Milli Məclisdə büdcə müzakirəsi başladı


Milli Məclisdə büdcə müzakirəsi başladı

Neftin ucuzlaşması büdcə müzakirələrini aktivləşdirdi
Milli Məclisin növbəti iclası oldu. İki gündə davam edəcək iclaslarda 2015-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunacaq. İclas başlayanda spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda makroiqtisadi göstəriciləri yüksək səviyyəyə qalxıb. Onu sözlərinə görə, 2015-ci il dövlət büdcə layihəsi dünyada gedən mənfi siyasi-iqtisadi proseslər nəzərə alınmaqla hazırlanıb.
İclasların gündəliyinə aşağıdakı
məsələlər daxildir

1. "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Oqtay Əsədov dövlət büdcəsindən danışdı

"Azərbaycan son 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də öz əksini tapıb". Bu barədə Milli Məclisin sədri Oktay Əsədov deyib.
Spikerin sözlərinə görə, bu ilin 9 ayı ərzində bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə edilib: "Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-ni təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır".
O.Əsədov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur: "Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır".

Ziyad Səmədzadə: "Azərbaycanda
standartlara cavab
verməyən yüz
minlərlə maşın var"

"Bu gün dünyanın müxtəlif dövlətlərində qeyri-sabitlik hökm sürür. Bu, həmin dövlətlərin rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində olub".
Bunu Milli Məclisin bugünkü iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Komitə rəhbəri qeyd edib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada və regionda aparıcı, ictimai-siyasi sabitliyə malik ölkəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycan hökumətində və onun strukturlarında güclü kadrlar var. Ziyad Səmədzadə deyib ki, düşünülmüş milli maraqlara cavab verən Azərbaycanın siyasəti qlobal sarsıntılar fonunda ölkənin iqtisadi-siyasi inkişafını dayandırmayıb. O qeyd edib ki, 2015-ci ildə ümumi daxili məhsulun həcmi 1,4 dəfə artacaq və bu artım qeyri-neft sektoru hesabına təmin olunacaq: "Bununla yanaşı, ümumi daxili məhsulun adambaşına düşən həcmi 8 min dollar olacaq ki, bu da MDB məkanında Rusiya və Qazaxıstandan sonra Azərbaycanı üçüncü yerdə qərarlaşdırır".
Ziyad Səmədzadə ekoloji cəhətdən təmiz maşınların ölkəyə gətirilməsindən də söz açıb. O qeyd edib ki, Azərbaycan "Avro-4" standartına keçsə də, problemlər mövcuddur. Komitə sədrinin sözlərinə görə, problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır: "İli köhnə olan və standartlara cavab verməyən maşınların sayı yüz minlərlədir. Bu məsələ gələcəkdə öz həllini tapacaq. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək".
Ziyad Səmədzadə deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi: "Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib".
Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20 faizə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: "Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparılır".

Maliyyə naziri:
"Azərbaycanda
heç bir problem
yaşanmayacaq"

Neftin qiymətinin dünya bazarlarında 60 dollara düşməsi senarisində belə, Azərbaycanda heç bir problem yaşanmayacaq". Bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, hazırki vəziyyətdə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı əsaslar azdır:
"Yəni neftin qiymətinin proqnozlarımıza uyğun səviyyədə olacağı ehtimal olunur".
Qeyd edək ki, Azərbaycanın 2015-ci dövlət büdcəsi layihəsində neftin 1 barreli üçün qiymət 90 dollar həcmində müəyyənləşib. Hökumət nümayəndələri iddia edir ki, neftin qiyməti müəyyən edilən məbləğdən aşağı düşərsə, bu, Azərbaycan iqtisadiyyatına ziyan verməyəcək.

