Parlamentdə kişi söhbəti
"Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik".
Bunu millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı səsləndirib.
O bildirib ki, müəllimlərin tək əməkhaqqının artırılması ilə məsələ həll olmur: "23 ildir ki, eşidirik ki islahat gedir. Biri Boloniya, biri kurrikulum gətirir. Deyirlər belə, amma ortada bir şey yoxdur. İldən-ilə təhsil alanların da, ali məktəbə qəbul olanların da, balların da faizi aşağı düşür. Ümumilikdə isə, ortaya bir şey gəlib çıxmır. Azərbaycanda əhalini sayını götürdükdə müəllimin sayı üç dəfə artıqdır. Burada islahat aparılmalıdır və müəllimə yaxşı əməkhaqqı vermək lazımdır ki, yaxşı işləsin və fayda versin. Ola bilər ki, biz alim, professor, bəstəkar yetişdiririk. Amma bu gün Oqtay müəllim, sizdən xahiş edirəm ki, bir gedin orta məktəbin qarşısına, Azərbaycan uşaqları məktəbdən çıxanda onlara baxın. Bu gün təhsil alan Azərbaycan oğlanlarından 20 faizdən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də, idman dərsləri bərpa olunmalıdır. Hazırlıq olmalıdır, imtahan verməlidir. Biz kişi yetişdiririk. Lap olsun onlardan beşi Nobel mükafatçısı, bəstəkar. Amma bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik. Heç olmasa silahın növünü bilməlidirlər. Heç olmasa, öz ailəsini düşməndən qorusun. Bir dəfə xarici qonaq mənə dedi ki, sizdə kitab buraxmırlar, soyuq silah buraxırlar. Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan, yəqin ki çoxdan dünyasını dəyişmişdi. İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin".

Fəzail Ağamalı
kommersiya
banklarından
şikayət etdi

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, dünyada və regionda baş verən kataklizmlərdən Azərbaycan yan keçə bilib: "Güman edirəm ki, Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatacaq".
Deputat bildirib ki, 2015-ci ildə ölkə miqyasında qazlaşma başa çatmalıdır: "Bu mənada Salyan və Neftçala rayonlarının kəndləri də qazlaşdırılmalıdır".
Partiya sədri aqrar sektordakı problemlərdən də danışıb: "Xaricdən gələn meyvə-tərəvəzlərə rüsumum az olması ölkə daxilindəki fermerlərin məhsulunu bazara çıxarıb satmağa çətinlik yaradır. Bu vəziyyət düzəlməlidir".
Milli Məclis üzvü peşə-texniki məktəblərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini və gənclərin işsizlik problemini də vurğulayıb. O, kommersiya banklarından da şikayət edib: "Faizlər həddindən artıq çoxdur. Bunun qarşısını ala bilmirlərsə, təklif edirəm ki, biz də Mərkəzi Banka bu istiqamətdə təkliflər verək. Bununla da əhalini kommersiya banklarının nəhəng mədəsindən qurtara bilərik".
Yevda Abramov:
"Rusiya Qubada
hava limanı
tikməyə mane olub"

"Qubada beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı".
Bunu Yevda Avramov bildirib. O qeyd edib ki, əhali bu vəziyyətdən çaş-baş qalıb:
"Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Hava limanının tikintisi ilə bağlı onlardan torpaqlar alındı. Müəyyən işlər getdi, amma sonradan ərazi boşaldıldı. Söz-söhbətlərə görə, hava limanının tikintisinə Rusiya mane olub. Çünki hava limanı Rusiya ilə sərhədə yerləşəcəkdi. Bu da beynəlxalq konvensiyalara uyğun deyil. Hökümətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm".
Deputat Qubada kənd yollarının bərbad vəziyyətdə olduğunu da deyib: "Camaatı Quba-Bakı yolu deyil, kəndlərdəki yollarının vəziyyəti maraqlandırır. Əsaslı vəsait qoyuluşlarında kənd yollarına ayrılan pul artırılmalıdır".
Şamaxı-Quba yolunun çəkilişindən söz açan deputatın fikrincə, bu yol həm də hərbi-strateji məqsədlidir.

