ticarət Mərkəzində 2013-cü ildə həyata keçirilən və 70-ə yaxın adamın ölümünə səbəb olan terror aktında ittiham edilir. Keniya hökumət orqanları hələ 2011-ci ildə ölkənin ikinci ən böyük şəhəri olan Mombasda həyata keçirilən terror aktında Samanta Lyusueytdən şübhələnərək onun barəsində axtarış elan etmişdilər.
Nayrobidə həyata keçirilən son terror olaylarından sonra məlum olub ki, "Ağ dul qadın" ləqəbli terrorçu qadın ölkə daxilində Natali Vebbin adına olan saxta pasportla hərəkət edib. Samanta Lyusueyt Jermen Lindsey ( Abdulla Şahid Camal) adlı terrorçu ilə evil olub. Müsəlmanlığı qəbul edən bu qadın əvvəllər olduqca yumşaq, qan tökülməsinə qarşı çıxan humanist və xeyirxah bir xanım kimi tanınıb. Onun həyat yoldaşı Jermen Lindsey 2005-ci ildə London metrosunu partladan və bu zaman həlak olan 4 terrorçudan biridir. Jermen Lindseyin ölümündən sonra birdən-birə dəyişən Samanta Lyusueyt həyat yoldaşının işini davam etdirmək və intiqam almaq qərarına gələrək, qısa müddətdə dünyada ən məşhur və ələkeçməz terrorcu qadın kimi tanınıb. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Afrika qitəsində həyata keçirilən ən cəsarətli terror olaylarının təşkilatçılarından biri kimi tanınır.
"Regnum" agentliyinin məlumatına görə, Lyutueyt təxminən iki həftə əvvəl Donetsk və Luqansk "xalq respublikaları" arasındakı mərkəzi nəqliyyat məntəqəsi olan Debaltsevo şəhəri ərazisində öldürülüb. Onun Rusiyadan Donbas hövzəsinə gələn snayper tərəfindən vurulduğu deyilir. Məlumata görə, "Ağ dul qadın" Donbas hövzəsindəki silahlı konfliktdə snayper kimi "Aydar" könüllü batalyonunun tərəfində vuruşurmuş.
Britaniyanın "The Daily Mail" nəşri isə qeyd edir ki, britaniyalı heç vaxt Ukrayna ilə bağlı olmayıb. Nəşr qeyd edir ki, terrorçunun "İslam Dövləti" döyüşçülərinə qoşularaq Suriya və İraqda vuruşduğu barədə məlumatlar var.
ABŞ Rusiyaya
qarşı sanksiyaların
ləğv edilməsi
şərtlərini açıqladı
ABŞ BMT Təhlükəsizlik Şurasının toplantısında Ukraynanın Şərqində baş verən qarşıdurmaları dayandırması və digər şərtləri yerinə yetirəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv ediləcəyini açıqlayıb.
İngilis mətbuatının məlumatına görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover eyni zamanda Rusiyanın bunun üçün Ukrayna ilə sərhəd və Şərq regionlarındakı hərbi birliklərini geri çəkməli, hərbi texnikasını çıxarmalı, girovları sərbəst buraxmalı olduğunu bildirib. Rusiya BMT-dəki daimi nümayəndəsi Aleksandr Pank isə Ukrayna ərazilərində rus ərgərlərinin və hərbi texnikasının olmadığını iddia edib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25