Elman Rüstəmovdan banklarla bağlı
xəbərdaredici çıxış

"Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsinin səbəblərindən biri də OPEK üzvü olmayan ölkələrin neft hasilatını artırmasıdır. Digər tərəfdən isə əsas neft istehlakçılarında istehlakçı səviyyəsinin aşağı düşməsi neftin qiymətinin aşağı düşməsini şərtləndirir ".
Bunu Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O, 2015-ci ilin dövlət büdcə layihəsi barədə danışarkən söyləyib ki, neftin qiymətindəki tərəddüdlər nəzərə alınıb və bu, Azərbaycanın iqtisadi inkişaf sürətini səngitməyəcək.
Elman Rüstəmov deyib ki, möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi ilə bağlı proseslərə kifayət qədər hazırdır.
Mərkəzi Bank sədri bildirib ki, neftin qiyməti 60-70 dollara düşərsə belə, Azərbaycan dövlət büdcəsinin gəlirləri xərclərindən çox olacaq. O, qeyd edib ki, ötən illərə nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artaraq 15 milyard dollara yaxınlaşıb.
Bank sədrinin sözlərinə görə Azərbaycan yoxsulluq səviyyəsinin aşağı olduğu 25 ölkədən biridir. O, inflyasiyadan da danışıb:
"Azərbaycanda inflyasiya da aşağı səviyyədədir. Lakin bizim tərəfdaşımız olan ölkələrdə orta inflyasiya 4.3 faizdir. Bu da Azərbaycana həmin ölkələrə müqayisədə rəqabət üstünlüyü yaradır. Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki kimidir. Bu gün bizim milli valyutamız çox sabitdir. Bizdə olan informasiyaya görə manat hətta bir çox ölkələrdə də qəbul olunur. Bundan sonrakı dövrlərdə də manatın məzənnəsinin sabitliyi təmin ediləcək. Mərkəzi Bank bank faizlərini də aşağı salmağa çalışır. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4.75 faizdən 3.25 faizə endirib. Bu ölkədə faiz dərəcələrinin azaldılmasına bir işarədir. Bankların kapitallaşma səviyyəsi 18 faizdir. Bank kapitalları bank vəsaitlərinin artan aktiv hissəsinə çevrilir və bu 1.8 dəfə artaraq 83 faizə çatıb. Hazırda bank aktivlərinin 90 faizini əhatə edən banklar bu normaya əməl ediblər".
O bildirib ki, Mərkəzi Bank bir neçə zəif, problemli banklarla iş aparacaq. Elman Rüstəmov əmanətlərlə bağlı problemlərdən da söz açıb: "Banklar əhalinin əmanətlərinə ziyan vurmaqla mənafelərini təmin edə bilməzlər. Bu gün banklarda kifayət qədər vəsait var və bu, normadan iki dəfə çoxdur. Lakin əmanətlərin artım tempinin aşağı düşməsi problemi var. Cari dövrdə əmanətlər cəmi 9 faiz artıb. Bu əvvəlki illərə nisbətən aşağıdır. Bununla yanaşı, faiz dərəcələrinin aşağı salınması üçün banklarda kifayət qədər vəsait var. Bu onu göstərir ki, əhali öz əmanətlərini yerləşdirmək üçün alternativ kanallar axtarır. Bazarda belə kanallar var. Ölkənin iqtisadiyyatının maliyyə dərinliyindən də danışmaq istəyirəm. Maliyyə dərinliyi deyiləndə, bütövlükdə bank aktivlərinin ümumi daxili məhsula olan nisbəti nəzərdə tutulur. Bu göstərici Azərbaycanda 78 faizə bərabərdir. Bu, orta inkişaf göstəricisi hesab olunur. Cari ildə istehlak kreditləri 15 faiz artıb. Əhalinin təbii ki, tələbatı var və kreditlər götürmək istəyir. Lakin həddindən artıq borclanma bir çox ölkələrin timsalında fəsadlara gətirib çıxara bilər. Banklar həm də ictimai fondlarla əhalinin əmanətlərini verməyə çalışır. Bankların pul qazanmaq xatirinə belə bir ekspansiyaya yol verməsi son nəticədə banklarln stabilliyinin itirilməsinə gətirib çıxarda bilər. Dövlətin isə borcu həm əhalinin, həm də bankların mənafeyini qorumaqdır. 2015-ci il üçün ipoteka kreditləşməsinə 10 milyon manat artırılıb. Bütövlükdə isə ölkədə ipoteka portfeli 1 milyard manatdır, yəni əhaliyə təxminən bir milyarda manatdan artıq ipoteka kreditləri verilib. Bunun təxminən 600 milyon manatı ipoteka fondu xətti ilə verilib. Qalan 400 milyon isə bankarın öz vəsaitləri hesabına verilib. İpoteka fondu vasitəsi ilə 15 min 400 ailə kredit alıb. Əhalinin tam şəkildə ipoteka krediti ilə təmin olunması isə təkcə hökumətin qayğısı deyil. Bizim ümumi strategiyamız var. Burada biz 3 əsas prinsipi əsas götürmüşük. Bunlardan biri güzəştli ipotekanın dövlətin himayəsində qalmasıdır. Biz bunu optimallaşdırmaq istəyirik. Kommersiya kreditləşdirilməsini isə daha da liberallaşdırmaq istəyirik",-deyə Elman Rüstəmov məlumat verib.
Hüseyn İsgəndərov