Azərbaycanda torpaq sahələri "bumu" başladı

Bəs görəsən, bunun səbəbi nədir?

Azərbaycanda daşınmaz əmlakla əməliyyatların sayı kəskin artıb. fins.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak qeydiyyata alınıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% artıqdır.

Torpaq sahələrinin
qeydiyyatı 37% artıb
Komitənin məlumatlarından aydın olur ki, Azərbayanda əhalinin torpaq sahələrinə marağı kəskin artmaqdadır. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların yarısı - 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37% yüksəlib

50 "novostroyka"
qeydiyyatdan keçib
Qeydiyyatı aparılan əmlaklardan 34,4 mini fərdi yaşayış və bağ evi, 46,6 mini mənzil, 3,9 mini qeyri-yaşayış binası, təqribən 3 mini qeyri-yaşayış sahəsi, 50-si çoxmərtəbəli yaşayış binası olub. Ötən illə müqayisədə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 15%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 43% artıb.

47 min yeni əmlak
sənədləşdirilib
Bu ilin ilk 10 ayında 47,3 min daşınmaz əmlak ilkin qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 19% artıqdır. İlk dəfə sənədləşdirilən əmlakların növlərinə gəlincə, bu il 14,6 min fərdi ev, 10,7 min mənzil, 19,3 min torpaq sahəsi, 20 çoxmərtəbəli yaşayış binası sənədləşdirilib.

Region əhalisi əmlakla
maraqlınır
Əmlak bazarında regionların payı sürətlə artır. İlk 10 ayda əmlakla əməliyyatların təqribən 70%-i regionların payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Bu dövrdə qeydiyyatdan keçən 50 çoxmərtəbəli binadan 39-u regionlardadır.

Əmlakın qeydiyyatı
sadələşib
Əmlakla əməliyyatların artımının əsas səbəbi ölkədəki iqtisadi aktivlik, daşınmaz əmlakın biznes proseslərə getdikcə daha aktiv cəlb edilməsidir. Bundan başqa, aparılan maarifləndirmə tədbirləri nəticəsində ölkə vətəndaşları əmlakın qeydiyyatının vacibliyini və gətirdiyi faydaları hiss etməyə başlayıb. Əmlakla əməliyyatların artmasının digər səbəbi ƏMDK tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi olub. Belə ki, ƏMDK-da qeydiyyat prosesində operativlik artıb, qeydiyyat müddəti azalıb, geniş tətbiq edilən elektron xidmətlər (məsələn məhdudiyyət arayışlarının onlayn verilməsi) isə qeydiyyat prosesindəki bəzi prosedurları ümumiyyətlə aradan qaldırıb.
Sənan Mirzə