Sülh danışıqlarını pozmağa yönələn növbəti təxribat
Sülh danışıqlarını pozmağa yönələn növbəti təxribat

Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirməklə sülh
danışıqlarında müşahidə olunan intensivliyi pozmağa cəhd göstərir

Məlum olduğu kimi, son günlər ermənilərin qoşunların təmas xəttin təxribatları daha da intensivaləşib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib.

Qeyd edək ki, Ermənistan tərəfi son "helikopter" təxribatından öncə də qoşunların təmas xəttində gərginliyi artıran hərəkətlərə yol verməklə ardıcıl pozuculuq işi apardığını ortaya qoyub. Belə ki, bir müddət əvvəl düşmən Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində, o cümlədən qoşunların təmas xəttinin digər hissələrində çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə hərbi təlimlər keçirib.

Ermənistanın danışıqlar prosesini pozma cəhdi

Halbuki, son zamanlar ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüksək səviyyəli danışıqlar intensivləşib. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, habelə hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə edib, həmçinin qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər.
Lakin görünən odur ki, Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, bu cür təxribatlara əl ataraq sülh prosesini pozmağa cəhd göstərir.

Novruz Məmmədov:
"Ermənistanın belə məkrli təxribatları çox olub"

Cəbhə bölgəsində son təxribat əməllərinə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi hərbi təlimlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov münasibət açıqlayıb. N.Məmmədov bu barədə Qafqazinfo-nun sualını cavablandırarkən deyib: "Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər. Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq, Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara çox lazım idi. Özünüz düşünün, belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra Ermənistan rəhbərləri diasporları, lobbiçiləri və arxalarında dayanan digər qüvvələrin vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün bu cür hiyləgər təxribatlara əl atmağa vərdiş ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir – Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Məqsəd budur".

XİN: Azərbaycan işğal olunmuş əraziləri
üzərindəki hava
məkanını uçuşlar üçün bağlı elan edib

Azərbaycan XİN də Ermənistana məxsus helikopterlərin Azərbaycanın mövqelərinə hücum etməsi ilə bağlı bəyanatla çıxış edib. Belə ki, nazirlikdən APA-ya daxil olan bəyanatda bildirilib ki, bu il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb. Atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib: "12 noyabr tarixində son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub".
XİN, həmçinin qeyd edib ki, Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb: "Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır".

Minsk qrupu Ermənistanın təxribatlarına obyektiv
reaksiya verməlidir

Göründüyü kimi, Ermənistan tərəfinin sülh prosesinə mane olmaq cəhdləri ara vermir. İl ərzində artıq ikinci dəfədir ki, işğalçı dövlət ciddi şəkildə pozuculuq fəaliyyəti ilə məşğul olur. Bu isə beynəlxalq ictimaiyyətin, o cümlədən Minsk qrupunun həmsədr dövlətlərinin gözü qarşısında baş verir. Məhz həmsədrlərin baş verənlərə reaksiyası, Ermənistanın təxribatçı fəaliyyətinə verəcəkləri obyektiv qiymət bu dövlətin danışıqlar prosesinin sonrakı mərhələlərindəki davranışlarını şərtləndirəcək. Əks təqdirdə təmas xəttində gərginliyin azaldılması, Böyük Sülh sazişi üzərində işlərin başlanması ilə bağlı Minsk qrupunun cəhdləri səmərəsiz olaraq qalacaq. Bu isə dünyada daha bir münaqişə ocağının yenidən alovlanması riskini artırır.
Mehdi