Bahar Muradova:
"Azərbaycana
qarşı qaralama
kampaniyası aparılır"

"Beynəlxalq aləmdə Azərbaycana qarşı qaralama kampaniyası aparılır. Buna görə də beynəlxalq təşkilatlarla mübarizə aparmaq məcburiyyətində qalırıq".
Bunu Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlamentin iclasında deyib.
O bildirib ki, bu yaxınlarda QHT-lərə Dövlət Dəstəyi Şurası ilə memorandum imzalanıb. Bu isə QHT ilə daha geniş aspektdə işlərin görülməsi və təcrübələr öyrənilməsinə imkan yaradır: "QHT-lərlə işləyərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Beynəlxalq qurumlar qrantlar ayıraraq Azərbaycanda öz istəklərini yerinə yetirməyə cəhd edirlər. Bunun qarşısını ala bilmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait artırılmalıdır. Hazırda bu vəsait 6 milyon manatdır. Düşünmürəm ki, bu rəqəm yetərli göstəricidir".
Bahar Muradova dini maarifləndirmə məsələsinə də diqqət çəkib: "Düşünürəm ki, dini radikalizmin qarşısının alınmasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti ciddi nəzərə alınmalıdır. İcmaların maliyyələşdirilməsi üçün vəsaitlərdən istifadə olunur. Sözügedən icmaların maliyyələşməsi üçün aidiyyəti quruma ayrılan vəsait artırılmalıdır. İnanıram ki, büdcə zərfinin hazırlanması zaman bu məsələlər nəzərə alınacaq. Bu məsələdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də vəsaitin ayrılmasına da ehtiyac var".

Valeh Ələsgərov:
"Azərenerji" problemləri həll etməsə, maliyyə
itkisi ilə üzləşəcəyik"

"Bu gün TANAP VƏ TAP layihələrinə, Bakı-Tbilisi-Ceyhan xəttinə pul ayırmasaq, vəziyyətimiz necə olar? Bura pullar xərclənirsə, bu məqsədyönlü və əhalinin rifah halının yaxşılaşdırılmasına görədir. Hökumət üzvləri Azərbaycan xalqının mənfəətini nəzərə alıb".
Bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib. O, neftin qiymətinin düşəcəyi təqdirdə, Azərbaycana dəyə biləcək ziyan barədə səslənən fikirlərə münasibət bildirib.
Valeh Ələsgərov deyib ki, Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb: "Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Ona görə də tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram".
Vitse-spikerin sözlərinə görə, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil: "Hər bir sahəyə qoyulan puldan gəlirlər əldə edilir. Amma kimsə demədi ki, büdcəmizə nə qədər gəlir gələcək. Ayrılan vəsaitlərin nəticəsi barədə də danışmaq lazımdır".
Valeh Ələsgərovun fikrincə, energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır: "Azərenerji" bununla bağlı problemləri aradan qaldırmalıdır. Yoxsa, biz maliyyə itkisi ilə üzləşəcəyik".

"Dövlət sahibkarlara
şərait yaratsın ki, sosial evlər tikə bilsinlər"

"Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün ölkədə yoxsul insan yoxdur".
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev büdcə müzakirələri zamanı çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur.
"Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin".
Deputat digər bir təkliflə çıxış edərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib.
"Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır".
Aydın Mirzəzadə: "Bakıda binaların tikilməsi ilə bağlı "qırmızı cizgi" müəyyənləşməlidir"
"Cəbhədəki son vəziyyət göstərdi ki, Azərbaycan ordusu istənilən təxribatın qarşını ala bilər". Bunu YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, 2015-ci ilin dövlət büdcəsində hərbi sahəyə ayrılan vəsaitlərin artırılması çox yaxşı haldır: "Azərbaycan Silahlı Qüvvələrinə diqqətin artırılması, yeni hərbi texnikaların alınması, hərbi peşəkarlığın artırılması Azərbaycanın ordusunun Ermənistan tərəfinin istənilən təxribatına cavab verə biləcək vəziyyətə gətirib çıxarır. Noyabrın 12-də təmas xəttində baş verən hadisə və Ermənistanın susması bir çox qənaətə gətirib çıxarır. Azərbaycanın hərbi gücünün artırılması Dağlıq Qarabağ münaqişənin həllində öz müsbət təsirini göstərəcək".
Deputat gələn ilin dövlət büdcəsində sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manatın gələcəkdə artırılmasını da təklif edib.
Aydın Mirzəzadə qeyd edib ki, büdcədən hər il sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsaitin 10 milyon manat artırılması elə də yüksək məbləğ deyil: "Bununla insanların mənzil problemi həllini tapmır. Hesab edirəm ki, mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə vergi müvəqqəti ləğv edilməlidir. Problem həllini tapdıqdan sonra vergi bərpa edilə bilər".
YAP-çı deputat Bakıda binaların tikilməsinin tənzimlənməsi ilə bağlı da fikir səsləndirib. "Bakıda binaların tikilməsi ilə bağlı "qırmızı cizgi" müəyyənləşməlidir və həmin binalar o cizgi çərçivəsində tikilməlidir".
Hüseyn İsgəndərov